Xocalıda hələ çox məzarlar üzə çıxacaq

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin yaxınları, ailələri hələ də gözü yolda və nigarandırlar

Çalışmalıyıq ki, erməni vandalizmi ilə bağlı əldə etdiyimiz yeni dəlil-sübutları dünyanın da diqqətinə çatdıraq

   İşğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində aşkarlanmışdı. Edillidə aşkarlanan kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyətinin dünyaya sübutu baxımından çox vacib idi. Ötən gün daha bir kütləvi məzarlıq Azərbaycan Ordusunun Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən aşkarlanıb. 

Qalıqların Birinci Qarabağ müharibəsi zamanı kənd və yüksəklik uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir. Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş 3 min 890 nəfər soydaşımız hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb.

 Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıblar. Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndinin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar da bunun əyani sübutudur. Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamları da törədiblər. İctimaiyyət nümayəndələrinin fikrincə, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqların olması ehtimalı böyükdür. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə deyib ki, işğaldan azad edilmiş və yeni nəzarətə alınmış ərazilərdə qazıntı işləri aparılarsa, növbəti kütləvi məzarlıqların aşkarlanacağı şübhəsizdir. QAT rəhbəri bildirib ki, 30 ilə yaxın zaman keçsə də, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin yaxınları, ailələri hələ də gözü yolda və nigarandırlar:

 “Ermənilər əsir götürdükləri azərbaycanlıların əksəriyyətini xüsusi amansızlıqla qətlə yetirib və kütləvi məzarlıqlarda basdırıblar. Nə qədər gizlətməyə çalışsalar da, kütləvi məzar yerləri aşkarlandıqca erməni vəhşiliyi də üzə çıxacaq.

 Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı Xocalıda gedən döyüşlərdə əsgərlərimiz şəhid olub, əsir götürülüb. Çoxlarından xəbər-ətər yoxdur, bəzi şəhidlərin nəşləri belə verilməyib, gizlədilib və yəqin ki, sonradan hansısa kütləvi məzarlıqda basdılırıb. Bunlar zamanla üzə çıxacaq. 

Çalışmalıyıq ki, erməni vandalizmi ilə bağlı əldə etdiyimiz yeni dəlil-sübutları dünyanın da diqqətinə çatdıraq. Çünki əksər hallarda əcnəbilər də erməni vəhşiliyini görmək istəmir, susurlar. QHT-ləri, medianı bu işə cəlb etmək lazımdır. Ermənistan rəhbərliyinin yaxasını kənara çəkməsinə imkan verilməməlidir”. 

A.Nağı vurğulayıb ki, aşkarlanmış qalıqların DNT analizi ilə kimlərə, hansı ailələrə məxsus olduğu üzə çıxacaq: 

“Övladlarının məzar yerinin olması belə illərdir həsrət çəkən valideynlər üçün böyük təsəlli olar. Təklif edirəm ki, kütləvi məzarlıqlar aşkarlanan yerlər saxlanılsın və orada abidələr qoyulsun.

  Həm gələcək nəsillər, həm də bölgəyə səfər edən əcnəbi qonaqlar ermənilərin necə vəhşiliklər törətdiklərini əyani görsünlər”.