Narkotika böyük bir biznesdir


Bu cinayətkarlar əməllərindən asanlıqla əl çəkən deyillər

Azərbaycan-İran sərhədinin Cəbrayıl rayonu ərazisində sərhədçilər və dövlət sərhədinin pozucuları arasında atışma baş verib. 
Nəticədə təqib edilən 6 sərhəd pozucusundan biri zərərləşdirilib, 5-i isə sıx qamışlıq və havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşa biliblər. 

Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran vətəndaşı Behnam Balai olması müəyyən edilib. Onun yanında “Kalaşnikov” avtomatı və 3 bağlamada 32 kiloqramdan artıq narkotik aşkarlanıb. 
Sonradan PUA vasitəsilə daha bir cinayətkar aşkarlanıb və saxlanılıb.
İkinci sərhəd pozucusu da İran vətəndaşı olub. 

İran-Azərbaycan sərhədində belə hadisələr illərdir mütəmadi şəkildə baş verir. Hətta narkotik vasitələri ölkəyə keçirmək istəyən şəxslərlə silahlı atışmaya girən əsgərlərimiz bəzən yaralanıb və ya həyatını itirib.
Bu problemə birdəfəlik həll yolu tapmaq mümkündürmü?

Bu barədə “Şərq”ə danışan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bu cinayətkarlar heç vaxt öz əməllərindən əl çəkməyiblər:

“Torpaqlarımız işğal altında olanda ermənilərlə əl-ələ verib öz işlərini həll edirdilər. Amma torpaqlar işğaldan azad olunandan sonra da buradan narkotik vasitələri daşımağa çalışırlar. Müxtəlif ərazilərdən, sərhəd-keçid məntəqələrindən uzaq olan yerlərdən istifadə edirlər.

Ancaq sərhədçilərimiz də bilir ki, bu işlə məşğul olanlar hansı ərazilərdə daha çox fəallıq göstərə bilərlər. Dəfələrlə Dövlət Sərhəd Xidməti (DSX) İrana bu barədə narazılığını bildirib. Onlar da bu məsələlərə diqqət yetirməlidir. Bizim Sərhəd Xidməti ilə İran tərəfi arasında qarşılıqlı yardım haqqında birgə imzalanmış sənəd var. Yəni biz İran sərhədi ilə bağlı olan məsələni İran tərəfinin diqqətinə çatdırırıq. İran da eyni öhdəliyi öz üzərinə götürüb. Amma bəzi hallarda onlar buna əməl etmirlər və səhlənkar yanaşırlar. Baş verən hadisələr həmin koordinasiyanı İranın pozması səbəbindən baş verir. Son vaxtlar DSX dəfələrlə belə halların qarşısını alıb və İrana müəyyən diplomatik yollarla öz fikrini çatdırıb. Amma bu hadisələrin ardı kəsilmir. Çünki bu, çox böyük bir biznesdir. Bir sıra cinayətkar ünsürlər üçün bu biznes çox böyük vəsait gətirir və həmin pullar iri bazarlarda dövriyyə edir”. 

Ekspert bildirib ki, 2-3 nəfərin həbs edilməsi ilə bu iş bitmir:

“Bu, böyük cinayətkar şəbəkədir və təsir dairəsinə daha çox insanı cəlb etməyə çalışır. Belə halların birdəfəlik qarşısının alınmasını gözləmək düzgün deyil. Sadəcə əlimizdən gələn qədər çalışmalıyıq ki, bu faktların sayı azaldılsın. 

Bu, çox çətin məsələdir. Buna görə də sərhəd boyu təhlükəli ərazilərdə daha təcrübəli və hazırlıqlı əsgərlərimizi çıxarırlar. Sərhəd Xidmətinin əsgərləri əllərindən gələni edirlər.  Ancaq istənilən halda, bu hadisələr olub və davamlı şəkildə olacaq”.