Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvü təyin ediləcək Taleh Kazımov kimdir? - DOSYE

Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Taleh Kazımov kimdir? 

"Sherg.az" xəbər verir ki, T. Kazımov 11 sentyabr 1983-cü il tarixində Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

Ailəlidir, iki övladı var.

Peşəkar fəaliyyəti

T.Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir.

O, karyerasını qurmağa gənc yaşlarında başlayıb və təhsil aldığı dövrdə "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 02.2004-cü ildən 09.2006-cı ilədək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.

09.2006-cı ildən 01.2007-ci ilədək T. Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub. 01.2007-ci ildən 07.2007-ci ilədək isə "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

Onun "PAŞA Bank"da fəaliyyəti 07.2007-ci ildən başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 08.2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

12 dekabr 2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib. Korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələri onun kurasiyasında olub.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.

Rəhbərlik etdiyi illərdə "PAŞA Bank"ın uğurları

"PAŞA Bank"a sədrlik etdiyi dövrdə T.Kazımov bankın aktivləri və kredit portfelini artırmağa, kredit portfelinin yüksək keyfiyyətini təmin etməyə nail olub, həmçinin innovativ həllər təqdim edən "Rəqəmsal laboratoriya"nın əsasını qoyub.

2015–2020-ci illər ərzində "PAŞA Bank"ın bir sıra göstəriciləri müsbət yöndə dəyişib:

Bank öz portfelini 287 faiz (3.9 dəfə) böyüdərək ümumi bazar payını 14,3 faizə, korporativ biznes portfelinin bazar payını isə 21 faizə çatdırıb.

Qeyri-işlək portfelin faiz dərəcəsi dəfələrlə azalaraq 16 faizdən 2,8 faizə endirilib (hazırki göstərici ilə bazarda mövcud olan qeyri-işlək portfel əmsalından 2.9 dəfə az).

Kapital gəlirliliyi −0.3 faizdən 30 faizədək qalxıb.

Bankın xalis gəliri 382 mln AZN təşkil edir (bu rəqəm bank yarandığı tarixdən 2015-ci ilədək olan göstəricidən 4.5 dəfə çoxdur).

Əməliyyat xərcləri hazırda ümumi əməliyyat gəlirləri arasında cəmi 35 faiz yer tutur (bu rəqəm 2014-cü ildə 45,7 faiz idi);
İşçi sayının 2.9 dəfə artmasına baxmayaraq, işçi üzrə marjinal gəlirlilik əmsalı 1,5 faizdən 0,9 faizə endirilib.
Bütün növ müştəri müraciətlərinin 2015-ci ildə 28faizi rəqəmsal kanallar üzərindən keçərkən, 2020-ci ildə bu rəqəm Kiçik-orta sahibkarlıq (KOS) bankçılıq üzrə 95 faizə, Korporativ Bankçılıq üzrə isə 83 faizə çatıb. 2020-ci ildə müştəri müraciətlərinin həcmi 2015-ci ilə nəzərən 6 dəfə artıb.

Taleh Kazımovun rəhbərliyi altında "PAŞA Bank" bir sıra nüfuzlu mükafatlarla təltif edilib. Bunların arasında "Azərbaycanın ən yaxşı bankı", "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı" , "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə korporativ sosial cavabdehlik", "Azərbaycanın ən yaxşı investisiya bankı", "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Ən yaxşı özəl bankçılıq", "Azərbaycanın ən yaxşı kommersiya bankı" kimi mükafatları qeyd etmək olar.

Üzvlükləri...

Taleh Kazımov 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və vitse-prezidenti olub. Eyni zamanda 2015–2019-cu illərdə o, "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar şurasının üzvüdür.