Azad isazadə:“Valideyni sadəcə məlumatlandırmaq yox, tapşırıq verib, izah etmək lazımdır"
Əfsanə Rüstəmova:”Yeni nəsillə işləmək üçün onları və onların anlatım tərzini öyrənməliyik. Hər iki tərəfə keçmiş olsun"
Son illər Azərbaycanda uşaqlar arasında intihar hallarının artması müşahidə olunur. Ekspertlər bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Psixoloqların fikrincə, ailələrin çoxunda uşaqların problemələrinə yanaşma tərzi formalaşmayıb. Mətbuata müsahibə verən psixoloq Fərqanə Mehmanqızı da bu barədə təəccüb doğuran fakt ortaya qoyub: “Dedim, uşaq intihara meyillidir, valideyn aparıb uşağı döyüb ki, “niyə intihar etmək istəyirsən” ".
Bu hadisədən yola çıxaraq düşünürük ki, artıq SOS siqnalı çalmağın vaxtıdır.
Ömürlərinin çiçək vaxtında ölümün mahiyyətini başa düşməyən intihara meylli uşaqların valideynləri necə davranmalıdır?
"Sherg.az"ın sualını cavablandıran psixoloq Azad İsazadə deyib ki, valideynlə danışanda ehtiyatlanmalıyıq:
"Uşaqda intihar meyli yaranıbsa, səbəbin elə valideyn olmasını istisna etməməliyik. Valideynin uşağa münasibəti ilə intihar meyli yaranması mümkündür. Uşağın yaxınları, dostları, bacı, qardaşı da intihar fikrinin mənbəyi ola bilər. Psixoloq valideynlə yumşaq danışmalıdır. Deməməsi isə mümkünsüzdür, onda məsuliyyət bizim boynumuza düşür. Valideyni sadəcə məlumatlandırmaq yox, tapşırıq verib, izah etmək lazımdır".
Psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə, intihara meyilli uşağın valideyni ilə söhbətin gedişatı əvvəlcədən təxmin edilməli idi:
"Təxmin dediyim uzaqgörənlik mənasına gəlmir. Uşağın hadisələri anlatım şəklindən ailə vəziyyətinin tablosu çəkilə və məlumat ailəyə bu rəsmə baxaraq anladıla bilərdi.
Əlbəttə, hər işdə əskiklik yaşanır. Amma ixtisasımızdan qaynaqlı bizim işdəki əskiklərin nə ilə nəticələnə biləcəyini ehtimalını düşünmək qorxuludur. Ona görə diqqətli davranmaqda fayda var. Sözügedən hadisə yenidən daha əvvəllər üzərində dayandığımız bir məsələni gündəmə gətirir. İxtisaslaşmaq!
Hətta ixtisası psixoloq olsa belə, hər kəs intihara meyilli şəxslərlə işləyə, uşaq qəbulunu gerçəkləşdirə bilməz. Mütləq saydığımız alt başlıqlarda ixtisaslaşıb sonra konsultasiya etmək lazımdır.
Əks halda nəticə narahatlıq doğurur. İnsanların həyatına birbaşa təmasdaykən hər kəs ekstra həssas davranmalıdır. Heç birimiz belə hadisədən sığortalanmamışıq. Bunun üçün daim mütaliə etməli və yeni nəsillə işləmək üçün onları və onların anlatım tərzini öyrənməliyik. Hər iki tərəfə keçmiş olsun".