Hüseyn “aşiqləri”! – “Onlara Həsənov, yaxud da “İphone” “sürüsü” demək olar” – Kütlə psixologiyası!


Sahib Altay:”XXI əsrdə də eyni sürülər mövcuddur: "İphone", "KFC" Coca Cola",  "McDonalds" sürüləri”

Mədinə Rəsulova:“Adıçəkilən şəxsi “ilahiləşdirmək”, bir-birinə şiddət göstərmək acı bir görüntüdür. Azad seçkilər həmin gənclərə “siz bizim gələcəyimizsiz” deyib onlara verilsə, özləri kimi seçərlər?! İnkişafları narahatedicidir"


Sosial şəbəkədə fenomen olan, Rusiyada yaşayan bloqer Hüseyn Həsənov dünən Bakıda fanatları ilə görüşüb. Görüşdə izdiham yaşanıb. Xeyli sayda pərəstişkarı, xüsusilə gənclər toplaşıb.
Bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

H.Həsənov 28 MALL ticarət mərkəzində "İphone" markalı telefon paylayacağını əvvəlcədən bildirib.
Qeyd edək ki, Rusiyanın ən populyar videoblogerlərindən sayılan Hüseyn Həsənov Sankt-Peterburqda anadan olub, bu şəhərin iqtisadiyyat universitetinin iqtisadiyyat və maliyyə fakültəsini bitirib. Restoran biznesinə sahibdir.

Bloqerin özünün dediyinə görə, “İnstagram” səhifəsində bir reklam paylaşımının qiyməti 600-700 min rubla bərabərdir, hər bir paylaşım isə 33 milyondan çox baxış sayı toplayır. Hazırda onun “İnstagram” səhifəsinin 6,6 milyon abunəçisi var.

Gündəm hadisəylə bağlı fikirlərini "Sherg.az"la bölüşən sosioloq Sahib Altay bildirib ki, insan müəyyən xüsusiyyətlərinə görə, təbiətdəki digər canlılardan fərqlənir və mədəniyyət yaradıcısıdır:

"Bəzən eyni mənalı sözü işlətdikdə eqoizm fonunda insanlar kütləvi şəkildə hücum çəkirlər. Sürü kəlməsini nəzərdə tuturam. İnsan digər canlılar kimi həm praktiki, həm də düşüncə baxımından sürü təfəkkürünə əsaslanır. Toplum iki hissədən ibarətdir: fərdlər və kütlə. Kütlənin hər bir nümayəndəsi fərd adlanır. Təfəkkür baxımından yanaşan fərdlər isə yeni, fərqli düşünə bilirlər. Kütlə isə səviyyəsindən aslı olmayaraq, sürünün fikriylə razılaşır, fərqli düşünmür. Yalnız bir qəlibin ətrafında birləşir. Tutalım, hansısa çayın o tayından, bu tayına keçmək istəyən heyvan sürüsü bir yerdə dirənir. Sürünün önündə gedənlərdən biri tullanaraq yataqdan keçir. Digər üzvlər təhlükəsizliyi görərək hərəkəti təkrarlayırlar. İnsan da belədir. 5 nəfər bir obyektin qarşısına yığışırsa, digəri də yaxınlaşır".

S.Altayın sözlərinə görə,  təbiətimizdən gələn mahiyyət dəyişmir:

"Min illər öncə mağaralarda ovçuluq, yığıcılıq, yeni ərazilər kəşf etmək istəyən insan sürüləri var idi. XXI əsrdə də eyni sürülər mövcuddur: "İphone", "KFC" Coca Cola",  "McDonalds" sürüləri. İstənilən brendin təmsilçisi olan obyektin qarşısına gedəndə izdiham görürük. Təbiət balacaya sevgi duyur. Pələng, aslan ac ikən ceyranın balasını yeyir, lakin tox vaxtı aslan sürüsü ceyran balası ilə oynamağa başlayır. Niyə ? Çünki sürü təfəkküründən irəli gəlir. Hər balaca həyatdakı canlılığın nişanəsidir. Bu gün insanların diqqətini çəkmək üçün supermarketlərin qapılarına, pəncərlərinə uşaq şəkilləri yerləşdirilir. Halbuki marketdə minlərlə ərzaq var. Balacaya qarşı sevgi insanı marketə sürükləyir. Sürü təfəkkürü hər yerdə işləyir. Həmin hadisəni də “Hüseyn Həsənovun sürüsü”, yaxud "“İphone” sürüsü” saymaq mümkündür. Dünyanın başqa ölkələrində də belədir. Lakin səviyyə fərqlidir. Almaniyadakı insan sürüsü ilə Azərbaycan sürüsünün fərqi ölkələrin yaşayış və düşüncə səviyyəsinə görədir. Bir sürü "İphone" arzulamaqla özü ilə qürur duyur, digəri isə "Nokia"nı istəyir".

Psixoloq Mədinə Rəsulovanın sözlərinə əsasən, yeniyetmələrin çoxluq təşkil etməsi sosial şəbəkələrə  axın və Hüseyn kimi fenomenlərə maraqdan irəli gəlir:

"Sözügedən fenomenlər pərdəarxasını göstərmir. Hər zaman yaxşı, imkanlı, estetik tərəflərini nəzərə çatdırırlar. Yeniyetmələrin analiz qabiliyyəti, təhsili yüksək səviyyədə olarsa, məntiqi, intellektual zəka ortaya çıxardı.  Görüşü baş tutan şəxs önəmli biri deyil.  Onun aktiv həyatına nəzər salsaq, görərik, həqiqətən cəmiyyət üçün yararlı şəxs deyil. Adıçəkilən şəxsi “ilahiləşdirmək”, bir-birinə şiddət göstərmək acı bir görüntüdür. Azad seçkilər həmin gənclərə “siz bizim gələcəyimizsiz” deyib onlara verilsə, özləri kimi seçərlər?! İnkişafları narahatedicidir".

Psixoloq düşünür ki, kütlə psixologiyasının da təsiri mövcuddur:

"10 nəfərlik qrupda deyilir, "bir nəfər gələcək, üç dəqiqədən sonra ayağa qalxıb əl çalacaqsız". Bir nəfər xəbərsizdir. Digərləri alqışlayanda, o da qalxıb əl çalacaq. Yüksək özvügüvən də önəmlidir. Belə halda axının arxasınca getməzdilər".