Tehran məntiqin qarşısında baş əyir

İran iqtisadi fəallığını artırmaqla Zəngəzur dəhlizindən yalnız fayda götürə bilər


     Ermənistan parlamentinin sədri Alen Roberti Simonyan İrana səfər edib. O, İran Prezidenti İbrahim Rəisi də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirib. İbrahim Rəisi Simonyanla görüşündə belə bir ifadə işlədib: “İran Hind okeanı və Fars körfəzi, Qara dənizdən Avropaya qədər uzanan regionda yerləşən bölgə xalqları arasında yaxınlaşmanın gücləndirilməsi, sülh və rifahın təməllərini formalaşdıran yüksək geopolitik potensiala malikdir”. 

Rəisi burada Fars körfəzi-Qara dəniz nəqliyyat koridoru mövzusuna işarə edir və bu dəhlizlə özünün proseslərdəki rolunu artırmağa çalışan təşəbbüsləri ortaya qoyur. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian iranlı spikerlə görüşündə həmin məsələni daha aydın ifadə edib. Əslində İran Azərbaycan və Türkiyənin başlatdığı Zəngəzur dəhlizinin texniki-iqtisadi tərəflərinə qarşı dirəniş göstərməyib. Tehranın həzm etmədiyi məsələ bu dəhlizin sərhəd dəyişikliyi kontekstində reallaşma imkanlarıdır. Buna görə də İran bir ara Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsini Ermənistanla əl-ələ verərək ayaqda saxlamağa çalışdı. Ancaq bunun üçün lazım olan təminatı toplaya bilmədi. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Azərbaycanın regionda sürətlə böyüyən gücü İranın planlarını dəyişdirməyə vadar etdi. Onun sözlərinə görə, İranın həmin dəhliz ideyası Zəngəzur dəhlizinə inteqrasiya oluna bilər: 

“2021-ci ilin dekabrında İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun işə salınacağı bildirildi. Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək. 2022-ci ilin martında Azərbaycanla İran arasında Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən nəqliyyat xəttinin çəkilməsi üçün razılıq əldə edildi. Zəngəzur dəhlizinə beynəlxalq marağın artması və Çinin də burada maraqlarının olması həmin layihəni daha cəlbedici edir. Orta dəhliz imkanlarını artırır və onu böyük investisiyalara hazır vəziyyətə gətirir. Nəzərə almaq lazımdır ki, İran layihəsinin ilkin nüsxəsində yer alan Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan bu marşrut üçün pul xərcləməkdə xəsislik edəcəkdi. Sanksiyaların tətbiq edildiyi İran isə digər ölkələrin yerinə vəsait ayırmaq gücündə deyildi. Yəni layihənin təşəbbüskarının geosiyasi vəziyyəti, maliyyə problemləri həmin nəqliyyat dəhlizinin gerçəkləşməsinə imkan vermədi”.
A.Kərimov vurğulayıb ki, İran Türkiyəni də prosesə cəlb etmək istəyirdi. Lakin iki ölkə arasındakı rəqabət və maraq toqquşmaları Ankara-Tehran müştərək marağını yarada bilmədi: “İran öz layihəsinin perspektivsiz və risklərlə zəngin olduğunu dərk etdi və nisbətən yumşaldı. Rəisinin Simonyana həmin dəhlizi xatırlatması, Zəngəzur dəhlizinə inteqrasiya kontekstində dəyərləndirilməlidir. Hərçənd, bundan sonra da Tehran Zəngəzur dəhlizinə rəqib kimi Fars körfəzi-Qara dəniz xəttini tezis kimi ortalığa atacaq. Rəisi açıqlaması ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında İranın iştirak payına da toxunub. Təbii ki, İranın sülhyaratma təşəbbüsündə effektiv iştirakını gözləməyə dəyməz. İran yalnız Zəngəzur dəhlizi məntiqində iqtisadi fəallığını artırmaqla özünə fayda götürə bilər. Nəticə etibarı ilə İranla Ermənistan Azərbaycana qarşı kollektiv maraq yarada bilməyəcək. Fars körfəzi-Qara dəniz layihəsi Zəngəzur dəhlizinin məntiqində əriyib gedəcək. Amma İran həmin layihənin aktuallığından imtina etməyəcək. Azərbaycanla İran iqtisadi prioritetlərini təkmilləşdirəcək”.