Fərid Şahbazlı: "Yaxşı olar ki, regionlarda yaşayan gənclərin də öz rayonlarında baş verən sosial-siyasi problemlərin işıqlandırılmasında, ictimai-mədəni həyatında aktiv rol alsınlar"
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Bu günümüzün əsas çağırışlarından biri də məhz gənclərin sosial və siyasi fəallığının artırılması, vətəndaşlıq təəssübkeşliyindən çıxış edərək dövlət maraqlarımızı yüksək səviyyədə qoruması, internetin imkanlarından bəhrələnərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini verməkdir.
Prezident İlham Əliyev dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında gənclərin təmsil olunmasını qarşıya mühüm vəzifə kimi qoyub.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyət göstərir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Sosial problemlərinin həlli, onların ictimai-siyasi fəallığının artırılması məsələləri dövlətin daim diqqət mərkəzindədir.
Qeyd edək ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib və ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər.
Ölkəmizdə çoxlu sayda fəal gənclər təşkilatı var ki, onların həyata keçirdiyi müəyyən layihələr də bu məqsədə xidmət edir. Bu layihələr vasitəsilə gənclər təşkilatları bütövlükdə vətəndaşların sosial fəallığının artırılmasına nail olurlar. Buna nümunə kimi pandemiya dövründə həyata keçirilən layihələri göstərə bilərik. Koronavirusdan qorunmaq, karantin qaydalarına əməl etmək, ahıl insanlara, aztəminatlı ailələrə dəstəklə bağlı atılan addımlar, gerçəkləşən layihələr sosial baxımdan vətəndaşların fəallığını artırıb. Bütövlükdə isə vətəndaşların sosial fəallığının artması cəmiyyətimizin inkişafına xidmət edir.
Vacib məqamlardan biri də gənclərin sosial fəallığının artırılması, eyni zamanda onların bu baxımdan aktivliyinə töhfə verməkdən ibarətdir. Bəs bu istiqamətdə mövcud vəziyyət necədir? Azərbaycan gəncliyi bu gün ölkədə baş verən sosial-siyasi problemlərinin həllində nə dərəcədə fəaldır?
"İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlının “Şərq”ə açıqlamasına görə, istənilən cəmiyyət üçün ən mühüm amil gənclərin sosial və siyasi fəallığının artırılmasıdır. Sosial və siyasi fəallığının artırılmasının digər mühüm əhəmiyyəti dövlətin milli təhlükəsizliyi və özünümüdafiəsi ilə bağlıdır. Cəmiyyətdə insanların sosial və siyasi fəallığı yoxdursa, bu boşluğu zərərli və təhlükəli ünsürlər, radikal qruplar doldurur:
“Azərbaycan gəncliyi ölkədəki sosial-siyasi problemlərin həllində müxtəlif formalarda iştirak edirlər. Azərbaycan gəncliyi hakimiyyətin müxtəlif qollarında təmsil olunur. Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. Bu gün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm mərkəzlərindən, yəni olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər. Gəncliyimiz tarixin bütün mərhələlərində Azərbaycan dövlətinin, dövlətçiliyinin yanında olub, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. Müstəqilliyimizin əldə olunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu var. Xüsusən də hakimiyyətin əsas qollarında məmur vəzifəsində çalışan gənclər mövcud siyasi-sosial problemlərin həllində yaxından iştirak edir, müxtəlif layihələrdə yer alır, həlledici təkliflərlə çıxış edirlər. Birləşdikləri vətəndaş cəmiyyətləri, gənclər təşkilatları vasitəsilə onların aktiv iştirakının şahidi oluruq. Amma bunlar yetərli deyil! Müəyyən çatışmazlıqlar da var. Yaxşı olar ki, regionlarda yaşayan gənclərin də öz rayonlarında baş verən sosial-siyasi problemlərin işıqlandırılmasında, ictimai-mədəni həyatında aktiv rol alsınlar”.
Azərbaycan gəncliyinin qarşısında mühüm və böyük vəzifələr durduğunu vurğulayan F.Şahbazlı deyib ki, gənc nəsil ona bəslənən etimadı hər zaman doğruldacaq:
"Gəncliyimizin inkişafına yönələn bu siyasət gənc nəslin inkişafına layiqincə şərait yaradır. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir. Ona göstərilən diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi isə daim dövlətin yanındadır. Gənclər bundan sonra da öz əməlləri ilə onlara göstərilən etimadı doğruldacaqlar”.