Milli reytinq agentliyinin fəaliyyət istiqamətlərini uyğunlaşdırmaq çətin olmayacaq
Azərbaycan Mərkəzi Bankı milli reytinq agentliyinin yaradılması imkanlarını nəzərdən keçirir.
Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, hazırda Mərkəzi Bank bu sahədə beynəlxalq təcrübəni öyrənir.
İqtisadçı-ekspert Cəfər İbrahimlinin “Şərq”ə açıqlamasına görə, reytinq qurumları bankları, şirkətləri risk dərəcələrinə görə kateqoriyalara bölür. Onların verdiyi reytinq balı əsasında hər hansı bir şirkətin aktivləri, xarici valyuta mövqeyi, ödəniş qabiliyyəti üçün risk dərəcəsi bəlli olur:
“Daha dəqiq desəm, reytinq agentlikləri bankların və ya iri korporasiyaların ödəmə qabiliyyətinin, borc öhdəliklərinin, korporativ idarəetmənin keyfiyyətinin, aktivlərin idarə edilməsinin keyfiyyətinin və s. nüansların qiymətləndirməsini həyata keçirən kommersiya qurumlarıdır.
Reytinq agentliklərinin ən populyar məhsulu – kredit reytinqləridir. Bu reytinq özündə borc öhdəliyi ilə əlaqədar ödəməmə riskini əks etdirir və faiz dərəcələrinin həcminə, borc öhdəliklərinin dəyərinə və gəlirliyinə də təsir edir. Bu zaman ən yüksək reytinq minimum ödəməmə riskinə müvafiq olur.
Reytinq agentliklərinin reytinq qiymətlərinin hesablanması və açıqlanmasının bir-birindən fərqlənməsinə baxmayaraq yenə də ümumi qanunauyğunluğu görmək mümkündür. Reytinq agentlikləri banklara, korporasiyalara və müstəqil dövlətlərə verdiyi suveren reytinqlərdən əlavə, həmçinin də bir və ya altı aylıq proqnozlar da verirlər.
Azərbaycanda milli reytinq agentliyinin yaradılması ilə bağlı uzun müddətdir müzakirələr gedirdi. Ölkədəki iqtisadi subyektlərin risk dərəcələri qiymətləndirilib elan olunacaq. Agentliyin verdiyi bala uyğun olaraq da investorların bank və ya şirkətlərin performansı, səhmlərinin gələcək bazar qiymətlərinə dair gözləntiləri müəyyənləşəcək”.
C.İbrahimlinin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar və beynəlxalq aləmdə əməliyyatları olan böyük şirkətlərin maliyyə mütəxəssisləri tərəfindən dünyanın aparıcı reytinq təşkilatlarının fəaliyyəti yaxından izlənilir.
Onların reytinq ölçə, bal vermə, qiymətləndirilmə prinsipləri demək olar ki, artıq mənimsənilib. Ölkəmizdə bu sahədə kifayət qədər yetişmiş kadrlar var. Bu baxımdan milli reytinq agentliyinin fəaliyyət istiqamətlərini uyğunlaşdırmaq çətin olmayacaq.