Peşə məktəblərində tələbələrə hibrid avtomobillərin sirlərinin öyrədilməsi təqdirəlayiqdir
Bu ildən etibarən peşə təhsili müəssisələrində tələbələrə hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.
Nəqliyyat eksperti İlqar Hüseynli “Şərq”ə açıqlamasında məsələnin kifayət qədər aktual və əhəmiyyətli olduğunu deib: “Bu gün hibrid avtomobillərə tələbat artmaqdadır və ölkəmizdə kifayət qədər hibrid avtomobillər mövcuddur.
Bütün dünyada olduğu kimi ölkəmizdə də hibrid texnologiyanın tətbiqi və elektromobillərə keçid sürətlənir.
Çünki təbii resursların istifadəsinə qənaət və ekologiyanın mühafizəsi baxımından hibrid avtomobillər daha sərfəlidir. Araşdırmalara əsasən, ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər zərər vurur. Odur ki, ölkəmizdə də belə stimullaşdırıcı tədbirlərlə ekoloji və maddi baxımdan əlverişli olan hibrid avtomobillərə marağı artırmaq olar.
Xatırlayırsınızsa, yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ilə bağlı bir sıra vergi güzəştləri tətbiq olunub. Ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması baxımından Vergi Məcəlləsinə edilən bu dəyişikliklər çox əhəmiyyətli bir addım idi”.
Ekspertin sözlərinə görə, ölkəyə gətirilən hibrid avtomobillərin sayı artdıqca xidmət sahəsində də müəyyən yeniliklərin olması zəruri tələbdir. Bu mənada peşə təhsili müəssisələrində tələbələrə hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqların öyrədilməsi təqdirəlayiqdir:
“Hazırda bu sahədə ciddi mütəxəssis çatışmazlığı var. Ölkəmizə gətirilən hibrid avtomobillərin sayının artması sevindirici hal olsa da, yeni istiqamət olduğu üçün bununla bağlı bir sıra çətinliklər də yaşanır. Alınan hibrid avtomobillərin arasında ikinci əl və ya müxtəlif xüsusi servis kampaniyalardan keçməyənləri də olur. Əsas məsələ isə problemi olan hibrid avtomobilləri təmir edə biləcək təcrübəli ustaların azlığıdır. Ölkəmizdə bu avtomobillərin texnologiyasını bilən, mühərikklərini saz vəziyyətə sala biləcək ustalara ciddi ehtiyac var. Bu mənada Peşə Təhsili üzrə Dövlət Agentliyinin hibrid avtomobillər üzrə mütəxəssis yetişdirmə qərarı müsbət haldır”.