Bu qadınların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanıdır
"Əgər anlıq qərarla gənclər sərbəst yaşamağa başlasa, mən 10 il sonra cəmiyyətin necə olacağını təsəvvür edə bilmirəm"
Son zamanlar evdən qaçan gənclərin sayı artır. Nə qədər acınacaqlı olsa da, belələrinin arasında qızlar çoxluq təşkil edir. Araşdırmalara görə, evdən qaçma halları daha çox yeniyetmələr arasında baş verir. Bu, əsasən 15-20 yaşa təsadüf edir. Yetkinlik dövrünü yaşayan gənclər üçün ailələrin, cəmiyyətin, məktəbin qoyduğu qaydalar və təzyiqlər bəzən onların səbrini daşdırır və onlar bu qaydalardan can qurtarmaq üçün evdən qaçmağı bir həll yolu kimi görürlər. Qızların evdən qaçmasının səbəbləri müxtəlifdir. Amma son günlər sosial şəbəkələrdə tanışlıq amili digər səbəbləri geridə qoyub.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qızların evdən qaçmasına ya ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər iki variantda isə valideynlər günahkardır: “Evdən qaçan qızların əksəriyyəti valideyn məsuliyyətsizliyinin qurbanıdır. Adətən belə olur. Ana işləyir və hesab edir ki, analıq funksiyasını yerinə yetirib. Ata isə əksinə, qızı ilə söhbət etmək istəmir. Bu zaman da pərdə anlayışını əsas gətirirlər. Uşaq dayənin yanında böyüyür, sonradan da məktəbin ixtiyarına verilir. Buna görə də uşaqlar kənardan gələn informasiyanın həqiqət olduğuna inanır, yad təsirlərin altına düşürlər. Halbuki, valideynləri qızla danışmalı, kənarda baş verənlər haqqında məlumat verməlidirlər. Bəzən ana evdən çıxmır, cəmiyyətdə baş verənlərdən məlumatsız olur. O zaman ata qızla söhbət eləsə, yaxşı olar”.
Psixoloq Sənubər Yusubovanın sözlərinə görə, hər insan sərbəst qərar vermək seçiminə malikdir, amma bu o demək deyil ki, valideynin, cəmiyyətin, illərlə bizə ötürülən ailə dəyərlərini heçə sayıb, sərbəst həyat sürsün. Əgər evdən qaçmaların arxasında fiziki və mənəvi şiddət dayanırsa, bu məsələ araşdırılmalıdır:
“Ailədən aldığı tərbiyə həmin uşaqların formalaşmasına təsir edir. Ona görə, bir anlıq verilən həmin qərarın səbəbləri araşdırılmalıdır. Əgər bu anlıq qərarla gənclər sərbəst yaşamağa başlasa, mən 10 il sonra cəmiyyətin necə olacağını təsəvvür edə bilmirəm.
Ona görə də öncə şiddətin səbəbləri araşdırılmalı, ailə reabilitasiya edilməlidir. Ailələr özləri də bəzi şeyləri qorumadığı üçün indi gənclərin psixoloji vəziyyəti heç də yaxşı vəziyyətdə deyil.
Gənclərin yalnız öz istəklərini önəmsədiyi dövrdə onlara çox sərbəstlik vermək, gələcəkdə pis nəticələrə gətirib çıxara bilər. Əgər həmin uşaq ailədən şiddət görürsə, o özü də gələcəkdə şiddət göstərəcək.
Ona görə də belə hallarda ailələrə psixoloji dəstək vermək lazımdır. Avropa kimi cəmiyyətdə uşaqlar buna öncədən hazırlanır, bizdə isə yox. Ona görə bizim kimi cəmiyyətdə gənclər buna hazır olmadığı üçün onların gələcəkləri təhlükə altında olur".