Azərbaycanda abort statistikası insanın tükünü ürpədir
İstənilən sinif otağının qapısını açın, görəcəksiniz ki, valideynlər qız övladına qarşı necə qəddardır
Oğlun yoxdu - sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.
Bu misralar oğul övladı olmadığı üçün ona sonsuzmuş kimi baxan insanlara, hətta bütöv bir cəmiyyətə dəyərli şairimiz Məmməd Arazın üsyanıdır. Hər dəfə selektiv abortlar məsələsi gündəmə gələndə şairin bu misraları niyə yazdığını daha yaxşı anlayıram.
Azərbaycanın dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdə olması cəmiyyətdə ciddi fikir ayrılığı yaradıb. Problemin kökü qalıb kənarda, insanlar sosial şəbəkələrdə “günah keçisi” axtarışına çıxıb. 7-dən 77-yə hamı bu mövzuda post açıb daha ana bətnindəcə məhv edilən qızların qatilini axtarır. Halbuki, selektiv abortlar insanlığa qarşı haqsızlıq, təhqirdir. Qadınla kişi arasında bərabərliyə zidd, ən təhlükəli vasitədir. Hansı ki, biz gender bərabərliyindən danışırıq, lakin bu bərabərliyi pozan birinci amil selektiv abortlardır.
Kimi üçün müqəssir bətnindəki canlı dölü məhv etdirən ana, kimisi üçün abortu icra edən həkim, bir çoxları üçün də ananı və həkimi bu cinayəti törətməyə vadar edən stereotiplərdir. Axı bizim mentalitetimizin yazılmamış qanunları var: “Oğul düşmən çəpəridir”. Oğul övladı olmayan ailənin nəsli davam etməz, yurdu “boş” qalar. İnsanların beyninə qazınmış bu deyimlər o qədər amansızdır ki, hər ana bu təzyiqlər qarşısında dayanıb öz haqlarını, bətnindəki övladının həyatını müdafiə etmək iqtidarında deyil. “ Oğlan olmasa, abort etdirərsən”, “Bu dəfə də qız doğsan, evə gəlmə” deyən ərlər haqqında azmı eşitmişik?! 2-3 qızdan sonra onu atıb başqa bir qadından nikahdankənar oğlan sahibi olan, oğlan doğmadığı üçün həyat yoldaşlarının mənəviyyatı ilə oynayan, təhqir edən yüzlərlə kişi var. Hətta bu səbəbdən boşanan yüzlərlə ailə tapmaq olar. Bu təhqirlər tək qadınlarımıza deyil, həm də onların dünyaya gətirdikləri qızlaradır. Çünki ataları onlarla kifayətlənməyib oğul arzulayır, arzusuna çatmayanda qızlarını, onların anasını atır və ya onlara çox pis şəkildə xəyanət edir.
Analarımız da süddən çıxmış ağ qaşıq deyil. Zaman-zaman qadınların dilindən qürurla deyilən bu cümləni də eşidirik: “Mən bu ailə üçün oğul doğmuşam”. Bu qadınlar üçün oğul sahibi olmaq psixoloji baxımdan o deməkdir ki, o, bu ailənin üzvünə çevrilib, hörmətə, ehtirama layiqdir, çünki varis doğub və ərinin soyadı davam edəcək.
Pediatr Vaqif Qarayevin də öz feysbuk hesabında yazdığı kimi hansı qadın məsləhətxanasına getsəniz bətnindəki qız uşağını məhv etmək istəyən kifayət qədər qadın görəcəksiniz: “Həmişə bu məsələ müzakirə olunanda həkimləri qınayırdılar, bu dəfə xəta sovuşdu, günahı analarda görürlər”.
Psixoloqlara görə, selektiv abortların konkret günahkarı yoxdur. Hər kəsin özünə görə haqlı-haqsız səbəbləri var. Problemin əsl səbəbi cəmiyyətin mental amilləridir. Bu ənənənin təməli müharibələrin tez-tez baş verdiyi, kişilərin döyüşlərdə həlak olduğu, əkmək, becərmək, ov etmək üçün işçilərin az olduğu dövrdə qoyulub… Oğlan uşaqlarının sayının çox olması ailənin bir tikə çörəyinin olacağı, heç kimin acından ölməyəcəyi anlamına gəlirdi. Bu ənənə əsrlərdir qorunub və ailədə oğlan kultu indiyə qədər mövcuddur.
Ginekoloq Nərmin Həsənli isə “Şərq”ə açıqlamasında deyib ki, qərb ölkələri ilə müqayisədə bizim ölkəmizdə edilən abortlar daha çox qız uşaqlarına qarşı yönəlib. Əhalinin abortlar haqqında geniş maarifləndirilməsinə, abortların qadın orqanizminə verdiyi fəsadlara rəğmən selektiv abortların sayı günü-gündən artmaqda davam edir:
“Bir praktiki mama-ginekoloq kimi müraciət edən qadınları nə qədər fikirlərindən daşındırmağa çalışsaq da, abortların qarşısının alınmasında istədiyimiz nəticəni əldə edə bilmirik.
Ananın həyatı üçün bir təhlükə olmadığı təqdirdə abortu düzgün hesab etmirəm və bu məqsədlə mənə müraciət edən pasiyentləri qəbul etmirəm. Amma bu məsələ həkimlərin vicdanı ilə öz həllini tapacaq bir problem deyil. Mən etmirəm, amma başqa bir klinikada başqa bir ginekoloq çox asanlıqda bu əməliyyatı icra edir.
Problem abortlar haqqında dövlət əhəmiyyətli qanunun mövcud olmamasından qaynaqlanır”.
Sosioloq-jurnalist Lalə Mehralı isə böyük təəssüf hissi ilə deyib ki, biz insanlarımıza abortların genefondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik:
"Biz illər əvvəl deyəndə ki, selektiv abortların sayı vaxt olacaq üzümüzə özünün mənfi nəticələri ilə qayıdacaq. Cəmiyyət bizi ciddi qəbul etmədi.
Azərbaycan vətəndaşlarının oğlan sevgisi, qızların hər zaman bir əşya kimi qəbul edildiyini bilirik. Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək. Selektiv aborta müraciət edən hər bir qadın birbaşa demoqrafik göstəricilərə zərbə vurmuş hesab olunur. Cinsi tarazlığın pozulmasına bütün sahələrdə mənfi təsirini göstərir. Biz məktəblərdə, bağçalarda, universitetlərdə də artıq bu nisbət pozulmasını hiss edirik. İstənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır”.
Hər zaman aborta görə pul cəzasının çoxaldılmasının, lazımi vəziyyətlərdə hətta həbs cəzası ilə əvəz edilməsinin tərəfdarı olduğunu vurğulayan L.Mehralı deyib ki, araşdırma üçün getdiyim bir neçə dövlət xəstəxanasında qeydiyyata salınmadan, xəstəlik tarixçəsi açılmadan neçə qadının abort stoluna çıxarıldığını görüb:
“Qeydə alınan abort statistikası insanın tükünü ürpərdir, indi təsəvvür edin qeydə alınmadan nə qədər körpə ana bətnində qətl edilir, selektiv aborta məruz qoyulur. Üstəlik, bunların hamısı xəstəxana şəraitində edilmir, işinin ustası olduğunu hesab edən bəzi həkimlər elə öz evinin bir otağında xəstə qəbul edir, abort həyata keçirir. Adi tibb bacısı belə abort edib, pul qazanır. Xəstəxana şəraiti olmayan yerdə tibbi müdaxilə etmək təhlükəlidir, bunun nəticəsi ölümlə nəticələnənə qədər gedə bilər”.
Sosioloq deyib ki, cinsi tarazlığın pozulması 2000-ci illərin əvvəllərində doğulan gənclərə evlilik zamanı da problem yaradacaq. "Bir var evlilik çağında olan oğlanın ətrafında 15-20 qız olsun, bir də var cəmi tanıdığı 5-6 qız arasında seçim etmək məcburiyyətində qalsın. Ölkədə qız tapa bilməyən oğlan əcnəbi nikahlara üstünlük verəcək ki, bu da artıq milli genefondumuzun dəyişməsi deməkdir”.