Kim necə istəyir geyinə bilər

Aydın Xan Əbilov: "Bəlkə ölkəmiz şəriət qaydaları ilə idarə olunur, xəbərimiz yoxdur"

"Əgər kişilərə şortik geyinməyə qadağa qoyuruqsa, qadınlara da bu qadağa qoyulmalıdır və yaxud hər ikisinə bu imkanı yaratmaq lazımdır"

  Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”nın girişində maraqlı elan yerləşdirilib. “Bəylər üçün şortiklə bazara daxil olmaq qadağandır” yazısını özündə əks etdirən foto sosial mediada  geniş müzakirələrə səbəb olub və ictimaiyyət tərəfindən  tənqidlə qarşılanıb.
Kişilərin şort geyinməsi son illər ölkəmizdə  xeyli adiləşsə də bu mövzu barədə müzakirələr nədənsə səngimək bilmir. Xatırladaq ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binası ilə bağlı da analoji hal yaranmışdı. Sürücülük vəsiqəsi imtahanı üçün ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda əynindəki şort səbəbilə içəri  buraxılmamışdı. 
  “Meyvəli bazarı”nın direktoru Anar Novruzov  məsələyə aydınlıq gətirib.  O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:  “Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb, bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.
  Məsələ ilə bağlı müzakirələrə qoşulan ekspertlər kişilərin şort geyməsinə mənfi münasibətin yazılmamış qayda-qanunlarla, mental münasibətlə bağlı olduğunu düşünür. Şortda gəzən kişilərə münasibəti psixoloji amillərlə izah edən mütəxəssislərə görə, Azərbaycanda kişilər xanımlarının, əziz qadınlarının yad kişinin çılpaq ayaqlarını görməsini istəmir. Onlar bu məsələyə qısqanc yanaşırlar. Bu səbəbdən kişilərin şortik geyinməsi qadınların bu geyimdən istifadəsi fonunda daha qabarıq görünür. Əslində isə şortikə ciddi müqavimət göstərən insanların ölkədən kənara çıxan kimi özlərinin də bu sayaq geyimə üstünlük verdiklərini görürük. 
  Milli Məclisin İnsan hüquqları komitəsinin deputatı Tahir Kərimlinin sözlərinə görə,  Azərbaycan adətləri hüququn əsas mənbələrindən biridir: “Məhz adətlərə istinad edərək, digər ölkələrdə də - Çində, Yaponiyada, Avropada, Amerikada, Orta Asiyada qanunlar qəbul olunur. O cümlədən, Azərbaycanda da bu cür adətlərə söykənərək, qadın və kişilərə fərqli münasibətlər göstərilir. Bu, sovetdənqalma dünyəviliyin bir adətinə çevrilib, yəni qadın istədiyi kimi geyinə bilər, ona heç kim irad bildirə bilməz. Amma kişiyə gələndə deyilir, “adətlərə zidd geyinirsən”.

  Ona görə bu məsələnin qanuni aspektləri yoxdur. Hər bir xidmət müəssisəsinin geyim forması ola bilər, deyilə bilər ki, qadınlar mini geyinməsin, kişilər şortik geyinməsin və s. “Kişilər şortik geyinsin-geyinməsin” artıq illərdir müzakirə olunur. Yadımdadır ki, hələ 15 il əvvəl məhz bu mövzu ilə bağlı müsahibə vermişdim. O vaxt demişdim ki, qadınlar maykada gəzə bilər, amma kişlər gəzəndə birtəhər baxırlar. Niyə? İki səhifəlik müsahibəmdə bu məsələləri geniş şərh etmişdim. Amma üstündən 15 il keçib, hələ də eyni şeydən danışırıq. Ümumiyyətlə, qafqazlı olmağımızdan, türk olmağımızdan, milli mentalitetimizdən, dinimizdən asılı olaraq, istər qadın, istər kişi abırlı geyinməlidir. Bu, illərdir formalaşan ənənədir. Nə çadra geyinmək lazımdır, nə də çox açıq”.
  Deputat deyib ki, eyni situasiyada qadın və kişinin geyiminə fərq qoymaq qanunaziddir: “Azərbaycanda çox nadir yerlərdə daxili geyim normaları tətbiq edilir. Sözügedən yerdə isə geyimlə bağlı qanuni yanaşma yoxdur. Bu, bazar rəhbərinin şəxsi mülahizəsindən asılıdır, nədən xoşu gəlir, nədən xoşu gəlmir. Çünki bizdə geyimlə bağlı konkret qaydalar yoxdur. Şortik geyinmək heç inzibati pozuntu belə deyil, nəinki qanun pozuntusu. Bu situasiyada qadın və kişi fərqi qoyularaq, şortik geyinən bəyin bazara daxil olmasının qarşısının alınmasının özü qanun pozuntusudur. Burada kişi və qadına eyni cür münasibət göstərilsəydi, yenə də başa düşmək olardı. Bu, ədalətli və düzgün yanaşma deyil, nə qanuna sığır, nə mentalitetə”.

  Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “kitabxana. net-Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı- kulturoloq Aydın Xan Əbilovun “Şərq”ə açıqlamasına görə,  bir çox sahələrdə olduğu kimi xidmət sahələrində də kişilərin hüquqları kobud şəkildə pozulur. Sözügedən elan bəylərimizin hüquqlarının pozulması ilə bağlı ilk fakt deyil. Dəfələrlə bu kimi haqsız yanaşmaların şahidi oluruq.  Əgər kişilərə şortik geyinməyə qadağa qoyuruqsa, qadınlara da bu qadağa qoyulmalıdır və yaxud hər ikisinə bu imkanı yaratmaq lazımdır: 

“Toylarda, restoranlarda, çimərliklərdə  qadınlarımız istədikləri geyimi geyinə, liberal formada qısa ətək, şortiklə gəzə bilirlər. Bəzi xanımlarımız küçələrdə, parklarda elə  geyim geyinir ki, adam küçəyə çıxmağa utanır. Sanki hamamda, çimərlikdədilər. Onlara “gözün üstdə qaşın var” deyən yoxdur. Sözün açığı, deməyə ehtiyac da yoxdur. Hər kəsin öz həyat tərzi, geyim zövqü var. Amma söhbət kişilərdən gedəndə niyə gender bərabərliyi yada düşmür? Qadınlara şortik geyinmək ayıb deyilsə, oğlanlara  niyə olmaz. Bu necə düşüncə tərzidir? Gah bazarda, gah universitetdə və digər xidmət sahələrində bəylərə şort qadağası qoyulur, qapı girişlərinə elan vurulur. Bu yazılar birbaşa insan hüquqlarına ziddir.  Qanunla da  kiminsə şortik geyindiyinə görə içəri buraxılmaması doğru deyil. Bütün məzhəb inqilablarının kökü bu cür ayrıseçkiliyə dayanır. Fundamentalizmi cəmiyyətlərin beyninə məhz geyim tərzi, açıq-saçıq paltarlara qadağalarla yeridirlər. Ölkəmizin də bu cür dini-məzhəb oyunlarına qoşulması ürəkaçan deyil. Hansısa məclisə, ictimai yerə daxil olan insanın  mənəviyyatı, intellekti heç kimi maraqlandırmır. Hamının gözü onun şort, yoxsa klassik şalvar geyinməsinə yönəlir. Onsuz da əxlaqı olmayan, əxlaqsız insan şortikdə, çadrada da öz əməllərindən əl çəkməyəcək. Çarşabla girdiyi məclisdə oğurluq və digər mənəviyyatdan kənar addımlar atan insanlara azmı rast gəlinir. Sosial şəbəkələr bu cür videolarla doludur”. 

  Azərbaycanın sivil və  Avropa dəyərlərinə inteqrasiya edən bir ölkə olduğunu vurğulayan kulturoloq deyib ki, insanlarımız istənilən məclisə istədikləri formanı geyinə bilərlər, lakin mental dəyərlərimizə də hörmət olunmalıdır: “Məsələn, yas məclisinə, dəfnə şortla getmək etikadan kənar bir hal olar və bizim milli dəyərlərimizə ziddir. Eləcə də hansısa xanımın toy-nişana cins şalvarda getməsi estetik baxımdan xoş qarşılanmır. Yoxsa ki, hansısa bazar sahibinin oradan alver edən insanlara nəyisə qadağa qoyması, onu geyinmə, bunu geyin" deməsi birbaşa qanunsuzluqdur. Bu adam milli-mənəvi dəyərlərimizə zidd olan, yaxud da başqalarının hüquqlarını pozacaq bir hərəkət etməyib, oğurluq, dələduzluq kimi cinayət xarakterli əməl törətməyibsə, kiməsə qadağa  qoymaq bir alverçinin həddi deyil. Bəlkə ölkəmiz şəriət qaydaları ilə idarə olunur, bizim xəbərimiz yoxdur.  
  Həmin bazarın sahibi cəzalandırılmalıdır ki, hansısa  ölkələrin, dini məzhəbçilərin daxilimizdə yerləşdirdikləri digər agentləri dərs götürsün”. 

  Kulturoloq qeyd edib ki, geyim əxlaq və mənəviyyatın göstəricisi ola bilməz: “Ona qalsa dünyanın ən tanınmış insanları, hətta rəhbər şəxsləri müxtəlif tərzdə paltar geyinir, şort-mayka ilə şəkil çəkdirib paylaşırlar.  İndi onlara deyək ki, siz əxlaqsızsınız? Ən mühafizəkar ölkələrdən biri kimi tanınan Yaponiyada dövlət qurumlarında və  biznes strukturlarında  çalışanlar üçün konkret geyim formaları vardı. Ofislərdə kostyum, qalstuk tələbi mütləq idi. Amma indi qlobal istiləşmə səbəbindən  yay aylarında qalstukdan imtina edib qısa qollu köynəklərə keçiblər. Hətta bəzi qurumlarda şortla belə getmələrinə icazə verilir. 
  Azərbaycanda beynəlxalq dəyərlərin inkişafında maraqlı olmalıyıq. Bizi 6-7-ci əsrlərə qaytarmaq, ərəb çöllərində yaşayan toplumların yaşam tərzini ölkəmizə gətirmək istəyən  insanların təsiri altına düşməməliyik”. 
Şəymən