Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin Dövlət İmtahan Mərkəzinə verilməsi təklif olunub. Qeyd olunub ki, yol qaydalarından anlayışı olmayan sürücülərin rahatlıqla sürücülük vəsiqəsi alması qəza sayını artırır.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə “Şərq”ə açıqlamasında deyib ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların Dövlət İmtahan Mərkəzinə verilməsi effektiv təklif deyil: “Uzun illərdir Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində bu imtahanları keçirmək üçün baza formalaşıb, bütün resurslar var. Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların təşkili üçün DİM-də lazımi resurslar varmı? Ümumiyyətlə, qurum özü bu yükün altına girməyə hazırdımı? Həm də ki, imtahanı DİM keçirsə belə DYP əməkdaşlarının imtahan prosesində iştirakı mütləqdir. İmtahanın qəbulu, vəsiqələrin verilməsi onların səlahiyyətindədir. Belə olan halda sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin DİM-ə verilməsi o qədər də əhəmiyyətli bir məsələ deyil. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. Bir imtahanda iki qurumun təşkilatçılıq etməsi əlavə prosesdir və imtahanların DİM tərəfindən keçirilməsi xüsusi bir dəyişikliyə səbəb olmayacaq. Əsas məsələ imtahanın necə götürülməsidir və bu proses DYP tərəfindən normal qaydada icra olunur”.