Ceyhun Məmmədov: "Məzhəb və din zəminində münaqişələr heç bir ölkəyə xeyir gətirməyib"
“Qarabağı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və qəhrəman Azərbaycan Ordusu azad edib”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, bu qələbədə vətənini, dövlətini, torpağını sevən hər kəsin payı var: “Müqəddəs torpaqların işğaldan azad olunmasında Azərbaycanda yaşayan bütün dinlərin və xalqların payı var. Bu qələbə vahid, islam dəyərlərinə sadiqliyi ilə seçilən Azərbaycan xalqının qələbəsidir. O dövrün tarixini yaxşı oxuyanlar gözəl bilirlər ki, haqq və ədalət uğrunda canını fəda edən, ölümü ilə böyük bir qəhrəmanlıq məktəbi yaradan İmam Hüseyn heç zaman ayrı-seçkiliyin, müsəlmanların birliyinin pozulmasının tərəfdarı olmayıb. O, sona qədər müsəlmanlar arasında parçalanma və müharibənin baş verməməsi üçün səylə çalışıb. Ancaq qarşı tərəfin israrı nəticəsində müharibədən qaçmaq mümkün olmayıb. Ayrı-seçkilik və qarşıdurmalar müsəlman dünyasına yalnız faciələr gətirib. Əgər kimsə qatı məzhəb təəssübkeşliyi və digər məzhəblərə hörmətsizliyi ilə islama xidmət etdiyini düşünürsə, səhv edir. Hamımız vahid islam ümmətini təmsil edirik. Bu gün bir sıra müsəlman ölkələrində məzhəb və din zəminində münaqişələrin həmin ölkələri hansı vəziyyətə gətirdiyini görürük. Odur ki, müsəlmanların birlik və bərabərliyini pozanlar Allah qatında böyük günah qazanırlar”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin və məzhəblərin birgə, sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub: “Heç vaxt ölkəmizdə din və ya məzhəb zəminində münaqişə olmayıb. Bu baxımdan Azərbaycan müsəlman dünyası üçün hər zaman nümunə olub. Gələcəkdə də bu ənənənin davam etməsi üçün hər birimiz səylə çalışmalıyıq. Əgər çalışmasaq, nə tarix, nə də gələcək nəsil bunu bizə bağışlayacaq”.