“Dini ayinlər, namaz və dualar ana dilimizdə oxunsun” - TƏKLİF 

“Bu, məzhəb fərqini aradan qaldırar”

“Dindarlarımız İran ayətullahlarını təqlid etməməlidir”


“Dini ayinlərin, namaz və duaların ana dilimizdə oxunması məzhəb fərqini aradan qaldırmaq istiqamətində atılmış ilk addım olar”. 

Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Partiya təmsilçisi deyib ki, hər iki məzhəbə mənsub olan insanlar mərasimlərdə ana dilimizdə səslənən Quran ayələrində bir yaxınlıq və bağlılıq duyacaqlar: 

“Biz Azərbaycan xalqı iki məzhəbli olduğumuz üçün vəhdətə böyük ehtiyacımız var. Mərhələli şəklidə məzhəbçilik aradan qaldırılmalıdır. Məlumdur ki, şiəlik fars şovnizmi tərəfindən türkləri ram etmək üçün ortalığa gəlib və birlik dəzgahına çevirilib.

 Artıq bu ideoloji xətti özümüzünküləşdirə bilmirik. Bu məzhəbin dərinliyinə baş vurduqca farslaşırıq. Sünnülük də eynən millilikdən çox uzaqdır. Yəhudilər, farslar və ermənilər özlərinə məxsus milliyətçi dini ideologiya yaratdıqları üçün bütöv və mütəşəkkildirlər. 

Biz də bu yolu tutmalıyıq. İlk növbədə şiə dindarlarımız İran ayətullahlarını təqlid etməməlidir. Dini geyimlərində ayətullahlara bənzəməməlidirlər. 

Məzhəblər aradan qalxana qədər hər iki cərəyanı təmsil edən din xadimləri öz milli xüsusiyyətlərimizi əks etdirən geyim formasına keçməlidir. Bununla da vəhdət yolunda ilk addım olaraq vizual birliyə nail ola bilərik”.