11611 nömrəsi indi həm də qadınlara dəstək verəcək
Azercell-in dəstəyi ilə yaradılan Qadın Dəstək Xətt xidməti ağır psixoloji duruma düşən, böhran
və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli
yardım istiqamətində fəaliyyət göstərəcək. “Ümidli Gələcək” Gənclər Təşkilatı, Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və “Azercell Telekom” MMC-
nin dəstəyi ilə “Qadın Dəstək Xətti” xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət
zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi,
zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün
müvafiq yardımın göstərilməsidir.
Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara “Qadın Dəstək Xətti”nin
peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək veriləcək. Müraciətçilərə hüquqi,
tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat veriləcək, onların ailə və yaşayış şəraitinin
qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə
müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma
əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən
QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial
xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.
Qeyd edək ki, “Qadın Dəstək Xətti” xidməti 2010-cu ildən Azercell-in əsas tərəfdaşlığı ilə
fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” ilə əməkdaşlıq çərçivəsində çalışacaq. “Azərbaycan
Uşaq Qaynar Xətti” və “Qadın Dəstək Xətti”-nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,
+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil
nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat
və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.