Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, səfirə Kişinyovun Rusiyaya münasibətdə qeyri-dost addımları ilə bağlı etiraz edilib.
"Noyabrın 6-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyasının tərkibində rəsmi Kişinyovun rusiyalı qısamüddətli müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.

Oktyabrın 20-də keçirilən səsvermənin birinci turu və Aİ-yə daxil olmaq üzrə konstitusiya referendumundan əvvəl Moldova hakimiyyəti Rusiyadan olan beş beynəlxalq müşahidəçinin akkreditasiyasına əsassız olaraq imtina edib.

Noyabrın 3-də Kişinyov hava limanında keçirilən ikinci turdan əvvəl ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvünə Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olmasına baxmayaraq, Moldovaya buraxılmayıb", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.