"30 ildir insanların gözləri yol çəkir, BQXK bu məsələ ilə bağlı operativ iş aparmalıdır"
Bu ilin ilk 6 ayı müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 700 bioloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.
Bu barədə "Report"a BQXK Bakı Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd edilib ki, bu nümunələr, mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo-sosioloji dəstək göstərilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu sahədə gördüyü işləri dəyərləndirən sabiq millət vəkili, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az"a açıqlamasında bildirib ki, biz bu komitənin fəaliyyəti ilə Birinci Qarabağ müharibəsi dövründən tanışıq: “Nümunələrin götürülməsi və araşdırılmasına da böyük ehtiyac var idi. Çünki Ermənistanda 4 minə yaxın əsirimiz var. Bu günə qədər bu əsirlərlə bağlı bizə heç bir informasiya verilməyib. Onlar əsirlərlə, onlara göstərilən işgəncələrlə, münasibətlə bağlı dünyaya yalnız saxta məlumatlar ötürürlər. Bu da qarşı tərəfin insanlığa sığmayan xislətindən əl çəkmədiyini göstərir. Biz əsirlikdən qayıtmış şəxslərin sağlamlıq durumlarının da şahidi olmuşuq. Onların arasında həyatını itirənlər də kifayət qədərdir.
Bu sahədə BQXK-nin operativ iş aparmasına ehtiyac var. Onların bu barədə atdıqları addımları yüksək qiymətləndirirəm. 30 ildir ki, insanların gözləri yol çəkir, əsirlərdən bir xəbər ala bilmirlər. Bu səbəbdən komitənin fəaliyyətinin dinamikasının artacağına ümid edirəm”.