Ermənilər itkin düşmüş azərbaycanlılarla bağlı faktları gizlədir


Bütün bunlar insan haqları və beynəlxalq hüquqa ziddir

  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Bu kontekstdə Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə real maneə, şübhəsiz ki, Ermənistan tərəfidir. 

  Siyasi şərhçi Turan Rzayev "Şərq"ə deyib ki, rəsmi İrəvan itkin düşmüş azərbaycanlılar haqda məlumatları təqdim etmədiyi kimi, onların nəşinin harada olduğunu da demir. Analitik bildirib ki, işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olması da rəsmi Bakının axtarış işlərini gec aparmasına səbəb olur: 

"İrəvan hər nə qədər itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı onlarda məlumatların olmadığını desə də, aydındır ki, məlumatlar məqsədli şəkildə gizlədilir. Ermənilər Birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri azərbaycanlıları məcburi şəkildə işlədib, cinsi istismara məruz qoyub, insan alverinə cəlb ediblər. Dəhşətli işgəncələrlə qətlə yetirdikləri insanları toplu məzarlıqlarda basdırıblar. Bütün bunlar insan haqları və beynəlxalq hüquqa ziddir. Ermənistan tərəfi bu gün bu faktların ortaya çıxmasını istəmir və buna görə də həmin şəxslərlə bağlı məlumatları gizlədir. Lakin bütün hallarda həqiqət gec-tez üzə çıxır. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan qazıntı işləri nəticəsində Xocalının Fərrux, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel kəndində kütləvi məzarlıqlar aşkarlanıb. Kütləvi məzarlıqlar erməni vəhşiliyinin əyani sübutudur".