Sağlamlığı məhdud körpələrin xüsusi qayğıya ehtiyacı var
Reabilitasiya mərkəzindəki uşaqlar daim diqqət mərkəzində olmalıdır, monitorinqlər həyata keçirilməlidir
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir.
Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. Bununla yanaşı, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün ayrı-ayrı təşkilatlarda mühüm addımlar atılır.
Hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur.
Amma dövlətin yeritdiyi siyasətə kölgə salan, uşaqlara fiziki-mənəvi inkişaf adı altında travma yaradan özəl mərkəzlərin olması valideynlərdə ciddi narahatlıq doğurub. İki gündür ki, “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində loqopedlər tərəfindən azyaşlı əlil uşaqlara qarşı zorakılıq və işgəncə görüntüləri ölkə gündəmini zəbt edib . Xüsusi qayğıya ehtiyacı olan, auitizmli, daun sindromlu azyaşlı uşaqları saçlarından tutub, təpikləyib, üzlərinə şillə vuran “psixoloq”ların ifşa olunması bu cür mərkəzlərdə müalicə alan uşaqların valideynləri arasında ciddi təşviş yaradıb. Reabilitasiya adı altında işgəncələrə məruz qalan uşaqlar tək bu hadisə ilə bitmir. Dəfələrlə bu cür hadisələri özündə əks etdirən videogörüntülərə şahid olmuşuq. Halbuki, özəl və ya dövlət təhsil müəssisələri, reabilitasiya mərkəzləri üçün uşaqların təhlükəsizliyi hər zaman ön planda olmalıdır. Aidiyyəti qurumlar tərəfindən davamlı monitorinq və nəzarət olmalıdır ki, bu kimi xoşagəlməz hallar təkrarlanmasın.
Psixoloqların fikrincə, bu cür hadisələrə görə travmanı uşaqlardan çox valideynlər yaşayır. Minlərlə yardıma ehtiyacı olan uşaqların valideynləri aldığı psixoloji travmadan övladlarını bu cür mərkəzlərə aparmağa qorxur və körpələr xəstə yaşamağa məhkum qalır.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib ki, uşaqlar üçün olan reabilitasiya mərkəzləri mütləq şəkildə ixtisaslaşmış olmalı, orada xidmət göstərən insanlar bu sahə üzrə təcrübəli olmalıdırlar: "Hər kəs mərkəz açıb reabilitasiya adı altında fəaliyyət göstərə bilməz. Çox təəssüf ki, bu gün uşaqlara qayğı və dəstək adı altında fəaliyyət göstərən mərkəzlər heç də öz işlərini peşəkar səviyyədə görmürlər. Sizin də bildiyiniz kimi bir çox mərkəzlərdə uşaqlara qarşı şiddətin olmasına dair məlumatlar gəlir. Ona görə də bu cür mərkəzlərə mütləq şəkildə nəzarət gücləndirilməlidir".
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu cür hadisələrin baş verməməsi üçün Azərbaycanda psixoloqların loqopedik fəaliyyətlərinə nəzarət edən Qeyri-Hökumət Təşkilatları olmalıdır. Dünya praktikasında belə qurumlar geniş yayılıb.
Amerika Psixoloqlar Assosasiyasını buna misal göstərmək olar. Belə təşkilatlar psixoloqların fəaliyyətinə nəzarət həyata keçirirlər. Onlar etik prinsipləri də daim diqqətdə saxlayırlar. Şübhəsiz, Azərbaycanda da belə bir qurumun olması çox yaxşı olardı. Belə təşkilatlar sayəsində bu cür hallar baş verməzdi. Mütəxəssislər bu məsələdə diqqətli və həssas olmalıdırlar. Xüsusən də uşaqlarla işləyən mütəxəssislər son dərəcə diqqətli olmalıdır. Uşağa heç bir halda şiddət göstərmək olmaz. QHT-lər tərəfindən bu işlərə nəzarət olunmalı, monitorinq aparılmalı, nə kömək lazımdırsa, göstərilməlidir".
Psixoloq Vüsalə Əmiraslanova isə “Şərq”ə açıqlamasında deyib ki, uşaqların fiziki və mənəvi inkişafı üçün sevgi və diqqət mütləqdir. Sağlamlığı məhdud olan uşaqlara isə xüsusi qayğı və diqqət göstərilməlidir: “Nitqində, eşitməsində müəyyən problemlər olan uşaqlar həssas və əsəbi olurlar. Xüsusən autizm sindromundan əziyyət çəkən uşaqlar fikirlərini izah edə bilmirlər deyə onlarla səbrlə işləmək lazımdır. Ümumiyyətlə, biz hirslənəndə, sevinəndə nitqimiz emosiyalarımızı ifadə etməyə bizə çox kömək edir. Ona görə də emosiyalarını bildirə bilməyən uşaqlar çığırırlar. Emosiyalarını, fikirlərini, ağrısını-acısını bildirə bilməyən uşaq daha da aqressivləşir, daha da sinir sistemi pozulur, daha da vəziyyəti pisləşir”.
Psixoloqun sözlərinə görə, sözügedən videoda görüntülənən işgəncə faktoru nəinki xəstə, hətta sağlam uşaq üçün də çox ciddi travmadır: "Bu gün həmin sahədə ciddi nəzarətin olmaması sonda bu kimi problemlərin üzə çıxmasına şərait yaradır.
Əvvəllər xarici təcrübədə auitizimli uşaqları danışdırmaq üçün işgəncə xarakterli dərslər keçirilib, onlara müəyyən bacarıqlar aşılanıb. Amma müasir psixologiya bu cür metodları qəbul etmir. İndiki uşaqlara daha səbrli və diqqətli yanaşmaq lazımdır. Psixoloq və ya pedaqoq uşaqlara əvvəl sevgi göstərib, özünə inam yaratmalıdır. Bu cür uşaqlar xüsusi yanaşma və müalicə tələb edirlər. Onları döymək, onlara qışqırmaq heç nəyi dəyişməyəcək, əksinə, onun sağlamlıq durumu daha da pisləşəcək və müalicəsi çətinləşəcək”.