Meşə sahələri kameralarla nəzarətdə saxlanmalıdır
Hər il yay fəslində meşə yanğınları təhlükəsi yaranır. Bu təhlükəni artıran isə yay aylarında təbiət qoynunda istirahət edən insanların sayının çoxluğudur. Yəni istirahət edənlərin kiçik bir ehtiyatsızlığı, diqqətsizliyi hektarlarla ərazinin yanmasına gətirib çıxara bilər. Ona görə də təhlükəsizlik qaydalarına əməl edilməsi çox vacib əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Xızı rayonu Baxşılı kəndində quru otlaq və ağaclıq sahələrinin yandırılması ilə bağlı rayon polis şöbəsinə daxil olan məlumat əsasında əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, itirahət zamanı, piknik edən bir qrup şəxs ocağı nəzarətsiz qoyaraq, odun söndüyünə tam əmin olmadan ərazini tərk ediblər və nəticədə yanğının miqyası genişlənib. Davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Taleh Hüseynov və Şəmkir rayon sakinləri İrafiq Mamedov və Bəyoğlan Hüseynov saxlanılıblar.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin “Şərq”ə açıqlamasına görə, yanğınların qarşısını almaq üçün ilk növbədə meşələrin mühafizəsi gücləndirilməlidir:
“Yeni nəzarət mexanizmləri tətbiq edilməlidir. İkincisi, maarifləndirmə həyata keçirilməlidir. Hazırda ölkədə meşə fondu sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Bu, az rəqəm deyil. İşğaldan azad olunmuş bölgələrimizdə xeyli meşə sahələri var. Görünən odur ki, Rayonlardakı Meşə Təsərrüfatı idarələri meşələrin qorunması işinin öhdəsindən gələ bilmir. Türkiyədə Orman Genel Müdirliyi var. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi olaraq hesab edirik ki, Azərbaycanda da meşələrin qorunmasına və yeni meşə sahələrinin salınmasına cavabdeh olan ayrıca qurum - Meşə Təşərrüfatı Dövlət Agentliyi yaradılmalıdır. Bu qurumun ayrıca meşə mühafizə qüvvələri və yanğından mühafizə briqadaları olmalıdır. Bir atı, yəhərində təklülə tüfəngi olan meşəbəyinin meşə qoruması dövrü çoxdan keçib. Bir adam 100 hektar meşəni hər tərəfinə necə nəzarət edə bilər? Meşə sahələri kameralarla nəzarətdə saxlanılmalıdır. Meşə mühafizəsi işçiləri xüsusi geyim, silah, müasir rabitə vasitələri, “Pikap” tipli avtomobillərlə təchiz edilməlidir. Nəzarət və müşahidə məntəqələri hətta PUA-larla təchiz olunmalıdır”.
Meşələrin ölkənin “ağciyərləri” hesab edildiyini vurğulayan Birlik sədri deyib ki, meşə sahələrinin qorunmasına laqeyd yanaşmaq olmaz. Artıq neçənci faktdır ki, meşə yanğınlarının “piknik” edən vətəndaşlar tərəfindən təsadüfən törədilməsi üzə çıxır:
“Aidiyyəti qurumlar, QHT-lər, TV-lər maairfləndirmə tədbirləri həyata keçirməli, bu məzmunda sosial çarxlar hazırlanmalıdır. İnsanların istirahət üçün meşələrə daxil olmasını tamamilə yasaqlamaq olmaz. Ancaq manqal, samovar qalamaq üçün ayrıca məkanlar olmalıdır. Həmin ərazilərdə meşədən istifadəni özündə ehtiva edən təlimatlar, qaydalar yazılan lövhələr asılmalıdır. Cərimələr tətbiq edilməlidir ki, bəzi məsuliyyətsiz adamlar özlərini yığışdırsınlar.
Meşə yanğınlarına nəzarət üçün könüllülərin cəlbi bir az mürəkkəb məsələdir. Hər halda onlara da öncə treninqlər keçirilməlidir. Həm də piknik ərazilərini müşahidə etmək də çətindir. Meşə sahəsi və istirahət edənlər çoxdur. 1 saat öncə kim harada manqal qalayıb onu necə müəyyən etmək olar? Ən yaxşısı kamera nəzarətidir”.