Eldəniz Cəfərov: "Tam aradan qaldırılmasa da mərhələ-mərhələ sıxlığın qarşısını almaq olardı"
"Bakı şəhərindəki tıxacların səbəblərindən biri köhnə, yararsız avtomobillərin çoxluğudur"
Bir neçə gündən sonra dərslər başlayacaq. Ekspertlərin proqnozuna görə, paytaxt küçələrində yenə də sıxlıq və bəlkə də son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik. Səbəblər isə müxtəlifdir. Metropoliten yerində sayır. 10 ildə bir stansiyanın istismara verilməsi qənaətbəxş hesab olunmur. Paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Dövlətin ciddi dəstəyi və müdaxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil. Qiymətlərin ucuzlaşması son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxarıb.
Avtomobillərin hərəkətinin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s. də tıxac yaradan səbəblər arasındadır. Ən pisi isə odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə “Şərq”ə açıqlamasında deyib ki, Bakıda tıxac problemi daim mövcud olub və bundan sonrakı illər üçün də müsbətə doğru bir dəyişiklik gözlənilmir:
“Tıxacların qarşısının alınması və ya azaldılması ilə bağlı Bakı şəhərində hansısa bir tədbirlərin görülməsinin şahidi olmamışam. Ona görə də dərslər başlayandan sonra sıxlıq və tıxacların artması istisna deyil. Düşünürəm ki, artıq insanlarımız da buna alışıb deyə bir o qədər də ürküdücü görünmür”.
Tıxacların obyektiv və subyektiv səbəbləri olduğunu vurğulayan ekspert deyib ki, tam aradan qaldırılmasa da mərhələ-mərhələ sıxlığın qarşısını almaq olardı. Əvvəlcə infrastrukturun yenilənməsinə, modernləşdirilməsinə ehtiyac var. Bakı şəhərindəki tıxacların səbəblərindən biri köhnə, yararsız avtomobillərin çoxluğudur: “Bütün bölgələrdən Bakıya işləmək üçün çoxlu vətəndaşlar gəlir və onlar rahat hərəkəti təmin etmək üçün ucuz və köhnə avtomobillər alırlar. Çünki hazırda ictimai nəqliyyat əlçatan deyil. Vacib olan ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsidir. Vətəndaşlara yüksək xidmət göstərilsə onlar fərdi nəqliyyat və ya taksilərdən deyil, məhz marşrutlardan istifadə edərdi. Amma bu sahədə vəziyyət ürəkaçan olmadığı üçün tıxacların qarşısını almaq mümkün olmayacaq”.
Ekspert onu da bildirib ki, tıxacların səbəblərindən biri də yol infrastrukturunun bərbad vəziyyətdə olmasıdır:
“Bəzi ərazilərdə yollar qaranlıq və çala-çuxurludur, nişanlanma və xətlənmə pis vəziyyətdədir. Bəzi ərazilərdə isə yolların avtomobil buraxma qabiliyyəti zəifdir, döngə və dairələrdə hərəkət düzgün təşkil olunmayıb. Həmçinin tez-tez paytaxt yollarında qəzalar baş verir ki, bu da tıxacların yaranmasına yol açır. Parklanma problemi, yollarda təmir-tikinti işlərinin müvafiq vaxtlarda aparılmaması, hər hansı sahibkar tərəfindən yolun bir hissəsinin zəbt olunaraq obyektin tikilməsi kimi hallar tıxacların yaranmasının bir digər səbəbidir”.