İtaliyada azərbaycanlı gənc çayda boğulub

Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb

Diasporamız həmyerlimizin nəşinin Vətənə göndərilməsinə yardım etməlidir


  Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc çayda boğulub. 
  Hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayələyib. 
  Sərkər suya yıxılan qızı xilas etmək üçün onun arxasınca suya tullanıb. O, qızı xilas etsə də, özü suda boğulub.  Hazırda azərbaycanlı gəncin nəşi İtaliyada saxlanılır, maliyyə sıxıntılarına görə Azərbaycana gətirilə bilmir. 
  Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb. Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.

  Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Şərq”ə açıqlamasında deyib ki, xaricdə vəfat edən Azərbaycan vətəndaşlarının nəşinin ölkəyə gətirilməsi tez-tez problemə çevrilir: 

“Hansısa səbəbdən xarici ölkədə  dünyasını dəyişən insanların cəsədinin ölkəyə gətirilməsi adətən onun ailəsi və ya yaxınlarının iştirakı ilə baş tutur.  Rusiyada yaşayan azərbaycanlıların sayı çox olduğu üçün orada dünyasını dəyişən  azərbaycanlıların nəşinin ölkəyə gətirilməsi hallarına daha çox rast gəlinir. Ailəsinin imkanı olmadıqda orada yaşayan azərbaycanlılar, mərhumun dost-tanışları öz aralarında pul yığıb onun nəşinin ölkəyə gətirilməsinə nail olurlar.

 Bəzi hallarda ölən şəxsin Azərbaycandakı qohumları, yaxınları özləri  gedib meyiti gətirirlər. Bu kimi imkanları olmayan insanlar isə xaricdəki diaspora təşkilatlarından kömək istəyirlər. Bu bir öhdəlik kimi olmasa da, bir çox ölkələrdəki diaspora nümayəndələrimiz vəfat edən həmyerlimizin nəşinin Vətənə göndərilməsinə yaxından köməklik edirlər”.  

  Dövlətin bu istiqamətdə ata biləcəyi addımlara gəldikdə isə A.Allahverənov xaricdəki diplomatik korpusların büdcəsində bu kimi məsələlər üçün hansısa vəsaitin nəzərdə tutulub-tutulmadığından xəbərsiz olduğunu deyib:

 “Diplomatik korpusların illik büdcəsindəki vəsaitlərin hansı xərclər üçün nəzərdə tutulduğunu deyə bilmərəm.  Səfirliklər adətən sənədləşmə işlərində köməklik edirlər. Bəzi hallarda isə  vəfat edən şəxsin dövlət qarşısında  hansısa xidmətləri nəzərə alınaraq onun cəsədi  aviakampaniya çərçivəsində ölkəyə gətirilir”.