Azərbaycanda Donor bankının yaradılması sual altındadır
"Azərbaycanda hansı valideyn imkan verəcək ki, onun beyin ölümü keçirmiş, lakin hələ də nəfəs alan cavan övladının orqanları götürülsün"
"Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək"
Bir neçə orqanın transplantasiyasını təcili edən amillər açıqlanıb. Bu, Nazirlər Kabinetinin “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar”ın və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Qərara əsasən, ürəyin, böyrəyin, ağciyərin, qaraciyərin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşından yuxarı şəxslər üçün meyarlar tətbiq edilib.
Professor, ATU Transplantologiya kafedrasının müdiri Adil Qeybullanın sözlərinə görə, transplantasiya metodu və ya hansı hallarda köçürülməsindən əvvəl bizdə prosesin düzgün təşkili təmin edilməlidir:
“Bioloji materialların bir orqanizmdən digərinə köçürülməsi praktikası yeni deyil. Dünya ölkələrində bu sahə kifayət qədər təkmilləşib və problemsiz həyata keçirilir. Xüsusən də ürək, böyrək, ağciyər, qaraciyər, mədəaltı vəz kimi mühüm funksiyaları yerinə yetirən daxili orqanların transplantasiyası getdikcə təkmilləşir. Azərbaycan səhiyyəsində bu istiqamətdə təkmil bir sistem yaratmadan, şəffaflığı təmin edib, orqan cinayətlərinin qarşısını alacaq mexanizm qurmadan orqan nəqlini yüksək səviyyədə həyata keçirmək mümkün deyil.
Sistemin təşkili üçün də vacib məqam Donor bankının yaradılmasıdı. Elə bir sistem qurulmalıdır ki, vahid mərkəzdən nəzarət mümkün olsun. Məsələ bundan ibarətdir ki, sistemli donor nəqlində tutaq ki, Azərbaycanın hansısa bir rayonunda kiməsə hansısa orqan lazımdırsa, başqa bir rayonda həmin orqan peyda olan kimi o sistemdə görünür, xəstəyə yönəldilir və əməliyyat həyata keçirilir. Bu, çox effektiv bir sistemdir.
Məsələnin sistemli şəkildə ölkədə əsasının qoyulması donor bankının yaradılmasından keçir. Azərbaycan cəmiyyətində isə Donor bankının yaradılması sual altındadır. Cəmiyyətimiz, insanlarımız buna hazır deyil. Qonşu Türkiyədə bu sistem çox uğurla işləyir. Donor orqanı beyin ölümü keçirmiş cavan və sağlam adamlardan alınır. Azərbaycanda hansı valideyn imkan verəcək ki, onun beyin ölümü keçirmiş, lakin hələ də nəfəs alan cavan övladının orqanları götürülsün. Onlar heç ölən xəstəni yarmağa qoymurlar. Bu çox ciddi bir məsələdir. Gərək insanların psixologiyasında dəyişiklik olsun, bu məsələni həzm edə bilsinlər. Başa düşsünlər ki, ölən və artıq heç bir perspektivi olmayan bir adamın orqanı başqa birinin həyatına başlanğıc verə bilər. Nə qədər ki, insanlar bunu qəbul etmir və buna bu cür yanaşmırlarsa, bu məsələ hələ uzun müddət problem olaraq qalacaq”.
Professorun fikrincə, yaxın qohumlar istisna olmaqla kiminsə kimə orqan bağışlaması özlüyündə kriminal mahiyyət daşıyır. Təbii ki, söhbət canlı orqanizmdən götürülən orqandan gedir. Bir çox hallarda orqan transplantasiyanın arxasında maddi maraqlar dayandığı üçün dünyada daha çox kliniki ölüm keçirən insanların orqanlarından istifadəyə üstünlük verilir: “Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır.
Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək. Televiziyalar və digər media orqanları bu istiqamətdə təbliğat aparmalı və insanları bu prosesə hazırlamalıdır. Qalan bütün məsələlər zamanla öz həllini tapacaq. Zatən bu işlə məşğul olan mütəxəssislər nəyi necə edəcəyini, orqanı hansı halda köçürəcəyini yaxşı bilir”.