Yerdəki qanı yumamış digər heyvanı uzadıb kəsirlər
"Heyvanın kəsildiyi yerdən tutmuş doğrandığı yerə qədər bakteriyalarla doludur"
“Dəfələrlə bu mövzuda danışmışıq. Konkret yerləri də qeyd etmişik ki, filan-filan ərazilərdəki kəsim məntəqələrində antisanitariya baş alıb gedir. Kiloqramla ət satılan yerlərin əksəriyyətində demək olar ki, vəziyyət çox acınacaqlıdır”. Bu sözləri “Şərq”ə açıqlamasında Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.
AQTA-nın sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə keçirdiyi reydlərdə aşkarlanan antisanitar durumu şərh edən ekspert deyib ki, bir heyvan kəsildiyi yer yuyulmamış, yerə tökülən qanın içində o biri heyvanı yerə uzadıb kəsirlər. Bu isə birmənalı e.coli bakteriyalarının yayılmasına münbit şərait yaradır: “Qida zəhərlənmələrinin əksəriyyəti də məhz bu cür antisanitariya və mikrobioloji çirklənmə səbəbindən baş verir. Çox təəssüflər olsun ki, aidiyyəti qurumlar bunun qarşısını almaqda maraqlı deyil. Hansısa reydlər və cəza tədbirləri çıxış yolu deyil. Problemin həlli üçün əhali arasında maarifləndirmə olmalıdır.
Bu işlə məşğul olan sahibkarları yığıb onlara bakteriyalarla bağlı məlumat verilməli, poverpoint proqramları vasitəsilə onlar ətin üzərinə yığılan bakteriyalarla tanış edilməlidir. Ətin saxlanma şəraiti ilə bağlı qəbul edilən standartlar barədə izahlı məlumat verilməlidir. Azərbaycanda isə hansısa bir xoşagəlməz hal, problem olan kimi müvafiq qurumlar cəza tədbirləri ilə qarşısını almağa çalışırlar.
Qəbul edilən standartlar insanlara düzgün aşılansa, zamanla insanlar ona uyğunlaşacaqlar. İnsanlara xəbərdarlıq etmədən, kəsim qaydalarını izah etmədən yol verdikləri anisanitariyaya görə cərimələmək heç bir effekt vermir. Bu gün cəriməsini ödəyib, sabah yenə öz bildiyi qaydada ət kəsməyə davam edir”.
Ekspertin sözlərinə görə, heyvanın kəsildiyi yerdən tutmuş doğrandığı yerə qədər bakteriyalarla doludur. Mikrobları öldürmək üçün taxtanın üzərinə duz töksələr də, bir o qədər xeyri olmur. Artıq dünya ölkələri müasir standartlara cavab verən və qidalar üçün nəzərdə tutulan xüsusi doğrama taxtalarından istifadə edir. Hansı ki, həmin doğrama taxtasını xlorlu su ilə yumaq çox asandır və üzərində bakteriyalar yığılıb qalmır:
“Səyyar ət kəsilən məntəqələrin əksəriyyətində ət soyuducudan kənar, asılmış vəziyyətdə satılır. Və kəsilən heyvan saatlarla o vəziyyətdə saxlanılır. Halbuki, kəsilən ət +2 və ya +4 dərəcəlik soyuducuda özünü tutmalıdır. 4-5 saat açıq havada saxlanılan ət məhsulunun üzərində milyardlarla bakteriya yığılır. Bu isə uşaqlarda və yaşlı insanlarda zəhərlənmə riskini artırır”.
Mütəxəssis insanlara ət məhsullarını səyyar kəsim məntəqələrindən yox, məhz marketlərdən almağı tövsiyə edir. Heç bir marketdə ət məhsulları açıq havada satılmır. Çünki bu barədə orada ciddi maarifləndirmə işləri aparılıb və xüsusi tapşırıq verilib:
"Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün açıq havada, səyyar məntəqələrdə satılan ət və ət məhsullarının alınması və istehlak olunması tövsiyə edilmir”.
Qeyd edək ki, reydlərdə götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Təqdim olunan ət nümunələrindən 241-də uyğunsuzluq aşkarlanıb. Nümunələrdə E.coli, Salmonella, Streptokokk, bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) və anaerob bakteriyaları müəyyən edilib. Həmçinin aparılan müayinələr zamanı istehlakçılara mal və dana əti kimi təqdim olunan bəzi ət və ət məhsullarında at ətinin DNT-si aşkarlanıb.