Mənfi emosiya aqressiya yaradır

Ailə münaqişələri işıqlandırılarkən insan hüquqları və etik davranış qaydaları nəzərə alınmalıdır

"Xoşagəlməz olayların mediada detallı təsviri insanların psixikasına təsir edir, hadisələrin təfərrüatı ilə verilməsi xüsusən də uşaqlar və gənclər arasında bu hadisələrə meyillilik yaradır"

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması


  KİV və sosial media əməldə cinayət tərkibi olan epizodlardan bəhs edərkən qeyri-insani davranışları işıqlandırmamalı, əks təqdirdə bunun ictimaiyyətin həssas təbəqəsinin şüurunda mənfi izlər buraxdığının fərqinə varmalıdır. Çox vaxt psixoloqlar və ictimaiyyət nümayəndələri kriminal xəbərlərin yayılmasında məhz mətbuatı qınayır, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını iddia edirlər. Bir çoxlarına görə, bu cür hadisələrin mediada geniş şəkildə işıqlandırılması intihar və zorakılığa meyilli insanları təşviq edir. Demək olar ildə bir neçə dəfə ailə-məişət zorakılıqlarının, amansız qadın və uşaq qətlləri, təcavüz hadisələrinin Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzusuna çevrilir. 

  Amma inkaredilməz bir reallıq da var ki, ailədaxili məsələlərin həllinə yönəlmiş proqramlar, ailə münaqişələrindən, məişət zorakılığından bəhs edən xəbərlər, ailə-məişət mövzusunda çəkilən seriallar bütün dünyada yüksək reytinqi ilə seçilir.
  Təbii ki, mətbuatın bunu bilərəkdən etdiyini düşünmək doğru olmaz. Ancaq reytinq xatirinə yarışa çıxmış saytlar, televiziyalar çox vaxt bu üsuldan istifadə etməyə məcbur qalırlar. 

Bunun qarşısı qəti şəkildə alınmalıdır, yoxsa   KİV  şəxsi və ailə həyatı ilə bağlı hadisələri qabardıb, qeyri-insani xüsusları tam detallı yazmalıdır? Ailədaxili konfliktlər məhz reytinq vermə qabiliyyətinə görə daha çox efirlərə və onlayn mediaya daşınır. Bu, təbiidir. Amma bu tip informasiyalar mütləq  jurnalistlərin peşə etikası qaydaları və ölkə qanunvericiliyinin bu mövzuda jurnalistlərə tanıdığı hüquqlar çərçivəsində işıqlandırılmalıdır. Azərbaycan Respublikasının "Media haqqında" qanununun 14-cü maddəsində mediada dərc olunan və yayımlanan informasiyaya tələblər nəzərdə tutulub.  Bu tələblər arasında şəxsi və ailə həyatına aid sirlərin mühafizəsi, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun müddəalarına əməl olunması kimi vacib məsələlər yer alır.  Peşə etikası normaları da onu tələb edir ki, media ictimai əxlaqa, mənəvi dəyərlərə zərər gətirən informasiyanı yaymasın. Bu da medianın peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır.

  Ekspertlərin fikrincə, ictimai əhəmiyyət kəsb etməyən lokal xarakterli ailə münaqişələrinin durmadan gündəmə gətirilməsi yaxşı hal deyil. Ailə-məişət mövzusunda neqativ hadisələrin, cəmiyyət üçün xarakterik olmayan nümunələrin aşırı dərəcədə tirajlanması yanlış ailə modelinin təbliğinə gətirib çıxarır. 

  Bəzən azyaşlıların gələcək həyatına neqativ təsir göstərə biləcək mövzularda uşaqlar müzakirələrin mərkəzinə gətirilir, onların siması açıq formada nümayiş etdirilir. Bəzən problemi olan ailələr ekspert qismində çıxış edən şəxslər tərəfindən yanlış mühakimə edilir. 

  Jurnalistlərin bilavasitə ictimai rəyə və şüurlara təsir imkanları olduğunu vurğulayan psixoloq Nərgiz Hüseynovanın sözlərinə görə, xoşagəlməz olayların mediada detallı təsviri insanların psixikasına təsir edir, hadisələrin təfərrüatı ilə verilməsi xüsusən də uşaqlar və gənclər arasında bu hadisələrə meyillilik yaradır: “Mediada cinayət, intihar hadisələri çox geniş, detallı təsvir olunur. Təbii ki, bunun mənfi təsirləri var. İnsanlara tərbiyəedici deyil, əksinə, neqativ təsir göstərir.  Bu cür hadisələri oxuyan aqressiv insanlar oxşar hadisələri törədib, qisas almağa meyilli olurlar. Onların alt şüurunda aqressiya yaranır. Stres halına düşəndə çıxış yolu axtarmaq istəmir,  bu neqativ hadisələrdəki gördüyü üsullardan istifadə edirlər. Digər tərəfdən fotoqrafik təsir də var. Adətən bu cür olaylar qan, silah, ölümlə bağlı fotolarla təqdim edilir ki, bu da insanlara neqativ təsirini göstərir”.

  Media eksperti Azər Həsrət isə hesab edir ki, media qurumları reytinq xatirinə sensasiya dalınca qaçmaqdansa, insanlarımızın müsbət yöndə tərbiyə olunmasının qayğısına qalsalar, daha yaxşı olar: 

“Belə xəbərlər isə istənilən şəxsin cəmiyyətlə bağlı gözləntilərinə çox böyük zərbə vura bilir və buna görə də sensasiya dalınca qaçan həmkarlarımıza cəmiyyətə ötürdükləri mənfi emosiya yükünün bir gün onların da çiyinlərinə çökəcəyini unutmamağı tövsiyə edərdim. Cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai xadim olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar törədibsə, ictimai maraq kəsb etmədikdə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır. Cinayətdə şübhəli bilinən şəxsin tam adı və şəklinin dərci yalnız o hallarda mümkündür ki, bu, cinayətin açılmasına kömək edə bilər və ya həmin adam artıq həbs olunub, yaxud da törədilən cinayətlə onun tutduğu vəzifə arasında əlaqə var. Ümumi şəkildə desək, jurnalist öz vəzifəsini yerinə yetirərkən insan hüquqlarını və etik davranış qaydalarını nəzərə almalıdır”.

  Ekspertin fikrincə, bu tip hadisələrin reytinq qazanmaq məqsədilə təfərrüatı ilə verilməsi Azərbaycanın müəyyən qanunvericiliyinə və jurnalistin peşə davranış qaydalarına ziddir:

 "Baş vermiş hadisəni işıqlandırmaq jurnalistikanın əsas vəzifələrindəndir. Sadəcə olaraq, bəzən jurnalistikada qeyri-peşəkarlığa yol verilir ki, belə hallar cəmiyyətə informasiyanın əldə olunmasından götürüləcək xeyirdən daha çox ziyan vurur. Bütün bunların da çıxış yolu həm Azərbaycanın bir sıra qanunvericiliyində, həm də jurnalistlərin peşə-davranış qaydalarında göstərilib. Xüsusilə uşaqlarla bağlı baş verən hadisələrdə jurnalist tərəfindən bəzən çox qeyri-peşəkar hallara yol verilir. Jurnalistikada birmənalı şəkildə belədir ki, əgər baş vermiş hadisənin zərərçəkəni, yaxud hadisədə bir tərəf yetkinlik yaşına çatmamış uşaqdırsa, onların adları qapalı saxlanılmalı, şərti adlarla verilməlidir. Bununla yanaşı, başqalarına təsir edə biləcək cinayət hadisələri detallı şəkildə göstərilməməlidir. Amma çox təəssüf, KİV-də - istər qəzetlər olsun, istər televiziyalar - baş vermiş hadisədən zərərçəkmiş uşaqların adları, hadisənin detalları çox zaman açıqlanır ki, bu da həmin insanları həm psixoloji basqı altında qoyur, həm də digər uşaqları bu sahəyə yönləndirir. Bu, jurnalistlərin peşə-davranış qaydasına və Azərbaycanın qoşulduğu beynəlxalq qanunlara zidd əməldir və bunların qarşısı alınmalıdır".