O balacanın stresi, gündəlik düşdüyü vəziyyət heç kəsi şübhələndirməyibmi?
"Nə qədər ki, Azərbaycanda uşaqların müdafiə sistemi işə düşməyəcək, o vaxta qədər də bu cür hadisələrin sayı artacaq"
13 yaşında uşaq dünyaya gətirən qızın anası ondan və nəvəsindən imtina edib. Qız isə sığınacağa müraciət edib. Guya, ana 9 ay boyunca uşağının hamilə olmasını bilməyib ki, indi imtina edir!? Amma bu məsələ ayrıca bir müzakirə mövzusudur. Təcavüzə uğrayan övladını qoruyub ona sahib çıxmaq əvəzinə onsuz da həyatı alt-üst olan qızını taleyin ümidinə buraxan ana bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
13 yaşlı qızın uşaq dünyaya gətirməsi hər kəs tərəfindən təəccüb və hiddətlə qarşılanıb.
Hadisənin tək günahkarı oymuş kimi bütün cəmiyyət üstünə gedir, körpə canı cinsi zorakılığa məruz qalması azmış kimi ətrafın mənəvi təcavüzü altında əzilir. Halbuki, bu hadisə sözün əsl mənasında fəlakətdir. O, qızın yox, bütün cəmiyyətin fəlakətidir.
İcbari təhsildən yayınmaya görə məktəb, müntəzəm olaraq uşaqların sağlamlıq haqqında qeydiyyatını aparan poliklinika, səhiyyə biganəliyi, valideyn laqeydliyi, qohum-qonşuların susqunluğu niyə gözardı edilir?!
Hadisə olub-bitəndən, bir uşaq, bir körpənin həyatı məhv olandan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələni nəzarətə götürüb araşdırma aparılacağını bəyan edib.
Təhsil naziri Emin Əmrullayev də deyib ki, məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırma gedir və hər hansı fikir bildirə bilməz:
“Bu, Elm və Təhsil Nazirliyinin səlahiyyətinə aid olan iş deyil. Bütün bu sadaladıqlarımın gerçək olması reallığı 13 yaşlı bir uşağın ana olması faktından belə daha dəhşətli deyilmi?!
Sosioloq Lalə Mehralı bildirib ki, cəmiyyətin bu qədər deqradasiyaya uğraması qəbuledilməzdir: "Bu xəbərin başlığını gördükdə dəhşətə gəldim. İnsanlar necə vəziyyətə gəlib çıxıblar. Özü körpə olan bir qızın hamilə qalıb uşaq dünyaya gətirməsi, sadəcə, dəhşətdir. Necə ola bilər ki, anası bu qızcığazın 9 ay hamiləlik dövründən xəbərsiz olsun? O balaca qızın stresi, gündəlik düşdüyü vəziyyət heç kəsi şübhələndirməyibmi? Hamiləlik dövrü mütləq ki, insanın gündəlik həyatında özünü göstərir. Anası, ətrafdakı insanlar həqiqətənmi bundan xəbərsiz olub? Bu çox müəmmalıdır. Demək ki, ana 13 yaşlı qızı ilə heç bir zaman maraqlanmayıb. Bu məsələ ciddi suallar doğurur. Bu məsələdə bütün məsuliyyət ananın üzərinə düşür. Hələ üstəlik qızından imtina edən də odur. Hesab edirəm ki, 13 yaşlı qızın və dünyaya gətirdiyi körpənin o cür ananın himayəsində qalmağı heç doğru deyil. 9 aylıq prosesdə övladından bixəbər və bu cür vəziyyətdə ondan imtina edən qadın lazımi sevgini, qayğını onlara heç bir zaman verə bilməyəcək. O uşağı o evdə hansı aqibət gözləyir, təxmin etmək olar. Ona görə də onların dövlətin himayəsinə verilməsi daha məqsədəuyğundur”.
“Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova “Şərq”ə açıqlamasında deyib ki, ölkədə uşaqların müdafiə sisteminin təşkili ilə bağlı lazımi addımlar atılsa, yeniyetmələr cinsi təcavüz və məişət zorakılığına məruz qalmazlar:
“İctimai Şura sədri olaraq çox istərdim ki, məktəblilərimiz məruz qaldıqları fiziki və ya mənəvi zorakılıq faktları və yaxud da üzləşdikləri təhdidlə bağlı məktəb rəhbərliyi, müəllimlərini, məktəb psixoloqunu məlumatlandırmaq, ondan dəstək istəmək imkanlarına sahib olsunlar. Hər bir şagird dara düşəndə onu dinləyib, başa düşəcək müəllimlərinin olduğuna inansa, onlara güvənsə, problemlər bu dərəcədə dəhşətli xarakter almaz. Bəzən uşaqlar etdikləri səhv hərəkətləri, kiminsə onu narahat etdiyini, təzyiq göstərdiyini valideynlərinə danışa bilmir. Valideynlərinin ona inanmayacağından, əksinə, başına gələn hər şeyə görə özünün günahlandırılacağından qorxur. Belə halda uşaqlar məktəbə ümid yeri kimi baxmalı, müəllimlərinə gözüyumulu güvənməlidir. Amma çox təəssüflər olsun ki, bizim təhsil sistemində bu ənənə formalaşmayıb. Nə müəllimlər, nə psixoloqlar şagirdlərlə fərdi söhbətlər edib, onların maraq dairəsi, qayğıları ilə bağlı söhbətlər aparmır deyə, şagirdlər özlərini pedaqoji heyətə yaxın hiss etmir. Bunları deməkdə məqsədim məlum hadisəyə görə konkret məktəbi və ya təhsil sistemini günahlandırmaq deyil. Bu dediklərim baş verə biləcək hansısa hadisənin qarşısını almağa kömək edəcək bir yanaşmadır.
İnsanların 13 yaşlı qız ana olana qədər məktəbin bu prosesdən xəbərsiz olmasına irad bildirməsi, ümumilikdə təhsil rəhbərliyini günahlandırması ədalətsiz yanaşmadır. Aydın məsələdir ki, hamiləliyin bəlli olduğu dövrlər yay tətilinə təsadüf edir. Hətta anası belə xəbərsiz olduğunu deyib ki, qarnının böyüməsini çox yeməsi ilə əlaqələndiriblər.
Təbii ki, hadisə təkcə məktəbin məsuliyyətsizliyi deyil deyə təhsil rəhbərliyi çəkilib kənarda durmamalıdır. Bütün dövlət qurumları bu hadisə ətrafında səfərbər olmalı və öz məsuliyyətini dərk etməlidir”.
G.Səfərovanın sözlərinə görə, bütün icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar var. Bu komissiyanın nümayəndələri, problemli, ailə üzvlərindən birini itirən ailələrlə, həmin ailələrdə böyüyən uşaqlarla işləməlidir:
“Əsas məsələ odur ki, Azərbaycanda yeniyetmələr və uşaqlar arasında cinsi maarifləndirmə aparılmır. Bu mövzu əsas “tabu”lardan biridir. Uşaqlara cinsi zorakılığın nə olduğu, özlərini qoruma yolları öyrədilmədiyinə görə, bu qızcığaz cinsi təcavüzə məruz qaldığının fərqində belə olmayıb. Zorakılığı normal bir hadisə kimi qəbul etməyin özü də çox ciddi problemdir”.
Ailələr və müvafiq qurumların uşaqlara etinasız yanaşdığını, nəzarət mexanizminin olmadığını təəssüflə vurğulayan G.Səfərova hesab edir ki, ilk dəfə deyil biz bu cür xoşagəlməz hadisənin şahidi oluruq. Sadəcə, bizdə uşaqlara qarşı o qədər biganəlik var ki, hər dəfə hansısa təcavüz, fiziki zorakılıq baş verdikdən sonra hadisə ilə bağlı ölçü götürülür:
“İctimai Şura olaraq yeni tədris ili başlayanda həmin qızın təhsil aldığı məktəbə gedib öz araşdırmalarımızı yerində aparacağıq ki, məktəbdə ab-hava necədir. Məktəb psixoloqu, məktəblilərin dostu layihəsi varmı!? Düzdür, hadisə ilə bağlı konkret faktlara dayanan bəzi detalları bilirəm, amma istintaqın gedişinə mane olmasın deyə bu məlumatların ictimaiyyətdə yayılmasını doğru hesab etmirəm. Nə qədər ki, Azərbaycanda uşaqların müdafiə sistemi işə düşməyəcək, o vaxta qədər də bu cür hadisələrin sayı artacaq”.