Əsgərlərimizin açdığı cığırı könüllülərimiz abadlaşdıracaq
Gənclərimizin işğaldan azad olunan ərazilərimizdə bərpa işlərinə qatılması cəmiyyətdə müsbət qarşılanır
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı işğaldan azad olunmuş ərazilərdə könüllülük proqramına gənclərin qəbuluna başlayıb.
Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.
Proqramın ilkin olaraq Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilməsi və tədricən digər rayonları da əhatə etməsi nəzərdə tutulur.
Proqram çərçivəsində könüllülər Ağdam rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, o cümlədən mütəmadi olaraq Ağdamda keçiriləcək tədbirlərin təşkilində iştirak, Ağdama səfər edən yerli və xarici qonaqlarla iş, bərpa və yenidənqurma işlərinə dəstək, qayıdışa hazırlıq və məskunlaşmaya dəstək və Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Azərbaycan Könüllülər Hərəkatının sədri Yusif Vəliyev bildirib ki, hazırda Ağdam rayonunda könüllülük proqramına start verilir və bu proqram digər rayonları da əhatə edəcək.
Proqram çərçivəsində könüllülər Ağdamda keçiriləcək tədbirlərin təşkilinə cəlb olunacaqlar. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərlərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Şanlı tariximizin ən parlaq səhifələrindən olan bu Zəfər nəticəsində insanlarımız uzun illər həsrətini çəkdikləri doğma ata-baba yurdlarına qayıtmaq imkanı əldə ediblər.
O qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında böyük Zəfərdə gənclərin həlledici rolunu vurğulayıb və Azərbaycan gəncinin Böyük Qayıdış prosesində iştirakının əhəmiyyətini bildirib. Gənclərin öz doğma torpaqlarının bərpasında oynayacaqları rol çox önəmlidir.
Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə isə deyib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün mühüm addımlar atılır. Bərpa işlərinin ən ali məqsədi məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və onların rifahının təmin olunmasıdır:
“Gənclərin yenidənqurma və bərpa işlərində öz bacarıqlarını göstərmələri üçün şərait yaradacağıq. İnanırıq ki, könüllülük fəaliyyəti çox uğurlu olacaq. Biz onları iqtisadi və sosial fəaliyyətlərə cəlb edəcəyik”. Daha sonra Ağdam könüllülərinin formasının dizayn konsepsiyası təqdim edilib. Proqrama qoşulmaq istəyən 18-29 yaş arası, əslən Ağdam rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq, “agdam.konullu.az” veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilər. Müraciətin son tarixi sentyabrın 17-sidir.
Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə “Şərq”ə açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işlərinin aparılmasının vacibdir. O hesab edir ki, Qarabağ yenidən abadlaşdırılmalıdır ki, əhalinin məskunlaşdırılma prosesi sürətlə həyata keçirilsin. Bu prosesdə dövlət qurumları ilə yanaşı cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də gənclərin iştirakı arzuolunandır:
“İşğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətinin təşkili müsbət haldır. Bu prosesdə gənclərin iştirakını dəstəkləyirəm. Valideynləri Qarabağdan köçkün düşmüş gənclərin öz ata-baba yurdunun bərpasında iştirakı sevindirici olduğu qədər də vacibdir. Bu, həmin gənclərə Qarabağı yaxından görmək, tanımaq imkanı verəcək. Qarabağ onlarındır. Yaşın qazandırdığı üstünlük sayəsində onlar uzun illər Qarabağda yaşayıb-yarada biləcəklər. Yaxşı olar ki, gələcəkdə yaşayacaqları yerləri indidən öz əlləri ilə abadlaşdırsınlar. Obrazlı desək, öz evlərini özləri tiksinlər”.
S.Verdizadənin sözlərinə görə, Azərbaycanda könüllülük hərəkatının genişləndirilməsinə ehtiyac var. Yeni proqram Ağdamdan başlayacaq, amma əminəm ki, işğaldan azad olunmuş digər rayonlarımızı da əhatə edəcək:
“İnanıram ki, əsgərlərimizin açdığı cığırı könüllülərimiz geniş və abad yola çevirəcək. Bir müddət sonra milyonlarla qarabağlı həmin yolla doğma yurd-yuvasına dönəcək”.