Dəhşətli tıxacların səbəblərindən biri də baş verən qəzalardır
Sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gəlməmiş avtomobili yerindən tərpətmək olmur
Dünən səhər saatlarında Heydər Əliyev prospekti, “Bağırov körpüsü” (tuneldə), mərkəz istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, qəza səbəbindən həmin istiqamətdə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Təbii ki, bu, birinci və ya sonunca hadisə deyil. Hardasa avtomobil qəzası baş verirsə, həmin istiqamətdə mütləq tıxac, sıxlıq yaranır. Burada sürücülərin, hətta adi vətəndaşların izahedilməz marağı da rol oyanır.
Bir hadisə baş verdimi, sürücülər sanki muzeydə nadir bir eksponata, yaxud görünməmiş bir hadisəyə şahidlik edirlərmiş kimi avtomobillərinin sürətini azaldır, qəzanın yanından yavaş-yavaş hərəkət etdirərək, olanları göz yaddaşına köçürməyə çalışırlar. Həmin ərazidə, ətrafda olanlar da bir yandan ora toplaşır, hamı “ekspertlik” etməyə başlayır. Nəticədə yolda sıxlıq yaranır. Bəzən də qəzaya uğramış avtomobil uzun müddət hadisə yerində qalır ki, bu da tıxacların yaranmasına gətirib çıxarır. Qəzaya uğramış avtomobili ərazidən tez kənarlaşdırmaq bu qədərmi çətindir?
Məsələni “Şərq”ə şərh edən nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, qəzaya uğramış avtomobilin hadisə yerindən, yolun hərəkət hissəsindən tez kənarlaşdırılmaması bir neçə səbəbə bağlıdır:
- Hər bir qəzanın ilkin başvermə şəraiti var. Bu şəraitin müəyyənləşməsi, qəzanın hansı şəraitdə baş verdiyinin bilinməsi üçün avto-texniki ekspertizanın yerindəcə aparılması vacibdir. Əvvəllər belə hallarda sürücülər öz aralarında razılığa gəlirdi, kimin daha çox günahkar olduğunu özləri müəyyənləşdirir, dəymiş ziyanın ödəniləcəyinə dair razılaşırdılar, yol polisinin hadisə yerinə gəlməsini gözləmədən və bunu istəmədən hadisə yerindən uzaqlaşırdılar. Lakin son illərdə avtomobil vasitələrinin icbari sığortası tətbiq edilməyə başlandı. Və avtomobil sahibləri icbari sığortaya cəlb edildilər. Ona görə də hər hansı qəza baş verdikdə avtomobil sahibi həm sığorta agentinin, həm də polisin hadisə yerinə gəlməsini gözləmək məcburiyyətindədir. Sığorta şirkətləri avtomobilə dəymiş ziyanın hadisə yerində müəyyənləşdirilməsi şərtini irəli sürür. Deyək ki, avtomobil sahibi qəzaya uğramış avtomobili özü yoldan kənara çəkibsə, hadisə yerindən uzaqlaşdırıb, başqa bir yerə aparıbsa sığorta şirkəti dəymiş ziyanın avtomobil sahibi tərəfindən artırıla biləcəyini əsas gətirib sığortanı ödəməkdən imtina edə bilər. Sığorta şirkəti israr edir ki, avtomobil yerindən tərpədilməsin, gələk baxaq, dəymiş ziyanı müəyyənləşdirək. Sığorta şirkətləri ilə avtomobil sahibləri arasında belə mübahisələr çox olur. Ona görə sürücülər avtomobilin qəza yerindən tərpədilməsini istəmirlər. Bu da onsuz da tıxacların müntəzəm yaşandığı şəhərimizdə əlavə sıxlıq yaradır.
İ.Hüseynli qəza zamanı evakuatorların hadisə yerinə gec gəlməsinin də qəzaya uğramış avtomobilin hadisə yerindən gec kənarlaşdırılmasına səbəb olduğunu dedi:
- Bu məsələ bəzən sürücülərdən asılı olmur. Bəzən qəza zamanı avtomobil elə vəziyyətə düşür ki, onu sürüb kənara çəkmək mümkün olmur, evakuator xidmətinə ehtiyac yaranır. Evakuatorun hadisə yerinə gəlməsi, avtomobili yoldan qaldırması da xeyli vaxt aparır. Bəzən müşahidə kameralarını əsas gətirirlər, bir halda ki, kameralar var, qəzanın baş vermə səbəbini, kimin daha çox günahkar olduğunu, yol hərəkəti qaydasının necə pozulduğunu müəyyən etmək asandır. Bəli, müşahidə kameraları yol-nəqliyyat hadisəsinin necə baş verdiyini müəyyənləşdirməkdə əsas köməkçidir, lakin dəymiş ziyanın müəyyənləşməsinə kameralar kömək edə bilmir. Sığorta şərtinə görə, bu, mütləq yerində araşdırılmalıdır.