Günəmuzd işləyən valideynlər də tələbə oxudur



Təhsil ianələri daha çox bu təbəqənin insanları üçün əlçatan olmalıdır

  Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibovun sözlərinə görə,  
təhsil üçün ianələrin edilməsinə imkan yaradılacaq.
  Fond ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə təşkilatın saytından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq: “İanələri edən fiziki və hüquqi şəxslər açıq və ya anonim şəkildə qala bilərlər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər”.

  İanələrin hansı istiqamətdə xərclənəcəyi məsələsinə gəlincə, E.Nəsibov əlavə edib ki, hazırda təşkilatın strukturu formalaşdırıldığından dəqiq nəsə demək doğru deyil.

  Sosioloq Lalə Mehralı məsələ ilə bağlı  “Şərq”ə açıqlamasında ilkin olaraq  Təhsil Tələbə Krediti məsələsinə toxunub: 

“Sizin də bildiyiniz kimi imkanı olmayan ailələr övladı ödənişli təhsil alanda TTK-ya müraciət edir. Amma yenə də ilkin ödəniş tələb olunur. Valideyn illik 2000 manat ödəməlidirsə həmin məbləğin 20 faizini ilkin olaraq ödəməlidir. Hər valideyn də 400 manatı tapıb ödəyə bilmir deyə övladını universitetə göndərməkdən imtina etmək məcburiyyətində qalır. Nəticədə uşağın neçə illik əziyyəti, hazırlığa tökdüyü pullar havayı gedir. Hesab edirəm ki, təhsil üçün edilən  ianələr məhz bu istiqamətlər üçün xərclənsə çox gözəl olar. Yəni toplanan ianələr  ilkin ödənişini ödəyə bilməyən tələbələrə müəyyən müddətlik verilməlidir.   Valideyn qaytara bilməsə də, məcburi tələb olmamalıdır”.

  L.Mehralının sözlərinə görə, işsiz  valideynlərə kömək məqsədi ilə ianələrdən istifadə oluna bilər. Rəsmi iş yeri olan valideynlər övladlarının  hansısa ehtiyacı üçün banklardan kredit götürə bilir. Rəsmi iş yeri olmayıb günəmuzd işləyən valideynlər də tələbə oxudur axı!? İanələr bu cür insan üçün də əlçatan olmalıdır. 

  Təhsil eksperti Elçin Əfəndi isə ümid edir ki, təhsil üçün könüllü ianə modelinin tətbiqi kiminsə maliyyə imkanlarını yaxşılaşdırmaq funksiyasını yerinə yetirəcək: 

“Təhsil sahəsində ianələrin edilməsi təcrübəsindən bir çox dünya ölkələrində istifadə edilir.  Valideynlər müvafiq məktəblərin hesabına könüllü ianələr yatırırlar və müxtəlif istiqamətlərdə həmin hesabatdan istifadə olunur. Təbii ki,  şəffaflıq və obyektiyin təmini üçün xərclənən hər qəpiyin belə hesabatı verilir. Aidiyyəti qurum yığılan ianələrin hansı istiqamətə xərclənməsi ilə bağlı  ən azı 6 aydan bir hesabat verməlidir. Fəaliyyət istiqamətlərinə gəldikdə isə onu deyə bilərəm ki, məktəbin məzunu hansısa xarici  ölkədə reytinqli universitetlərdən birinə  qəbul olunubsa, onun illik təhsil xərcinin qarşılanması üçün istifadə oluna bilər. Yaxud da infrastrukturunu müasir standartlara uyğunlaşdırmaq istəyən məktəblərdə laboratoriya qurulması üçün İanə Fonduna yığılan məbləğdən istifadə oluna bilər. Auditoriyalar ağıllı, smart texnologiyaların quraşdırılması üçün də ianə vəsaitlərindən istifadə etmək olar. Ali təhsil haqqını ödəyə bilməyən tələbələrə də maddi dəstək olmaq olar”.