Psixi xəstələri tamamilə cəmiyyətdən təcrid etmək doğru olmaz
Son vaxtlar intihar, qətl, zorakılıq kimi halların artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bütün bunlara səbəb kimi də insanların psixi travma və şəxsiyyət pozuntusu yaşaması kimi faktlar göstərilir. Təsadüfi deyil ki, psixoloji problemli adamların cinayət törətməsi ilə tez-tez rastlaşırıq.
İstər ölkə daxilində, istərsə də xaricdə kifayət qədər belə faktlar saymaq olar. Çox vaxt hadisəni törədənin ruhi xəstə olmasının onun cəzasını yüngülləşdirəcəyi bildirilir. Ekspertlər isə hesab edir ki, şəxsin cinayət törətdiyi an hansı ruhi vəziyyətdə olduğunu müəyyənləşdirmək çox çətindir. Bəzən şəxsə məhkəmə-tibbi ekspertizası arayış verir ki, həmin anda bu, anlaqsız vəziyyətdə olub. Amma elə şəxslər var ki, ruhi xəstədirlər və cinayət törədirlər. Məhkəmə tibbi-ekspertiza bunu müəyyən etməlidir ki, şəxs cinayəti törətməmişdən əvvəl ruhi xəstədir, yoxsa cinayət törətdiyi anda hansısa təsirlərdən anlaqsız vəziyyətə düşüb.
Yeri gəlmişkən, anasını qətlə yetirməkdə ittiham olunan Samir Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması dünən başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə ittiham olunan şəxsin psixi problemləri olduğu qənaətinə gələrək, onun məcburi olaraq psixiatriya xəstəxanasına müalicəyə yerləşdirilməsi barəsində hökm qəbul edib.
Psixoloq Elnur Rüstəmov isə “Şərq”ə deyib ki, psixi xəstələr təhlükəli olsalar da, cəmiyyətdə onlara potensial təhlükə mənbəyi kimi yanaşmaq düzgün deyil:
“Kəskin psixozdan əziyyət çəkənlər var ki, onların qulağına əmredici səslər gələ bilər və sayıqlama ideyaları yarada bilər. Bu əlamətlər nəticəsində isə xəstə insan təhlükəli ola bilər. Onlar aqressiv ola, cinayət törədə bilər. Ancaq bu o demək deyil ki, o xəstədirsə, daimi xəstəxanada olmalıdır, insanlardan, cəmiyyətdən təcrid olunmalıdır”.
Psixoloqun sözlərinə görə, ruhi xəstələrin törətdiyi hadisələr ümumi cinayətlərin 1 faizini təşkil edir: “Hər yaş üçün spesifik cinayət var. Gənclərdə xuliqanlıq, qocalarda qısqanclıq, ortayaşlı insanlarda isə morfizm ortaya çıxır.
Ruhi xəstəlik genetik xəstəlik kimi tanınsa da, bu xəstəliyin əsas mənbəyi stres faktorlarıdır. Cəmiyyətin intensivliyi, həyatın sürəti artıb. Hər adam bu sürətlə ayaqlaşa bilmir. Ən böyük problem Yer kürəsində əhalinin çoxalmasıdır. Real həyatda qarşılaşdığımız ciddi problemlərin çoxu insanın daxilində yatan psixi xəstəlik daşıyıcılarını oyadır.
Heç kim zəmanət verə bilməz ki, onda psixi xəstəlik olmayacaq. Avropada psixikasında pozuntu olan şəxsin saxlanma müddəti 12 gündür. Əgər xəstə vəziyyətdən çıxıbsa, onu saxlamağa heç kimin ixtiyarı yoxdur. İnsanların azadlıq hüquqları var”.