Yüz minlərlə könüllü cəmiyyətin rifahının yaxşılaşdırılmasına töhfə verir
İctimai və dövlət maraqlarının müdafiəsi
Azərbaycan dövləti vətəndaşlarının ictimai həyatın bütün sahələrinə bərabərhüquqlu çıxışını və iştirakını təmin edir. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü dövlət siyasəti, imzaladığı sərəncamlar, vətəndaşların rifahına xidmət edəcək yeni xidmət mərkəzlərinin yaradılması sübut edir. Nəinki ölkəmizdə, qonşu dövlətlərdə də maraqla qarşılanan, təcrübəsinə istinad edilən, əhali tərəfindən də rəğbətlə qarşılanan və bu gün də populayarlığını qoruyub saxlayan “Asan Xidmət” mərkəzlərinin bir növ davamı olaraq “Dost” Agentliyi DOST mərkəzlərinin yaradılması da bu qəbildəndir.
Dost Mərkəzlərində “Könüllü DOST” proqramının icrası isə həssas əhali qruplarının cəmiyyətə inteqrasiyasında əhəmiyyətli yer tutur. Ölkəmizdə dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi ilə bağlı oldu. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2020-ci ilin “Könüllü ili” elan edilməsi və həmin il Azərbaycanda ilk dəfə Könüllülük həftəsinin keçirilməsi bu prosesin daha geniş vüsət almasına imkan yaratdı.
Ölkəmizdə könüllülük fəaliyyəti kifayət qədər geniş və çoxşaxəlidir. Yüz minlərlə könüllü müxtəlif təşkilatlarda çalışaraq cəmiyyətin rifahının yaxşılaşdırılması işinə töhfə verirlər. Ayrı-ayrı dövrlərdə ölkəmizdə keçirilən beynəlxalq yarışlarda könüllülərin təşəbbüskarlığı yüksək dəyərləndirilib. 44 günlük Vətən müharibəsi ərzində də könüllü gənclər fəallıqları ilə yadda qalıblar. Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına bu il 19 mindən çox müraciət olub. Ümumilikdə DOST Agentliyi və ilk DOST mərkəzinin açıldığı 2019-cu ilin may ayından bəri “Könüllü DOST” proqramına müraciət sayı 68 minə yaxın olub, proqramda iştirak edənlərin sayı isə 2400-ü ötüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir. 2021-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub. Burada həssas təbəqədən olan şəxslər üçün audio-səsyazma və media, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, dizayner-modelyer sənəti, fotoqrafiya, musiqi, dulusçuluq, təsviri incəsənət, rəqs, kulinariya və səhnə ifaçılığı, aktyor sənəti, idman (kapoeyra, badminton) və publisistika istiqamətləri üzrə təlimlər təşkil olunub.
Hazırda isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 30-a yaxın yeni “İnklüziv könüllü” fəaliyyətə başlayıb. Onlar burada 14 istiqamət üzrə müvafiq yaradıcılıq və reabilitasiya prosesinə cəlb olunan həssas təbəqəyə aid şəxslərə dəstək göstərəcəklər. Könüllülük hərəkatına sağlamlıq imkanları məhdud şəxslərin də qoşulması uğurlu sosiallaşmanın təminatına şərait yaradıb.
Bununla da inklüzivliyin və sosial bərabərliyin qorunması, cəmiyyətdəki həssas təbəqəyə aid şəxslərlə digər üzvlərin ictimai həyatda bərabərhüquqlu iştirakı təmin olunub. Proqrama cəlb olunan könüllülər 3 aylıq razılaşma əsasında fəaliyyət göstərirlər. Mərkəzdə könüllülük 2 növbə şəklində həyata keçirilir. Hər növbədə 30 nəfər olmaqla, layihə ümumilikdə 60 könüllünü əhatə edir. Qəbul prosesi üç mərhələdə aparılır: I mərhələ - onlayn qeydiyyat mərhələsi. II mərhələ - müsahibə mərhələsi. III mərhələ - təlim mərhələsi. İlkin mərhələdə 100-ə yaxın namizəd müsahibəyə dəvət olunub. Müsahibə mərhələsində namizədlərin sosial aktivlikləri və dünyagörüşləri yoxlanılıb. Bu mərhələni uğurla keçən namizədlərə könüllülük fəaliyyətləri ilə bağlı təlimlər təşkil edilib və nəticədə 30-a yaxın könüllü proqrama qəbul olunub. Həmin şəxslər Mərkəzdəki könüllülük fəaliyyətinə başlayıblar. Qeyd etmək lazımdır ki, İnklüziv könüllü proqramı Azərbaycanda ilk dəfə DOST İnklüziv İnkişav və Yaradıcılıq Mərkəzində tətbiq olunur. Könüllülərin seçimi zamanı sosial iş, psixologiya, məktəbəqədər təhsil, sosiologiya ixtisaslarında təhsil alan gənclərə üstünlük verilir. Onlar Mərkəzin multidissiplinar qrupunun təlimlərində iştirak edərək bu sahədəki bilik və təcrübələrini genişləndirirlər. Təlimlərdə onlara həssas əhali qrupuna aid olan şəxslərlə iş prosesində yarana biləcək mürəkkəb vəziyyətlərdə adekvat yanaşma, davranış qaydaları öyrədilir. Könüllülər şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan, daun sindromu, autizm spektr pozuntusu müşahidə edilən şəxslərə təlim prosesində köməklik göstərməklə yanaşı, Mərkəzin ictimai həyatında da fəaldırlar. Onlar burada gələcək karyeralarında faydalana biləcəkləri geniş təcrübə imkanları qazanır, eyni zamanda göstərdikləri fəaliyyətin nəticəsinə uyğun olaraq sertifikat və diplomlarla təltif edilirlər.
Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, könüllü qruplarla tez-tez rastlaşır:
- Bütün hallarda bu, müsbət haldır. “Könüllü dost”, “İnklüziv könüllü” proqramları gənclərin həm peşələrə yiyələnmə, həm də həyat təcrübəsi keçmələri üçün böyük imkandır. Bu, onların gələcək həyatlarında bəlli bir mövqe tutmalarına, çalışacaqları iş yerində, sahib olduqları peşədə üstünlük əldə etmələrinə kömək edir. Peşə təcrübəsi qazanırlar, həyat təcrübəsi əldə edirlər, insanlarla, həm də həssas qruplardan olan insanlarla davranış qaydalarını öyrənirlər, bir sözlə, cəmiyyət həyatına bələd olurlar. İctimaiyyət bundan ancaq müsbət qazanc əldə edir. Cəmiyyətdə bir-birini anlayan, bir-birinə rəğbət bəsləyən insanların olması, həm də vətəndaş həmrəyliyini artırır.
Dövlətin bu məsələdə qazancı, əldə etdiyi üstünlük isə odur ki, icra edilən proqram sayəsində peşəkar kadrlar - çətin, hətta fövqəladə vəziyyətlərdə insanlarla işləyə biləcək, onlara dayaq dura biləcək, yardım edəcək peşəkar işçi ordusu formalaşır. Sadəcə, icra edilən proqramın nəticələri də bəlli olmalıdır. Bunu həyata keçirən qurum ictimaiyyətə hesabat verməlidir ki, proqrama qatılmış könüllülər nə dərəcədə işlə təmin edilib. Proqram bitdikdən sonra hansı sahələrdə çalışıblar, hansı sahələrdə onlara tələbat var və bu tələbat necə ödənilib. Könüllülərin işlə təmini dövlət siyasətinin mühüm hissəsi olan işsizliklə mübarizəyə böyük dəstək olar. Cəmiyyətdə ehtiyac duyulan ixtisaslara yiyələnən, bilik və təcrübə qazanmış könüllülər işsiz qalmamalıdır.
Onların hansı işlə təmin edildiyi, nə qədər əmək haqqı aldığı da açıqlanmalıdır. Bu, cəmiyyətdə könüllülük proqramında iştiraka həvəsi artıracaq, nəticədə həm cəmiyyət, həm də dövlət insanlarla işləyə bilən kadrlar əldə edəcək.