Şagirdlər ötən ilki formaları ilə məktəbə gedə bilərlər
Yeni tədris ilinin başlanmasına 48 saatdan da az vaxt qalır. Nə dərsi düşünən var, nə keçiləcək mövzuları, nə təhsilin keyfiyyətini. Hamının başı məktəbli formasına qarışıb. Valideynlər Bakı Tikiş Evinin qarşısına toplaşır, izdiham yaranır, mağazalara axın var, amma forma yoxdu. Məktəb direktorları isə “forma “bu” rəngdə olmalıdır”, deyib, iki ayağını bir başmağa dirəyir, valideynlərin mobil telefonlarına mesajlar göndərirlər. Valideynlər də düşüblər küçələrin canına. Hələ ayağı məktəb kandarına dəyməmiş balalarına hardan olursa-olsun yeni, məktəbin tələb etdiyi rəngdə geyim tapmaq üçün çapalayırlar. Nədir bu zillət? Və niyə, nə üçün?
Təhsil naziri Emin Əmrullayevin məktəbli formaları ilə bağlı bir neçə açıqlaması olub: “Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər", “direktorun da ixtiyarı yoxdur ki, şagirdi hansısa forma geyinməyə məcbur etsin". Amma sanki onu dinləyən yoxdur. Məktəb direktorları öz qanunları ilə hərəkət edir. Onlara bu sərbəstliyi verənlər var, bu barədə yazacağıq. Öncə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni məktəbli formalarının tətbiqi ilə bağlı 17 mart 2022-ci il tarixli məlum qərarını bir daha açıqlamağa məcburuq.
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir.
3. Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris
ilinin sonunadək tətbiq edilə bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri. Bakı şəhəri, 17 mart 2022-ci il
Göründüyü kimi Baş nazir hazırda istifadədə olan geyim formalarının - yəni, əziz valideynlər, ötən il, bəlkə ondan da əvvəl aldığınız məktəbli formalarını (əlbəttə, əgər uşağın bədən ölçülərinə uyğundursa) hələ ki, övladınıza geyindirə bilərsiniz. Sizdən mütləq yeni məktəbli forması tələb edən məktəb direktoru, sinif müəlliminə Baş nazirin qərarını xatırladın. Kobud deyim, gözlərinə təpin! Valideynlərin yeni məktəbli forması almaq canfəşanlığı da səbəbsiz deyil. Övladı birinci sinfə gedən, yaxud ötən il geyindiyi forma əyninə artıq dar gələn məktəblinin valideyni, tamamilə doğru olaraq, məntiqi nəticə çıxarır: indi əvvəlki model forma alsam, məcburam yeni ildə, yeni modeldə olanı alım. Bu, ikiqat xərcdir. Ona görə də özünü BTE-yə, mağazaya “vurur”ki, bəri başdan, birdəfəlik yenisini əldə etsin. Bir dəfə xərci çıxsın. Məktəbli geyimi dəstinin qiyməti 100 manata çatır. Uzunqol, qısaqol köynək, polo, ətək, şalvar, jaket, jilet… Məktəbli forması ilə məsələ bitmir. Məktəb ləvazimatı da almaq lazımdı. Amma yox, məktəbli formasını gəlirli, çoxillik qazanc mənbəyinə çevirənlər heç qoyarmı, zavallı kasıb valideyn (lap olsun, imkanlı, niyə iki dəfə məktəbli forması almalıdır?! - M.R.) kasıblığının dərdini çəksin. Bu vurhavurda bir ağıllı adam çıxıb deməlidir ki, ay valideynlər, övladınızı məktəbə gətirin, hansı formada gəlirsə, gəlsin, təki gəlsin. Bizə uşaqlarımızın savadlanmağı, maariflənməyi vacibdir, forma ikinci, üçüncü… dərəcəli məsələdir. Hardadı belə ürəkli, ciyərli maarifpərvər?! Vəziyyyət bu qədər bəsit və eyni zamanda dəhşətlidir.
"Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimovun açıqlamaları da KİV-lərdə geniş yayılıb. E.Əzimov yaranmış vəziyyətin səbəblərini belə izah edir: “BTE-də gün ərzində 1200-1500 məktəbli forması istehsal edilir. Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin mağazalardan formaların satışı həyata keçirilir. Bununla biz satdığımız məhsula zəmanət verə bilirik. Bu formalar başqa yerdə satılanda bir az baha satılır.
"Bravo" supermarketlərinə də 6000 min forma verildi və satıldı. Biz çox məhsul istehsal edə bilmirik. Bir tikiş fabriki Bakıdakı bütün şagirdlərə məktəbli formasını necə istehsal edə bilər?! Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb. Keçən il məktəbli forması istehsal etdiyimiz üçün bu il də istədik ki, bu işə kömək edək. Lakin bir fabrik bütün tələbatı ödəyə bilməz". E.Əzimov “Report”a açıqlamasında isə bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün deyil. Bu məsələyə cavabdeh olanlardan heç kim müəssisəyə müraciət etməyib. BTE-nin heç bir qurumla müqaviləsi yoxdur. Dörd rəngdən hansının tikilməsi belə deyilməyib. BTE özəl müəssisədir və kreditlə işləyir. Dövlət yardımı almır. Bir müəssisə Bakı məktəblərinin tələbini qarşılaya bilməz.
E.Əzimov bütün valideynləri və daha çox Təhsil Nazirliyini, təhsillə bağlı sonu neqativ nəticələrə gətirib çıxaran qərarlar verən strukturları düşündürəcək açıqlama verib: “İzdihama səbəb məktəb direktorlarının valideynləri məcbur etməsidir: Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyir. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər. Yaranan ajiotaja səbəb məktəb direktorlarıdır. Anbarımızda köhnə məktəbli formaları var. Amma heç kim istəmir. Hamı yenisini istəyir. Məktəbli formaları 1-4-cü siniflər üçün məcburdur. Yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri də gəlir ki, forma verin”.
Belə bir bərbad vəziyyət hökm sürür. İyul ayında isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında belə demişdi:
“Hesab edirəm ki, sentyabr ayından heç bir təzyiq olmadan, əksinə, sevinərək, bu istiqamətdə yaxşı mənzərəni görərək fəaliyyətə başlayacağıq”. Sevinməli bir şey yoxdur, yaxşı mənzərə də görünmür. Görünən, forma axtarışında olan valideynlərin əsəb krizi keçirmələridir. Sadə bir məsələnin bu dərəcədə ağrılı vəziyyət almasının bir səbəbi də forma seçiminin məktəb pedaqoji şuralarının öhdəsinə buraxılması, seçimə sərbəstlik verilməsidir. Məsələnin sadə həlli, prosesin ağrısız yürüdülməsi üçün ölkə üzrə bütün orta ümumtəhsil məktəblərində vahid məktəbli formasının – bir rəngdə, bir modeldə - tətbiqi olardı. Problemin başlanğıcı uzun illər əvvəl – liseylər və kimlərsə tərəfindən “əlahiddə” status almış bəzi məktəblərin fərqli məktəbli formasına keçməsi oldu. Bər-bəzəyə aludəlik başladı, tədris qaldı kənarda. Həqiqi vahid məktəbli forması tətbiq edilsə, bu qədər narazılıq, söz-söhbət də olmaz. Şagirdlər formalarının rənginə, modelinə görə deyil, bilik və bacarıqlarına görə seçilər. Hardadı, o xoşbəxtlik?!.
Məlahət Rzayeva
P.S. “44 gündə torpaqları işğaldan azad edirik, məktəbli forması labirintindən çıxa bilmirik” sualı ətrafında düşündüyümüz anlarda nəhayət, Elm və Təhsil Nazirliyindən gözlənilən açıqlama gəldi: “2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur”. Nazirliyin açıqlamasında qeyd olunur ki, şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yaratsınlar.