Dövlət Təhlükəsizliyi Xidmətinin saytının yaydığı məlumata görə, hazırda “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılıb. Məlumatda qeyd olunub:
“Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır”.
Məsələyə münasibət bildirən“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bu haqda “Sherg.az”a danışarkən bildirib ki, “TikTok” bundan öncə də uşaqlara və yeniyetmələrə kifayət qədər zərərli informasiyalar verən bir sosial şəbəkə idi:
“DTX-nın verdiyini açıqlama indi əvvəlki risklərə yenilərinin də əlavə olunduğunu göstərir. Hazırda bu sosial şəbəkədə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı çaşqınlıq yaradacaq, düşmən üçün faydalı ola biləcək məlumatlar da yer alıb.
“TikTok” istifadəçilərinin əksəriyyəti yeniyetmələr, uşaqlardır. Onlar da bəzən fərqinə varmadan, məlumatsızlıqdan bizim təhlükəsizliyimizə zərər verə biləcək paylaşımlar edirlər.
DTX mövcud riskləri dəyərləndirərək aidiyyəti dövlət qurumları qarşısında belə bir vəsatət qaldırıb. Hesab edirəm ki, indiki şəraitdə bunu düzgün və lazımlı addım kimi dəyərləndirmək olar”.