Fərhad Mehdiyev boşanmaların sayının azalmasını mediasiyanın fəaliyyəti ilə əlaqələndirib
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35646 nikah və 8862 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2-dən 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.
Qeyd edək ki, ötən illərlə müqayisədə bu il boşanma faizinin aşağı düşməsi cəmiyyətdə maraq doğurub.
Hüquqşünas, Mediasiya Şurasının üzvü, Fərhad Mehdiyev isə “Şərq”ə açıqlamasında boşanma sayının azalmasını mediasiyanın fəaliyyəti ilə əlaqələndirib:
“ 2021-ci ilin iyul ayından tətbiqinə başlanan mediasiya prosesinin məqsədi, peşəkar danışıqlar aparma qabiliyyətinə sahib olan mediatorun vasitəsilə, aralarında hüquqi münaqişə olan tərəfləri bir masanın ətrafında əyləşdirməklə, onların arasındakı mübahisəni məhkəmədən kənar qaydada həll etməkdir. Mediator hər iki tərəflə ayrılıqda birgə danışıqlar aparır, tərəflərin maraqlarını öyrənir və onları uzlaşdırmağa çalışır. Qeyd olunan statistik göstəricilərdən hiss olunur ki, məhkəmədən əvvəl cütlüklərin mediasiyaya müraciət etməsi yavaş-yavaş öz effektini verir və mediatorların səyləri nəticəsində az da olsa tərəflərin barışmasına nail olunur. Onlar arasında bir müddət sonra təkrar boşanmaq üçün məhkəməyə müraciət edənlər də olur. Amma bir qismi psixoloqa müraciət edərək evliliklərinə bir şans vermək istəyirlər. Biz adətən boşanmaq istəyən cütlüklərə bir-birinə zaman verməyi tövsiyə edirik. Şəxsi təcrübəmə əsasən deyirəm ki, mediatorlar cütlüklərlə söhbət zamanı bir növ ailə psixoloqu rolu oynayır və onlara aralarındakı mübahisənin səbəblərini göstərərək münasibətlərini normallaşdırmaq üçün öz tövsiyələrini verir”.