İnsan həyatına da son qoya bilərdi
Küçələrə reklam lövhələri yerləşdirilərkən təhlükəsizlik qaydalarına əməl olunmur
Paytaxtın Nəsimi rayonunda reklam lövhəsi küləyin təsiri ilə parkinq ərazisində olan avtomobillərin üzərinə aşıb. Nəqliyyat vasitələrinə ziyan dəyib. İddia edilir ki, reklam lövhəsi nazik bir dəmir parçasından asılı qaldığı üçün aşıb. Vaxtında tədbir görülmədiyi üçün belə bir hadisə baş verib. Avtomobil sahibləri çıxılmaz vəziyyətdə qalıb.
Təhlüksizlik üzrə ekspert Elmar Nurəliyev isə “Şərq”ə açıqlamasında deyib ki, reklam lövhəsi yerləşdirilən zaman təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı, yerin səthi lövhələrin ölçüləri və materialı, ətrafdakı infrastruktur, piyada keçidi, dayanacaqlar nəzərə alınmalıdır:
“Diqqət etmək lazımdır ki, əlverişsiz hava şəraitinin təsirindən sıradan çıxma, aşma riski olmasın. Dayanıqlılığı möhkəm olmalıdır ki, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə riski yaratmasın. Hansı müəssisənin balansındadırsa, vaxtaşırı texniki qulluq edilməli, nasaz detallar varsa təmin olunmalıdır. Ümumiyyətlə isə “Reklam haqqında” qanunun 26.5-ci maddəsinə açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır”.