Tural İrfan: "Düşünüblər ki, öz məqsədimizi açıq, İran adı ilə, siyasi nöqtədən dilə gətirsək heç kəs dəstək verməyəcək"
"Ona görə də İmam adının arxasında gizlənərək, ikitirəlik, nifaq salma metodu seçərək bu cür üsullardan istifadə edirlər"
Azərbaycan-Ermənistan sərhədində erməni terrorçularının törətdiyi təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız dünən dəfn olunub. Şəhidlərimizlə keçirilən vida mərasimi və dəfn prosesində bir qrup dindarların xüsusi aktivliyi, məzhəbçi dini şüarlar səsləndirməsi diqqət çəkib.
Daha doğrusu, şəhidlərimizin dəfnlərində deyilən fars mərsiyələri, dini çağırışlar, Ya Hüseyn, ya Əli şüarlarının səsləndirilməsi, "şaxsey-vaxsey” ayinlərinin icra edilməsi cəmiyyətdə ciddi narazılıq doğurub. Bununla bağlı iradlarını sosial şəbəkədə paylaşan ictimaiyyət nümayəndələri hesab edir ki, şəhidlərin dəfni üçün Fəxri Xiyabana, Şəhidlər Xiyabanına toplaşan dindarlar təşkil olunmuş kütləyə bənzəyir.
Məsələ ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə, şəhidlərimizin dəfni təbii ki, islam dininə uyğun aparılmalıdır və şəriət qaydalarının tələbinə müvafiq şəkildə axirətə yola salınmalıdır. Ancaq bəzən şəhidlərin dəfni zamanı əsl islamın yox, İranın islam adı ilə, şiəlik adı ilə qondarıb sırıdığı cəfəng davranışların şahidi oluruq: “Məsələn, qəfil bir qrup adam peyda olur və başlayır İmamların, Əhli Beytin, İmam Hüseynin adını çəkərək şüarlar səsləndirməyə, guya mərsiyə oxumağa. Başqaları da ortada İmam adı səsləndiyinə görə, məcbur qalıb onların sinə döyməsinə qoşulmalı olurlar. Əvvəla qeyd edim ki, islam dini ölmüş insanın, ələlxüsus da şəhid olmuş şəxsin arxasından ağı deməyi, hay-həşir salmağı, mərsiyə, nohə deməyi, üz cırmağı yasaqlayır. Çünki şəhid olan insan cənnətə gedir. Cənnətə gedən şəxs üçün də təəssüflənmək Allaha üsyandır. Mərsiyə demək Peyğəmbərdən əvvəlki cahiliyyə əqrəblərinin adəti idi. Onlar ölən adamın yox olduğuna, torpağa qarışaraq itəcəyinə inanırdılar və ona görə də ölünün arxasınca belə işlər görürdülər. Amma islam dinində və tarixində bu kimi hallar yasaq hesab edilir və heç bir orijinal nümunəsi də yoxdur. Adətən bu kimi lazımsız işlərdən İran istifadə edir. O da insanları öz maraqları üçün bir yerə toplaya bilmədiyi üçün, siyasi ideologiyalarını məhz İmam Hüseynin adı ilə pərdələyib onun arxasından bu işləri çevirirlər. Guya İmamlara yas saxlamaq lazımdır, guya min illərlə ağlamaq lazımdır, özünə zülm etmək, baş yarmaq lazımdır və sair”.
T.İrfanın sözlərinə görə, son günlərdə İranın da cani-könüldən dəstəkləyib qardaş dediyi kafir Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbiçilərimizin dəfni zamanı da İranın ölkəmizə də sirayət etdirdiyi o cür əməllərin şahidi olduq. Bu adamlar sırf İrana bağlı adamlardır və əksəriyyəti də dini savadı olmayan kütlədir: “İran Peyğəmbərin Əhli Beytini, imamları monopoliyaya almaq istəyir və elə təbliğat aparır ki, guya dünyada yeganə olaraq İmamların yolu ilə gedənlər bunlardır. Lakin bu, tamamilə əksinədir. İmam Əli sağ olsa idi Ermənistanın yanında olardımı? İmam Hüseyn sağ olsa idi soyqırıma məruz qalan Uyğur türklərini qoyub Çinin yanında olardımı? Peyğəmbər yaşasaydı Kəşmir müsəlmanlarının yox, Hindistanın yanında olardımı? Digər imamlar dursa idi Qarabağ məsələsində hansı mövqedə olardılar? Xocalıda dərisi soyulan körpələrin, donuz salınıb təhqir olunan məscidlərin tərəfində olardı, yoxsa kafir, daşnak ermənilərin? Şübhəsiz ki, haqlının, əzilənin, Azərbaycanın yanında olardılar. Çünki onların bütün mübarizəsi və şəhadət səbəbləri haqqa, ədalətə görə olub. Fəqət İran bu gün o müqəddəs insanları öz çirkin siyasətinə alət edib təhqir edir. Bütün insanlarda dinə nifrət yaradır. Bizim ölkəmizdə də təsirini artırmağa cəhd edir.
Odur ki, şəhid dəfnində İmamların adları ilə hay-küy salanların əsla dinə aidiyyəti yoxdur. Əgər belə bir dini ayin lazım olsa ölkəmizdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir, onlar belə bir şüarlar səsləndirmək üçün məscidlərə göstəriş verərdi. Ancaq görürük ki, o insanların heç birinin dini icmaya dəxli yoxdur və xaricdən təsirlənən, özləri də bilərəkdən, ya da bilməyərəkdən kimlərəsə alət olmuş dəstələrdir”.
İlahiyyatçının sözlərinə görə, bu şüarları şiəliyə məxsus hesab edərək (halbuki şiəlikdə də belə şeylər yoxdur) səsləndirməklə onlar həmin məclislərdə iştirak edən digər məzhəbdən olan vətəndaşlarda və inancsız insanlarda qıcıq yaratmaq məqsədi güdürlər ki, təxribat yaratsınlar: “Düşünüblər ki, öz məqsədimizi açıq, İran adı ilə, siyasi nöqtədən dilə gətirsək heç kəs dəstək verməyəcək, onları qovacaqlar. Ona görə də din pərdəsi altında, İmam adının arxasında gizlənərək, ikitirəlik, nifaq salma metodu seçərək bu cür üsullardan istifadə edirlər. Hesab edirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və təhlükəsizlik orqanları bu cür təxribatçı, insanlarda ikrah yaradan əməlləri törədənləri nəzarətə götürməli, məşğul olmalıdır. Şəhidlərə aid dini ayinlər, dəfnlə bağlı bütün lazımlı işlər dövlət tərəfindən görülür. Ona görə də orada bu cür dəstələrin din adı altında hansısa xurafat əməlləri icra etməsinə gərək yoxdur”.