Təkliyi onların əlindən almalıyıq

Gənclərin intiharının səbəbi mənəvi aclıqdır

  Gəncədə 19 yaşlı tələbə intihar edib.  Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Əli Quluyev yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
  İlkin ehtimala görə, o, zahiri görünüşünü bəyənmədiyi üçün bu addımı atıb. Belə ki, H.Əhmədov qulaqlarının böyük olduğunu düşünərək daha əvvəl əməliyyat olunaraq onları kiçiltdirib. Lakin nəticə onu qane etməyib. Bundan sonra tələbə ikinci dəfə əməliyyat olunmaq qərarına gəlib. Ancaq həkimlər əməliyyatın onun həyatı üçün riskli olacağını bildiriblər. Bundan sonra H.Əhmədov həyatına qəsd edib. 

  Psixoloq  Vüsalə Əmiraslanovanın sözlərinə görə, Azərbaycanda son  illərdə gənc insanların, yeniyetmə və məktəblilərin intihar xəbərləri gündəmi zəbt edir.  İntiharın təfərrüatına baxanda isə görürük ki, gənclər bəzən elə də müşkül olmayan səbəbdən özünü hündürlükdən atır, psixoloji olaraq toparlana bilmir: 

“Biz bunu hər yaş aralığında görə bilərik. İntiharın əsas səbəblərindən biri mənəvi aclıqdır. İnsanların mənəvi aclığı başlayanda intihara meyilli olur. Ailədən gələn dəyər mövcuddur. Bir şəxsiyyətin formalaşması dövründə ailədə övlada qarşı dəyər, onun özgüvəni, şəxsiyyətlərarası münasibət önəmlidir. İnsanların empati bacarığı çox aşağı göstəricidədir və kənardakı şəxsin səsini duymadığı zaman intihara çıxış yolu kimi baxır. Ona görə də valideynlər övladlarını dinləməlidir. Ümumiyyətlə, nəinki övladlarımızı, ətrafımızdakı insanları da dinləmək və dəstək vermək lazımdır. İntihara sürükləyən təkliyi onların əlindən almalıyıq.

  Bu məsələdə valideynin rolu da danılmazdır. Valideynlərin övladlarının əhval-ruhiyyəsinin, davranışlarının dəyişməsini, depressiv vəziyyətdə olduğunu, hansısa problemlə üzləşdiyini hiss edərkən bu vəziyyətə ötəri reaksiya vermələri hələ yaşanmamış bir ömrün yarıda bitməsilə nəticələnməsinə səbəb ola bilər. Yeniyetməliyin insan həyatının ən çətin dövrü olduğunu valideynlər unutmamalı, övladlarının problemlərinə ciddi yanaşmalı, öhdəsindən gələ bilmədikdə isə mütəxəssisə müraciət etməlidirlər".