Narkomaniya hər ailənin qapısını döyə bilər
Mübarizə nə qədər güclənirsə, "ağ ölüm"ün əhatə dairəsi daha da genişlənir
"Narkotacirlər sakit dayanmır, yeni-yeni yollar, vasitələr axtarırlar. Bu cinayətkar şəbəkəyə qarşı ictimai dirəniş də vacibdir"
Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtaşırı əməliyyatlar keçirir, narkotik maddələrin satışı, yayılması ilə məşğul olan şəxslər yaxalanır. Məlumdur ki, narkotik maddələrin dövriyyəsi və satışı dünyada ən bahalı və ən gəlirli sahədir. Gəlirlərini artırmaq üçün şəbəkə yeni-yeni qurbanlar “tapır”. Uşaq, gənc, qoca, qız, gəlin... Fərq etmir. Təki alıcı – qurban olsun.
Bu işlə məşğul olanlar sıx şəbəkələşib və onlarla dünyanın super-gücləri də bacarmır. Bu öz yerində. Lakin ictimaiyyəti daim narahat edən, narkotik alverçilərinin tutulduqları qədər də sərbəst buraxılmalarıdır. Hətta sıravi vətəndaş da bilir ki, polisin yaxaladığı narkotik alverçisi bir neçə gündən sonra azadlığa çıxır və yenə öz peşəsini davam etdirir. “Niyə belədir?” sualının bir cavabı da (çünki başqa amillər də olur, bəzən M.R. ) narkotik, psixotrop maddələrdən istifadənin qanunvericilikdə cinayət əməli hesab edilməməsidir. Kimsə xəstə, narkotik maddə asılılığı yaranmış ola bilər və məhz bu səbəblə həmin şəxslər onlardan istifadə edirlər. Polisin ələ keçirdiyi şəxslər də çox zaman “özüm üçün almışam”, “özüm istifadə edirəm”, deyərək hüquq-mühafizə orqanalarını azdırmağa çalışırlar. Təcrübəli istintaqçılarsa kimin məcburiyyət qarşısında, kimin satış və gəlir əldə etmək məqsədilə narkotik maddə alıb saxladığını anlayır, bilir. Bütün hallarda narkotik madədlərin qanunsuz dövriyyəsi çox genişlənib və hər nə qədər hüquq-mühafizə orqanları narko-tacirlərlə mübarizə aparsalar da, onların fəaliyyəti davam edir və qurbanların sayı da artır.
Polis əməliyyat keçirdi
Bakı polisi bir neçə gün əvvəl paytaxtın “Papanin” və “Kubinka” ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirdi və 16 nəfər saxlanıldı. Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunurdu ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, satışını həyata keçirən 16 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Cinayət Məcəlləsinə dəyişiklik edildi
Əməliyyatdan sonra nə olacaq? Bu şəxslər barədə hansı qərar veriləcək, bir müddət sonra həmin şəxslər yenə köhnə peşələri ilə məşğul olmayacaqlar? Xatırladaq ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə daha ağır cəzaların tətbiqi üçün Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Bu məsələ parlamentdə müzakirəyə də çıxarılıb. Dəyişiklik narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi təklif edilir. Cinayət Məcəlləsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur. Eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif olunur. Qeyd edək ki, CM-yə dəyişiklik Milli Məclis tərəfindən qəbul edilib. Bəs sonra?
Profilaktik müalicə, maarifləndirmə
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, narkomaniya ilə mübarizə dünyada əsasən 2 istiqamətdə aparılır:
- Birincisi, narkotacirlərin, narko-kuryerlərin qarşısının alınması, fəaliyyətinin məhdudlaşdırılması məqsədilə cəzaların sərtləşdirilməsidir. Çünki narkomaniya onların vasitəsilə geniş yayılır. İkincisi isə mübarizənin tibbi-sosial tərəfidir. Bura narkomaniyanın qarşısının alınmasında profilaktik tədbirlərin həyata keçirilməsi, geniş maarifləndirmə işlərinin aparılması daxildir. Bu da uyğun bir strategiyadır. Birinci istiqamət məlumdur. Cəzaların sərtləşdirilməsi narkotik maddələrin qanunsuz dövriyyəsi, saxlanması, satışı, yayılmasıyla məşğul olanların qarşısının kəsilməsində faydalı ola bilər. Lakin bu da məlumdur ki, cəzalar heç də həmişə lazımi effekt vermir. Ona görə ikinci istiqamətə də xüsusi diqqət ayrılmalıdır. Narkomaniyaya qarşı geniş profilaktik-müalicə şəbəkəsi yaradılmalıdır. Burada həm məsələnin tibbi tərəfi, həm də sosioloji tərəfi var. Narko-asılılıq yaranmış şəxslər ciddi müalicə almalıdır. Həm də təkcə tibbi deyil, sosioloji müalicə də. Bu da ailələrin müalicə prosesinə qoşulması, ailənin, valideynin nəzarəti, şagirddirsə məktəbin, tələbədirsə ali məktəbin, təhsil müəssisəsinin nəzarəti, şəxsin normal, sağlam həyata qayıtması üçün müxtəlif sosial layihələrin, qabaqlayıcı tədbirlərin görülməsi, şəxsin problemlərinin, onun hansı səbəblərdən narkomaniyaya qurşandığının aşkarlanması kimi bir sıra vacib məqamları əhatə edir. Kompleks tədbirlər görülməsə, təkcə cəzaları sərtləşdirməklə, ya da tibbi müalicə ilə istənilən nəticə əldə edilməz.
Ə.Nuriyev qeyd etdi ki, narkomaniya ilə mübarizədə transsərhəd əməkdaşlığına ehtiyac var:
- Məlumdur ki, Azərbaycan ərazisinə narkotik vasitələr Əfqanıstan-İran xətti ilə daxil olur. Bu ölkələrlə Azərbaycanın istər gömrük, istərsə də hüquq-mühafizə orqanları arasında əməkdaşlıq var. Həmçinin transsərhəd əməkdaşlığının əhatəsi də genişlənməlidir. Azərbaycan dövləti öz sərhədlərini bərpa edib artıq. 30 ilə yaxın bir müddətdə nəzarətsiz qalan və erməni separatçılarının narkoticarət və narkotik maddələrin yetişdirilməsi məqsədilə istifadə etdiyi ərazilər işğaldan azad edilib və artıq dövlətimizin nəzarətindədir. Bu mənada transsərhəd əməkdaşlığının genişləndirilməsinə də ehtiyac var. Bilirsiz ki, hazırda müxtəlif narkotik maddələr, sintetik narkotiklər də dövriyyədədir. Mübarizə nə qədər güclənirsə, narkomaniya da əhatə dairəsini genişləndirməyə çalışır. Narkotacirlər sakit dayanmır, yeni-yeni yollar, vasitələr axtarırlar. Bu cinayətkar şəbəkəyə qarşı ictimai dirəniş də vacibdir. Bu işlər yalnız cəzalarla, maarifləndirmə ilə olmur. İctimaiyyətin dəstəyi çox önəmlidir. Hamımız bilməliyik ki, narkomaniya sabah bizim, ailəmizin də qapısını döyə bilər. Ailəmizin, övladlarımızın, bütövlükdə millətin sağlamlığını, genefondunu qorumaq üçün hər birimiz çalışıb ictimai dirəniş formalaşdırmalıyıq. Hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirir.
Lakin bu azdır. Uşaq və yeniyetmələr, gənclərlə işləyən, cəmiyyətin mənəvi-psixoloji sağlamlığının qorunmasına cavabdeh olan qurumlar da çalışmalı və hüquq-mühafizə orqanlarının işinə dəstək verməlidirlər. Bunu milli maraqlarımız tələb edir. Cəmiyyətin sağlamlaşmasına hər kəs bacardığı qədər dəstək olmalıdır.