Onlayn mənzil satışını dövlətin elektron platformasına inteqrə etmək düzgün qərar deyildi
“MİDA tərəfindən keçirilən “Güzəştli mənzillər"in satışı ilə bağlı uzun müddətdir narazılıqlar davam edir. Xatırladım ki, mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halı ilə bağlı Güzəştli mənzil sistemi vasitəsilə 30 mart 2022-ci ildə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri də ləğv edildi.
Sonuncu satışın təxirə salınması da çox təəssüfləndirici bir haldır”. Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin mənzillərin satışa çıxarılması zamanı sistemin çökməsi və insanların elektron hökumət portalına daxil ola bilməməsinə aydınlıq gətirən internet-media eksperti Səbuhi Abbasov deyib.
S.Abbasovun sözlərinə görə, “ASAN login” sisteminin çökməsini hər birimiz müşahidə elədik. Amma burada problem təkcə bu sistemin yüklənməsi ilə bitmir.
Əsas problem e GOV.az-ın çökməsidir: “Bir neçə mühüm dövlət qurumları Elektron Hökumətə inteqrasiya olunub. Bu o deməkdir ki, həmin vaxt sadəcə MİDA tərəfindən həyata keçirilən satış təxirə salınmadı, eyni zamanda bir neçə dövlət qurumunun işi iflic vəziyyətə düşüb.
Bir çox ölkələrdə bu cür proseslərin dəqiq və ehtimal olunan tərəfləri hesablanır. Ehtimal olunan tərəf gün ərzində şərti olaraq 50 istifadəçinin daxil olduğu e Gov.az-a onlayn mənzil satışı zamanı ən azı əlavə olaraq da 50 min istifadəçinin girişini nəzərə almaq lazımdır.
Bunu ən azı sistemin özünün təhlükəsizliyi üçün etmək lazımdır. e Gov .az və “ASAN login” sistemlərinin tətbiqi milyonlarla dollara başa gəlib və kifayət qədər mühüm dövlət əhəmiyyətli sənədlər o sistemin yaddaşına köçürülüb”.
Ekspert deyib ki, mənzil satışının təxirə düşməsinin məhz kiber- hücumlarla əlaqələndirilməsi çox xoşagəlməz və təəssüfləndirici bir haldır. Milyonlar bahasına tətbiq edilən sistemlərə kiber hücumlar bu qədər asan olmamalıdır:
“Sistem bütün müdaxilələrdən müdafiə olunmalıdır. Kimlərinsə qeyri-peşəkarlığı və ya məsuliyyətsizliyi səbəbindən bu dəfə də yüzlərlə ailə mənzil almaq şanslarını itirdilər. Sözsüz ki, yaxın günlərdə satış yenidən elan olunacaq və DTX-nin nəzarəti altında keçirilən onlayn satışın obyektivliyi təmin ediləcək. Amma satış zamanı yaranan problem göstərdi ki, kibercinayətkarlar istənilən vaxt bir neçə dövlət qurumunun inteqrə olunduğu e GOV.aza hücum edib, sistemin işini iflic edir və və bütün məlumatları əldə edir. Bu, kifayət qədər ciddi problemdir. Dövlətin ayırdığı milyonlarla vəsait sırf kiberhücumların qarşısını almağa və unikal sistem qurulmasına görə hesablanıb. Hər dəfə eyni problemin yaranması göstərir ki, bu sahədə işləyən insanlar qeyri-peşəkardır. Ümumiyyətlə, araşdırmaq lazımdır ki, bəlkə yenə də muzdlu hakerlərin müdaxiləsi olub”.
S.Abbasovun sözlərinə görə, onlayn mənzil satışını dövlətin elektron platformasına inteqrə etmək düzgün qərar deyildi. Bunun üçün yüksək təhlükəsizliyə malik ayrıca bir sistem yaradılmalı idi: “Güzəştli mənzillər"in satışı birbaşa aztəminatlı əhalinin sosial rifahının yüksəldilməsinə hesablanıb. Bu platformanın gələcək perspektivlərini, gələcəkdə daha çox mənzillərin inşası nəzərə alınaraq mənzil satışı üçün ayrıca bir sistem yaradılmalı və satışa mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Elə bir sistem yaradılmalıdır ki, güzəştlə mənzil əldə etmək hüququna sahib olan vətəndaşlar rahat şəkildə sistemə daxil olub, öz mənzillərini seçmək imkanı əldə etsinlər. MİDA tərəfindən həyata keçirilən satışları onlayn yox, növbəlilik prinsipi ilə də həyata keçirmək olar. Amma bu zaman sui-istifadə, qanun pozuntuları müşahidə oluna bilər. Ən yaxşısı MİDA heç bir dövlət platformasından asılı olmayan unikal sistem qurmalı və onlayn satışı davam etdirməlidir”.