Azər Allahverənov: "Dövlət bayrağının şəhid ailəsinə kim tərəfindən təqdim edilməsi önəmli deyil"
"İndiki halda biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirməliyik. Bölücülük aparmamalıyıq"
Dövlət bayrağının şəhid valideynlərinə icra başçıları, məmurlar tərəfindən təqdim olunması, günlərdir müzakirə predmetinə çevrilib. Şəhidlərin dəfn mərasimlərindən internet resurslarda fotolar paylaşılır, hər fotoya fərqli münasibət sərgilənir. Bəzən vətəndaşlar dövlət bayrağımızın şəhid atasına, anasına və ya ailə üzvlərindən başqa birisinə icra başçısı, icra nümayəndələrinin təqdim etdiyini qınayır, tənqid edirlər. Tənqid hədəfi birbaşa icra başçısı və ya hansısa məmur deyil, tənqidə məruz qalan bu şəxslərin dəfnin ağır ab-havasına uyum saxlamamalarıdır. Kədərdən beli bükülmüş şəhid atasının qarşısında dayanan məmurun ütülü görünüşü, şıq görünüşü, kostyumu, qalstuku, səliqə ilə daranmış saçları ümumi mənzərəyə yad görünür və bu da insanlarda qıcıq yaradır.
Əksəriyyət belə hesab edir ki, şəhid valideyninə dövlət bayrağını səngər yoldaşlarından biri, əsgər, yaxud zabit heyətindən birisi təqdim etməlidir. Bir halda ki, şəhidin cənazəsini əsgərlər çiyinlərinə alıb gətirir, dövlət bayrağını da onlar təqdim etsin. Məmurların şəhid dəfnindəki soyuq davranışı sosial şəbəkələrdə tənqid olunur, onlar haqqında “heç olmasa, sifətlərinə kədərli ifadə versinlər”, “adicə empatiya qurmaq bacarıqları da yoxdur, qalmışdı hələ rəhbər olsunlar”, kimi sözlər yazılır.
Məlumdur ki, empatiya - özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini də ehtiva edir. Yəni “dərdin mənim dərdimdir”, demək və bunu əyani nümayiş etdirmək. İcra hakimiyyətləri nümayəndələri məhz bu empatiyanı qura bilməməkdə günahlandırılır. Halbuki, paytaxtda, bölgələrdə də rayon icra hakimiyyətləri şəhid dəfnlərinin, yas mərasimlərinin təşkilində aparıcı rola malikdir. Bəs niyə onlara qarşı antipatiya mövcuddur?
İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu, şəhidlərlə bağlı olduğu üçün həssas mövzudur:
- Məsələ bundadır ki, dövlət bayrağının kim tərəfindən, necə təqdim olunmasıyla bağlı hə hansı protokol qaydası, təqdimetmə üsulu yoxdur. Problem məsələyə hansı baxış bucağından baxılmasındadır. Şəxsən mənim üçün bayrağın kim tərəfindən təqdim edilməsi önəmli deyil. Əsas, müqəddəs saydığımız dövlət bayrağının təqdim edilməsidir, yəni əsas bayraqdır! Mən də izləyirəm, görürəm, xoşagəlməz statuslar paylaşılır. Tutaq, kiminsə mimikasında kədər yoxdu, məhz o anı tutur, onu da paylaşır, tirajlayırlar. Hesab edirəm ki, bu, qərəzli yanaşmadır. Konkret hansısa icra hakimiyyəti başçısı hədəfə alınır, qınaq obyektinə çevrilir, barəsində qeyri-etik ifadələr işlədilməyə başlanır. Bu, doğru deyil və burada aşkar qərəz var. 1990-cı illəri yadımıza salaq.
Şəhidlərin dəfn mərasimlərində icra başçıları çoxmu iştirak edirdi? Mənim bibim oğlu şəhid olmuşdu, icra başçısı handan-hana “ayılıb”, üzr istəyirəm, bir dana göndərdi, atam geri qaytardı ki, ehtiyac yoxdu. Yəni biz həmin günləri də görmüşük. Getdikcə, şəhidlərin dəfniylə bağlı müəyyən qaydalar formalaşmağa başladı. İndi icra başçıları, məmurlar, millət vəkilləri də yas mərasimlərində iştirak edir. Burada qərəz axtarmaq, kiminsə duruşunu, üzündəki hansısa ifadəni əldə bayraq edib tənqidə məruz qoymaq, bunu gündəmə çevirmək bizə yaraşmaz. Nəzərə almalıyıq ki, şəhid ailəsi onsuz da kədərlidir, hüzünlüdür, psixoloji sarsıntı içindədirlər.
Belə vəziyyətdə bir tərəfdən kimlərsə “filankəs ağlamadı, dərdinə şərik olmadı” deyib onları əlavə basqı altına salmamalıdır. Sosial qruplar arasında aqressivliyə səbəb olacaq paylaşımlar da yanlışdır. İndiki halda biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirməliyik. Bölücülük aparmamalıyıq. Önəmli olan nəyin uğrunda şəhidliyə ucalmaqdır. Bayrağın kim tərəfindən təqdim edildiyi yox.