"Elə bilirlər burnunu kəsdirəndə özgüvənləri yerinə gələcək"
Azad İsazadə: "Xarici görünüşünü dəyişmək istəyən insanların 90 faizi öz daxilində natamamlıq kompleksi yaşayır"
Azərbaycanda intihar hadisələri tüğyan edir. Az qala hər gün bir neçə şəxsin özünə qəsdi barədə xəbərlər eşidirik. İntihar edən şəxslərin yaşları kimi, ölüm səbəbləri də fərqlidir. Hətta bir çoxlarınınkı müəmmalı olaraq qalır. İntihar edənlərin əksəriyyətini isə gənclər və yeniyetmələr təşkil edir. Əvvəllər gənc yaşda olan birinin həyatına qəsd etməsi adama dəhşətli yuxu kimi görünürdü. Aylarla, hətta illərlə həmin hadisə müzakirə mövzusuna çevrilirdi. Amma indi vəziyyət dəyişib. Gənclər arasında intihar "trend” olub. Düzdür, bəzən insanların, xüsusən də gənclərin özünə qəsdinin arxasında intihara məcburetmə faktorları dayanır. Bəzən də insan elə bir psixologiyada olur ki, səbəbsiz yerə intihar edir. Normal həyatı ola-ola təsəvvüründə gərgin mühit yaradır və həmin mühitin təsiri ilə özünə qəsd edir. Gəncləri intihara vadar edən səbəblər arasında komplekslər mühüm yer tutur. Xarici görünüşlərini bəyənməyən, həyatının bu görünüşlə davam edəcəyindən qorxanlar üçün ölüm ən asan yol kimi görünür. Qeyd edək ki, ötən günlərdə yaşadığı evdə özünü asan Azərbaycan Tibb Universitetinin tələbəsi Əli Quliyevin də qulaqlarına qarşı kompleksi olub. Bir dəfə estetik əməliyyat keçirən Əli Quliyev nəticədən razı qalmayıb. İkinci dəfə əməliyyat etdirmək istədikdə isə həkimlər buna icazə verməyib. Bu səbəbdən o, özünü öldürmək qərarına gəlib.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Azad İsazadə isə “Şərq”ə açıqlamasında deyib ki, insanlar adətən özlərini bəyənmirlər, səsi, videoları və sairə xoşuna gəlmir. Və daimi çalışır ki, plastik əməliyyatla öz formasını daha da yaxşı etsin. Bu da psixoloji amillərə ziddir və çıxış yolu kimi yalnız plastik əməliyyat düşünülür. Halbuki, reallıqda biz bilirik ki, heç də əməliyyatların hamısı uğurlu olmur və insan daha da pis görünür.
Konkret olaraq bu gəncin intihar səbəbini müzakirə etmək çətindir. Çünki fakt barədə detallardan xəbərsizəm: “Amma praktikama əsasən deyə bilərəm ki, Sovet dövründə plastik əməliyyatlar çox az idi və ancaq Moskvada, mərkəzi klinikalarda aparılırdı. Orada nəinki hərtərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi lazım idi. İstisnasız əməliyyat etdirmək istəyən insanlardan öncə psixiatr qəbulunda olduğuna dair arayış tələb olunurdu. Plastik əməliyyat təbii ki, cərrahi əməliyyatdır və istər-istəməz burada lazımi tələblər daha ciddi olmalıdır.
Həkim əmin olmalıdı idi ki, əməliyyat edəcəyi xəstə hansısa psixoloji faktorun, ətrafdakı insanların mənəvi təsiri altında deyil. Mən özüm də bir neçə dəfə fiziki qüsurlarına görə estetik əməliyyat etdirmək istəyən insanlara müsbət rəy vermişəm. Amma bir pasiyentimə imtina rəyi verdim və özbaşıma yox, ümumi komissiyanının rəyi əsasında. İndi isə zəmanə fərqlidir. İnsanlar ehtiyac oldu-olmadı plastik əməliyyatlara üz tuturlar. Xüsusən də daxilən natamamlıq kompleksi yaşayan insanlar elə bilir ki, burnunu kəsdirib, dodağını böyütsə, yaxud qulağını kiçiltsə, özgüvəni yerinə gələcək və o, daha qüsurlarına görə özünə qapanmayacaq. Halbuki, bütün bunların həlli xaricdə yox, daxildədir. Məhz bu səbəbdən əməliyyatı uğursuz alınan insanların psixologiyası daha da pozulur. Estetik cərrahlar əməliyyatdan əvvəl və sonra öz pasiyentlərini psixoloqa yönləndirməlidir. Hazırda plastik əməliyyatlar aparan çoxlu sayda klinikalar var. Çox zaman müayinələr düzgün aparılmır və sonda faciəli nəticə yaranır. Olur ki, müayinə düzgün aparılmır, insan narkozdan ayılmır və yaxud əməliyyat uğurlu aparılmır, xəstə narazı qalır. Tez-tez rastlaşırıq ki, bəzi plastik əməliyyatları hətta gözəllik salonlarında aparırlar. Çox zaman bu, mənfi təsir göstərir. Bunun üçün də bu məsələyə ciddi nəzarət olunmalı, klinikalarda çalışan həkimlərin peşəkarlığı yoxlanılmalıdır".
Psixoloqun sözlərinə görə, xarici görünüşündəki qüsurları özünə dərd edib, həmişə kompleksli gəzən insanlar adətən iradəsi və özgüvəni zəif olan insanlardır. Bəzən deyirlər ətrafdakılar bizə lağ edir, amma bütün bunlar da bəhanədir: “Xarici görünüşünü dəyişmək istəyən insanların 90 faizi öz daxilində natamamlıq kompleksi yaşayır. O qədər fiziki qüsurlu insanlar var ki, öz həyatlarına normal şəkildə davam edirlər və ətrafdakıların nə düşündüyünə heç bir əhəmiyyət vermirlər. Əsas olan insanın özünü olduğu kimi qəbul etməsidir. Özünü bütün qüsurları ilə sevən insanı ətrafındakı insanlar da o cür sevib hörmət edir. İnsanın fiziki qüsuru, xarici görünüşündəki nöqsan onun həyatı və sağlamlığı üçün təhlükə yaratmırsa, bunun üçün narahat olmağa, əməliyyat etdirməyə əsas deyil. Burun əməliyyatı o halda vacibdir ki, burundakı əyrilik nəfəsalmada çətinlik yaradır. Bizdə isə insanlar burun əyriliyi o yana qalsın, bir balaca uzun və ya enli olan kimi gedib kəsdirirlər ki, pis görünürdüm. Kiminsə xoşuna gəlmək üçün bu cür böyük risklər almaq absurddur. Həm də ki estetika məsələsi çox fərqlidir. Hər kəsin bir zövqü var. İnsanların xoşuna gəlmək üçün burnunu kəsdirən insanlar var ki, yenə də kimlərinsə xoşuna gəlməyəcək”.