Şəhid qardaşının videosu araşdırılmalı, xalq nəticəni görməlidir

Tural Abbaslı: "Əks təqdirdə bu ləkə Müdafiə Nazirliyinin üzərində qalacaq"


  “Şəhid qardaşının üzr videosu cəmiyyətdə çox böyük ajiotaj yaratdı. Bu da təbiidir. Əslində bu videonu çəkən və yayan adamlar da bilməli idi ki, şəhid qardaşına qarşı edilən bu  qanunsuzluq və özbaşınalıq bağışlanmayacaq və üstəlik, ordumuzun adına ləkə gətirəcək”. Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı  hadisəylə bağlı “Şərq”ə açıqlamasında deyib. 
  T.Abbaslının fikrincə, Baş Prokurorluq məsələ ilə bağlı araşdırmalarını iki istiqamət üzrə aparmalıdır. Əvvəlcə bu videonun çəkilməsində və paylaşılmasında marağı və əli olan şəxslər tapılıb məsuliyyətə cəlb olunmalıdır. Həmçinin  6000 manat  rüşvət alan  şəxslər də mütləq cəzalandırılmalıdır. 

  T.Abbaslının sözlərinə görə, bu videonun arxasında daha böyük maraqlar var. Fikir versəniz, son 3-4 gün   Azərbaycan Ordusunun fədakarlığı, qəhrəmanlığı, verdiyimiz onlarla şəhid, əldə olunan hərbi nailiyyətlər hamısı  bu xəbərin fonunda  kölgədə qaldı:

 “Ölkənin ictimai mühitində, sosial şəbəkələrdə  Müdafiə Nazirliyi  qəfildən əsas  tənqid hədəfinə çevrildi. Demək ki, bu videonun çəkilməsi, ondan öncə səsləndirilən iddialar heç də təsadüfi deyil.  Hesab edirəm ki, araşdırma zamanı Baş Prokurorluq bu məsələlərə də diqqət etməlidir. Araşdırmaların uzun-uzadı aparılmasına da gərək yoxdur. Şəhidimizin qardaşıyla söhbət edib, videonun harda, kimlər tərəfindən çəkildiyini öyrənmək nə çətin işdir ki!? Onsuz da artıq videonun kimlər tərəfindən çəkilməsi və necə yayılması  hər kəsə bəllidir. Ola bilsin, prokurorluq da  bu şəxslərin ifşa olunmasında maraqlı deyil. İctimai qınağı nəzərə alaraq, bir növ gözdən pərdə asmaq üçün hadisəylə bağlı iş açıb, istintaq  apardıqlarını bəyan ediblər. 

Amma aidiyyəti qurumlar bilməlidir ki, araşdırmaların nəticəsi olaraq  cəmiyyəti təmin edəcək faktlar aşkarlanmasa, rüşvət alan şəxslər və şəhid qardaşından üzr istədib onun videosunu çəkib paylaşan qüvvələr məsuliyyətə cəlb olunmadığı təqdirdə bu ləkə Müdafiə Nazirliyinin üzərində qalacaq”.