Daha potensiallı kadrlar vergi orqanlarına işə cəlb olunurlar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarında və rayon vergilər şöbələrində (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edib.
Müsabiqənin keçirilməsində məqsəd dövlət vergi orqanlarının regionlarda yerləşən strukturlarının kadr ehtiyacını qarşılamaq, eyni zamanda potensiallı gəncləri dövlət vergi orqanlarına işə qəbul etməkdir. Bu, dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci müsabiqədir.
Vergi məsələləri üzrə ekspert Anar Bayramovun sözlərinə görə, müsabiqənin keçirilməsində yeni yanaşmalar
yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşünə malik gənclərin müəyyən edilərək dövlət vergi orqanlarına işə qəbul olunması məqsədilə müsabiqə qaydalarında bir sıra dəyişikliklər edilib:
“Belə ki, hüquq sahəsi istisna olmaqla, digər sahələr üzrə namizədlər üçün ixtisas məhdudiyyəti götürülüb və qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində ali təhsilə malik bütün vətəndaşların müsabiqədə iştirakına açıq və bərabər imkanlar yaradılıb.
Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, bütün ixtisaslar üzrə test imtahanının sual bankından vergilər və vergitutma üzrə suallar çıxarılıb, əvəzində namizədlərin dünyagörüşünü, xüsusən də Azərbaycanın digər sahə qanunvericilik aktları, tarixi, coğrafiyası, müasir beynəlxalq münasibətləri, dünyada baş verən yeni tendensiyalarla bağlı biliklərini, məntiqi düşüncə səviyyəsini və bacarığını ölçən testlərdən ibarət yeni sual bazası hazırlanıb”.
Ekspert deyib ki, dəyişikliklərin edilməsində əsas məqsəd gənclərə dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün daha geniş imkan yaratmaq, daha potensiallı gəncləri müəyyən edərək işə qəbul etmək, onların vergilər və vergitutma sahəsində zəruri peşə biliklərini və bacarıqlarını nəzəri və praktiki təlimlər vasitəsilə artırmaq və dövlət vergi orqanları üçün hazırlıqlı kadr yetişdirməkdir.
Qeyd edək ki, işə qəbul Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq qaydada, müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq.