Qoca Nensi Pelosi gərginliyi artırdı
ABŞ regionda sülhü, birgəyaşayışı yox, separatizmi dəstəkləyir
Ermənistana səfər etmiş ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi son sərhəd toqquşmasında Azərbaycanı günahlandırıb. O, ölkəmizi Ermənistan ərazisinə "qanunsuz hücumda" ittiham edib. Pelosi deyib ki, ABŞ "həmsədr" kimi aydın və çoxdan bəyan edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil: “Biz münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə çalışmaq istəyirik. "Dağlıq Qarabağ münaqişəsi" danışıqlar yolu ilə həll edilir. Ermənistan bizim üçün vacibdir və Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını, Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik”. Pelosinin İrəvandan səsləndirdiyi sərsəm bəyanatlar Azərbaycan rəsmiləri və ictimaiyyətin sərt reaksiyasına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi Pelosinin açıqlamasını əsassız, ədalətsiz və qəbuledilməz adlandırıb:
"N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir. Bu kimi birtərəfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə, gərginliyin artmasına xidmət edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir".
Türkiyə parlamentinin sədri Mustafa Şentop Pelosinin açıqlamalarını cavabsız qoymayıb. O bildirib ki, Pelosinin Ermənistana səfərini xoşniyyətli bir hərəkət kimi görmür: "Bir çox beynəlxalq təşkilatın Ermənistanı işğalçı elan etdiyi bu 28 illik müddətdə heç bir addım atmayan, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistana səfər etməsi bölgədə barışa, eləcə də dünyada barışa faydalı olmayacaq". İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də məsələyə reaksiya verib. Bildirib ki, Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artması heç bir region dövlətinin maraqlarına xidmət etmir: "Biz gərginliyi qızışdırmağı region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük. Çünki regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu, İranın prinsipial siyasətidir. Bu yanaşmadan kənar hər hansı yanaşmanı təxribat hesab edirik”.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Nensi Pelosinin verdiyi açıqlamalar separatizmə dəstəkdir. Deputatın sözlərinə görə, amerikalı rəsminin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir:
"Bir müddət öncə Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirmişdi. O, növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərdi. Heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır. Artıq 85 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfər zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir. Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə, 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı? Niyə Azərbaycana səfər etmədi?".
Parlament üzvü bəyan edib ki, 30 il ərzində işğalçı Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmamışıq: "Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanşamanın nümayiş etdirilməsinin səbəbi nədir? Sonda onu da qeyd edək ki, Pelosinin etdikləri səlibçi təfəkkürün parlaq nümunəsidir. Onun timsah göz yaşları isə bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır. Tarixdən hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımı məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane olur".
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da deyib ki, ABŞ Nümayəndələr Palatasının qalmaqallı spikeri Nensi Pelosi onsuz da bütün dünyada qızışdırıcı siyasətçi kimi tanınır. Onun sözlərinə görə, Pelosi İrəvana hərbi təxribatın səbəblərini və səbəbkarını axtarmağa gəlməyib:
"Onun məqsədi əsl həqiqəti üzə çıxarmaq deyil. Pelosi düşmən ölkənin paytaxtına məhz Azərbaycanı hədəfə almaq və Ermənistanı Rusiya ilə, o cümlədən KTMT ilə üz-üzə qoymağa gəlib. Bunu Pelosinin səsləndirdiyi "Əgər Ermənistan KTMT-ni tərk edərsə, ABŞ onu silahlandırmağa və təhlükəsizliyini təmin etməyə hazırdır", ifadəsindən də görmək mümkündür. Ermənilərin bu gün İrəvanda Amerika bayraqları ilə Rusiya əleyhinə aksiya keçirməsi və Ermənistanın KTMT-dən çıxmasını tələb etmələri də Pelosinin səfərinin əsl məqsədini üzə çıxarmış olur. Əslində Cənubi Qafqazdakı hazırkı kritik durumda Co Bayden Administrasiyası İrəvana Nensi Pelosi kimi qatı ermənipərəsti və müharibə "qırğı"sını yox, bölgədə qalıcı sülhün bərqərar olmasına töhfə verə biləcək sülhsevər diplomatları göndərməliydi. Çünki Pelosi kimi türk düşmənlərinin İrəvana səfərləri Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa heç nəyə xidmət etmir".
Partiya rəhbərinin sözlərinə görə, Ermənistan kimi təcavüzkar və terrorçu ölkənin yanında dayanmaq, ona dəstək vermək ABŞ kimi supergüc üçün rüsvayçılıqdır: "Pelosinin saxta "soyqırımı" abidəsinin üzərində axıtdığı gözyaşları isə uğursuz siyasi "şou"dan başqa bir şey deyil".