Problemin qarşısını cəza ilə almaq mümkün deyil
Gərək bütün ictimai nəqliyyat tamamilə nağdsız ödəniş sisteminə keçsin
Bakıda avtobus sürücüsünə qarşı xuliqanlıq edən Elnarə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xatırladaq ki, hadisə Səbail rayonu Ö.F.Nemanzadə küçəsində yerləşən dayanacaqda qeydə alınmışdı. Elnarə Vəliyeva dayanacaqda 6 nömrəli avtobusa minib. Qadın avtobusların gec gəldiyindən işə gecikdiyini bildirib və sürücüdən avtobusu hərəkət etdirməyini tələb edib. Sürücü Elmir Mirzəyev isə avtobusu qrafik üzrə hərəkət etdirməli olduğunu sərnişinin diqqətinə çatdırıb. Bundan sonra tərəflər arasında mübahisə düşüb.
Elnarə Vəliyeva çantasında olan qozçəkən alətlə sürücüyə zərbələr vurub. Nəticədə sürücü baş nahiyəsindən xəsarət alıb. Hadisə ilə bağlı Elnarə Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı. Dünən Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə müttəhimə hökm oxunub. Hökmə əsasən, Elnarə Vəliyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və barəsində 1 il sınaq müddəti seçilib.
Sərnişinin cəzalanması sürücü-sərnişin münasibətlərinin normallaşması, ictimai nəqliyyatda etik davranış qaydalarına riayət edilməsi üçün müsbət president ola bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında qadın sərnişinin cinayət məsuliyyətinə cəlb edilməsinin ictimai nəqliyyatda qayda-qanun yaradacağını güman etmədiyini bildirdi:
- Düşünmürəm ki, sərnişinin məsuliyyətə cəlb edilməsi sürücü-sərnişin münasibətlərinin yaxşılaşması, yaxud da ictimai nəqliyyatda etik davranış qaydalarına daha artıq riayət edilməsi üçün müsbət bir president olsun.
Sürücülər təlimata uyğun davranmalıdır. Əgər sərnişin qaydalara zidd tələb irəli sürürsə, sürücü əvvəlcə sakit bir şəkildə bunu sərnişinin nəzərinə çatdırmalıdır. Sərnişin qanunsuz tələbində israr edirsə, sürücü avtobusu kənara çəkib saxlamalı və sərnişindən avtobusu tərk etməsini tələb etməlidir.
Sərnişin buna rəğmən yenə də qeyri-adekvat davranış sərgiləyirsə, sürücü polisə müraciət etməli və sərnişin barəsində hüquqi çərçivədə ölçü götürülməlidir. Bəli, sərnişinlərlə sürücü arasında təəssüf ki, xoşagəlməz münasibətlərin, kobud davranışların şahidi oluruq. Bu, belə də davam edəcək, o vaxta qədər ki, ictimai nəqliyyat tamamilə nağdsız ödəniş sisteminə keçəcək.
“Bakı-kart”la işləyən avtobuslarda biz sürücü-sərnişin qarşıdurmasının az şahidi oluruq. Hamı artıq anlayıb ki, kartla işləyən avtobuslar dayancaqdan kənar saxlamır və müəyyən edilmiş qrafiklə çalışır. Hansı avtobuslarda nağd ödənişlər hələ də qalmaqdadır, qarşıdurmalar ən çox orada yaşanır. Sərnişin dayanacaqdan kənarda avtobusdan enmək istəyir, sürücü etiraz edir, sərnişinlər də “bayaq niyə saxlamışdın?! Özünüzə sərf edəndə harada istəsəniz saxlayırsınız...” belə təpkilər göstərir. Sərnişinlər narazı qalır, sürücü əsəbiləşir. Nağd ödənişlə çalışan sürücülər qrafikdən kənara çıxır, sərnişin toplamaq üçün gah sürəti artırır, gah azaldır, intervalı gah uzadır, gah da ildırım sürəti ilə hərəkət edirlər.
Paytaxtda bu problem 80 faiz həllini tapıb, Sumqayıtda isə vəziyyət hələ də bərbaddır. İctimai nəqliyyat nağd ödənişlə fəaliyyət göstərir, ona görə də sürücü-sərnişin qarşıdurmaları yaranır.