İslam mədəniyyətində birgəyaşayış təcrübəsinin öyrənilməsi önəmlidir

Natiqlər beynəlxalq simpoziumda vurğulayıblar var, bütün dinlər terrora, münaqişəyə yox, sülhə, qardaşlığa çağırır

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

  Dünən Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb. Simpozium Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzi tərəfindən birgə təşkil edilib. Tədbirin əvvəlində torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib və İlahiyyat İnstitutunun tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavəti səsləndirilib. İnstitutun rektoru, dosent Aqil Şirinov müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu nəzərə çatdırıb.

Bildirib ki, etiqadi və məzhəb zəminində baş verən ayrı-seçkilik və münaqişələr elm və irfandan uzaq olan bəzi dini qrupları müsəlman dünyasına yönəldilmiş planların könüllü iştirakçılarına çevirir: “Bütün bunlar bizi islam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə, islam mədəniyyətinin şifrələrini və bu mədəniyyətin müqəddəs mətnlərini doğru oxumağa sövq edir”. Simpoziumun islam mədəniyyətində birgəyaşayış təcrübəsinin tədqiqinə öz töhfəsini verəcəyindən əmin olduğunu vurğulayan Aİİ rektoru tədbirin işinə uğurlar arzulayıb. 

  Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov islamın əsas qaynaqlarından nümunələr gətirərək birgəyaşayış məsələsinə toxunub: "Sonrakı dövrlərdə, xüsusən də son bir neçə əsrdə Qərb mədəniyyətinin hakim mədəniyyətə çevrilməsi, islam mədəniyyətinin bu böyük ənənə və təcrübəsinə kölgə salıb. Əvəzində dinimizin və mədəniyyətimizin adı terror, ekstremizm, radikalizm və s. qavramlarla birgə anılmağa başlanılıb. Bu böyük mirası dünya ictimaiyyətinə təqdim və təbliğ etmədə çox aktiv olmalıyıq. İslam mədəniyyətinin bir parçası olan Azərbaycan da keçmişdən bu günə çox zəngin birgəyaşayış ənənələrinə sahibdir və dövlətimiz bu sahəyə bu gün də böyük diqqət göstərir. Etnik, mədəni, dini, məzhəb və s. cəhətdən müxtəlifliyin olduğu ölkəmizdəki birgəyaşayış mühiti bəşəriyyətin birgəyaşayışına öz töhfəsini verir. Bu mühit sadəcə qanunlara deyil, həm də kökləri dərində olan böyük mirasa söykənir”.

  Kırıkkale Universiteti islam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten qeyd edib ki, islam mədəni mühitinin birgəyaşayışla bağlı bir çox dəyərə və zəngin tarixi təcrübələrə sahib olduğunun şahidləriyik. O, qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayıb: 

"Bu meyl dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır". M.Erten “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb, gələn il Türkiyədə keçirilməsini təklif edib. 

  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev isə qeyd edib ki, dinimiz təkcə müsəlmanlara qayğı göstərməyi buyurmur: “Yanında köməyə ehtiyacı olan digər dinə mənsub şəxslər, hətta dinsiz şəxslər belə varsa, onlara yardım etməyi əmr edir. Birgəyaşayış, dinlərarası qardaşlıq, dostluq məhz bu əməllər üzərində qurulur, formalaşır. Əl-Bəqərə surəsində qeyd edilir ki, dində məcburiyyət yoxdur. Yəni ayinləri kiməsə məcburi surətdə qəbul etdirmək olmaz. İslamda həmçinin digər dinlərə mənsub şəxslərin ibadət yerlərinə də hörmətlə yanaşmaq buyurulur. Belə dəyərlər təkcə insanlar arasında deyil, eyni zamanda dövlətlərarası münasibətlərin də tənzimlənməsində böyük rol oynayır”. 
  Vurğulanıb ki, simpoziumun keçirilməsində məqsəd - islam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etməkdir. Həmçinin, müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq, müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaqdır. Həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır. 

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, müasir dünyamızın çağırışları fonunda birgəyaşayış təcrübəsinin öyrənilməsi, bölüşdürülməsi olduqca önəmlidir. O bildirib ki, bu gün bir sıra qlobal problemlər var. Bunlar arasında nüvə müharibəsi təhlükəsi, demoqrafiya, iqlim dəyişikliyi, terrorizm və s. qeyd etmək olar: “Bu problemlər həllini tapmasa dünyamız böyük təhlükə ilə üzləşə bilər. Dünyada bu gün 160-a qədər münaqişə var. Bunlar 3 yerə bölünür: Tam sükunətdə olan, hər zaman alovlana bilən və hazırda davam edən münaqişələr. Hazırda dünya əhalisinin sayı 8 milyarda çatıb, halbuki, 200 il öncə 1 milyard insan var idi. Əhalinin çoxluğu bir sıra problemləri də özü ilə gətirir. Milyonlarla insan aclıq və susuzluqdan əziyyət çəkirlər. Filosoflar qeyd edir ki, həqiqətə gedən yol təcrübədədir. Birgəyaşayış təcrübəsi dedikdə təkcə islam coğrafiyasında olan birgəyaşayışı deyil, digər dinlərarası birgəyaşayışı da nəzərdə tuturuq. Bu gün dünya əhalisinin 25 faizi və planetimizin torpaq sahəsinin 19 faizi islam coğrafiyasının payına düşür. Hazırda 120 ölkədə islam ümməti var. İslam dini, islam mədəniyyəti dünyadakı proseslərə böyük təsir edir. Azərbaycan da islam dininin geniş yayıldığı ölkələrdəndir. Ölkəmizdə digər dinlərə münasibəti nəzərə alsaq, birgəyaşayışın bütün dünyaya örnək ola biləcəyini vurğulamaq olar".

  Mübariz Qurbanlı qeyd edib ki, islamı bu gün terrora bağlamağa çalışırlar: 

“Bu istiqamətdə müəyyən təşəbbüslər var. Lakin ekstremizmlə dini birgə tutmaq olmaz. Dünyada bütün dinlər terrora, münaqişəyə yox, sülhə, qardaşlığa çağırır”. 
  Azərbaycandakı tolerantlıq mühiti ilə bağlı danışan millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, birgəyaşayış sağlam ictimai münasibətlər mühitinin formalaşması, fərdi və sosial planda təhlükəsizliyin təmin olunması üçün əvəzedilməz dəyərdir. Deputat bəyan edib ki, birgəyaşayış demokratik və multikultural cəmiyyətimizin əsas dəyərlərindən biri kimi, ölkəmiz üçün də əhəmiyyəti gedərək artan məsələlərdəndir: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı hər zaman yüksək olub. Biz Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin davamlı olaraq məscidləri ziyarət etdiklərinin şahidi oluruq. Bu, özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Ağdamda, Şuşada, Zəngilanda bilavasitə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları inşa, təmir və bərpa olunur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağa və Şərqi Zəngəzura bütün səfərlərində məscidlərə gedərək orada dualar edirlər. Hətta özləri ilə bərabər apardıqları Quranı da məscidlərə hədiyyə edirlər. Eyni zamanda bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir, Şuşa və Zəngilan məscidləri Fond tərəfindən təmir və bərpa olunur. Eyni zamanda bu işlər Şuşada və digər ərazilərdə gedir. Həmçinin, Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük. Son illər Bakıda Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda islam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib və elə təqdim edilir". 
  Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyevin din sahəsinə böyük diqqət və qayğısının göstəricisi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır: "Bu İnstitut bölgənin aparıcı ali dini təhsil müəssisələrindən birinə çevrilib. Onu da qeyd edək ki, Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir. Qeyd olunanlara əsasən tam əminliklə söyləyə bilərik ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və mutlikulturalizm mərkəzlərindən birinə çevrilib".