Müharibə insanları daimi nəzarətdə olmalı, psixoloji reabilitasiyadan keçməlidir
Azad İsazadə: "Biz onlarla işləyirik və görürük ki, bu insanlar arasında ailə zorakılığı həddindən artıq çoxalıb. Özləri də bunu etiraf edirlər"
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir.
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.
Bu barədə jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyevanın sözlərinə görə, ötən müddət ərzində 345 vətəndaşa, o cümlədən 33 uşağa 511 seans psixoloji yardım göstərilib.
Son iki il ərzində isə Bakıda, Gəncədə, Lənkəranda, Qəbələdə və Sumqayıtda 2200-dən çox qazinin psixoloji müalicəsi həyata keçirilib.
Türkiyədən Azərbaycana gələn 21 nəfərlik psixoloq qrupunun rəhbəri Selcuk Demirtaş isə nəticələrin müsbət olduğundan bəhs edib: “Müharibədən gələn qazilərdə travma sonrası stres problemi deyilən bir sindrom yaranıb. Müharibə səbəbilə insanların aldığı travmalarda müxtəlif simptomlar olur. Bu simptomların ən əsası yuxusuzluq, daha sonra ciddi baş ağrıları, diksinərək yuxudan oyanma, aqressivlik kimi hallardır. Qazilər yenidən müayinəyə gəldiyi zaman bu problemlərin bir çoxunun aradan qalxdığını müşahidə edirik.
Seansların 6 ay ərzində davam etməsi nəzərdə tutulub. Amma müraciət artdıqca müayinələrə davam edəcəyik. Hazırda 21 nəfərik və Fövqəladə Hallar Nazirliyinin 7 psixoloqu ilə birgə 6 şəhərdə xidmət göstəririk”.
Ölkəmizdə müharibə iştirakçılarına psixoloji yardım edən hərbi ekspert, psixoloq Azad İsazadə isə "Şərq"ə açıqlamasında bu sahədə görüləcək işlərin hələ çox olduğunu deyib: "Bu insanların hər biri müharibədə insan öldürüb, dostlarını itirib, ölüm qorxusuyla yaşayıb, daimi aqressiv vəziyyətdə olub. Vaxtilə hərbi psixologiya qurumu olmadığına görə hərbçilərimizlə hərbi hissələrdə psixoloji iş aparılmayıb. Bunlar ordudan qorxu və aqressiyayla ailələrinə qayıdıblar. Düzdür, eləsi var müharibə müddətində yaralanmayıb, amma reallıqda o qazidir, psixoloji travma keçirib və 2 ilə yaxındır ki, bu vəziyyətdə yaşayıb.
Düzdür, Türkiyədən dəvət olunan psixoloq qrupunun köməyi ilə ölkəmizdə müharibə travması almış şəxslərə pis-yaxşı psixoloji dəstək göstərilir, amma say azdır və bunu fiziki baxımından çatdırmaq mümkün deyil. Bu reabilitasiyanı mütəmadi aparmaq lazımdır, yəni bir-iki görüş konsultativi, dərmanla bu məsələni həll etmək mümkün deyil.
Biz onlarla işləyirik və görürük ki, bu insanlar arasında ailə zorakılığı həddindən artıq çoxalıb. Özləri də bunu etiraf edirlər. Ona görə bu insanlara həddindən artıq çox böyük proqram formasında psixososial reabilitasiyalar lazımdır”.
Psixoloqun sözlərinə görə, sadəcə əsgərlər deyil, müharibə görmüş və travma almış hər kəs psixoloji yardım almalı və gələcəkdə ehtiyac yarandıqda psixososial reabilitasiya keçməlidir: "Bunun üçün də ölkəmizdə müharibə travması almış şəxslərə psixoloji dəstək göstərən mərkəzlərin sayı artırılmalıdır ki, daha əlçatan olsunlar. Bu gün böyük şəhərlərdə belə mərkəzlər yaranıb. İştirakçıların 50 faizi yəqin ki, rayon və kəndlərdə yaşayır. Onların bu yardıma əlləri çatmır. Bəzən belə yardımların olduğunu və hardasa göstərildiyini bilmirlər. Yaxşı olardı ki, türk psixoloqları gəlsin və hansısa konkret fərdə real kömək etsinlər. Amma biz başa düşməliyik ki, bu proses uzun müddətlidir. Bu problemlər 1-2 ildən sonra da olacaq, hansısa başqa formada. Sözsüz ki, zərərçəkmiş əhaliyə yerlərdə yardımı yaxınlaşdırmaq lazımdır.
Eyni zamanda beyinlərdəki stereotiplər qırılmalıdır. Yanımıza gələn qazilər belə inanmırlar ki, biz onlara kömək edə bilərik. Sadəcə, kimsə məsləhət görüb gəliblər. Bizə şübhəylə yaxınlaşırlar. Bizim marağımız nədir və onlardan nə umacağıq? Amma birinci görüş zamanı görürlər ki, biz ona qulaq asırıq, danışmağa imkan veririk. Biləndə ki, bu yardım pulsuzdur və onlardan heç nə gözləmirik, o zaman görürük ki, onlar yavaş-yavaş yumşalırlar”.