Bir gündə 7 nəfər həyatını itirdi


Şəhərdə təcrübəsiz sürücülərin sayı dəfələrlə artıb

  Bakıda avtomobil qadını vuraraq öldürüb. Nəticədə piyada hadisə yerində ölüb. Hadisə  paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb.
  Paytaxt sakini, 1994-cü il təvəllüdlü Məmmədov Sabir Sahib oğlu idarə etdiyi "Haval" markalı avtomobillə şəxsiyyəti məlum olmayan 30-35 yaş arası piyada qadını vurub.
  Bakının Xətai rayonunda isə 34 yaşlı kişini avtomobil vurub. 1988-ci il təvəllüdlü Məhərrəmov Aydın Şərif oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

  Ötən gün isə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.
  Bu barədə "Şərq"ə  Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, nəticədə 7 nəfər ölüb.

  Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov  isə "Şərq"ə açıqlamasında deyib ki, şəhərdə təcrübəsiz sürücülər hədsiz çoxdur. Onlar yollarda təhlükəli manevrlər edib qəza vəziyyəti yaradırlar. Ekspertə görə, qəzaların baş verməsində tək həmin sürücülər günahkar deyil. Piyadaların da səhlənkarlığının payı var. E. Cəfərov 
həmçinin ölkəmizdə bir çox yolların bərbad vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, yollardakı vəziyyət bir çox hallarda qəzalara gətirib çıxarır: "Burada yolların xətlənməsi, nizamlanması və təbii ki, işıqlandırılması nəzərdə tutulur. Bu gün ölkəmizdə elə şəhərlərarası əhəmiyyətli magistral yollar var ki, onlar heç işıqlandırılmayıb, qaranlıqdır və çala-çuxurdur. Qəzaların çox olmasının səbəbləri də bütün bu infrastrukturun standartlara cavab verməməsi və vaxtlı-vaxtında təmir edilməməsidir”.

Ekspertin fikrincə, qəzaların baş verməsinin əsas səbəblərindən biri sürücülərin qaydalara əməl etməməsi və məsuliyyətsizliyidir: “Bu gün bir çox sürücülər dönmə hərəkətini həyata keçirərkən dönmə işıqlarından istifadə etmirlər. Hava qaranlıq olanda işıqlandırmadan zəif istifadə edirlər. 

Bunlar təbii ki, qəzaların baş verməsinin əsas səbəbləridir. Birinci dərəcəli magistral yollar əslində təhlükəsiz sayılmalıdır. Lakin biz görürük ki, hətta bu yollarda da müəyyən çatışmazlıqlar olur.  
  Eyni zamanda Azərbaycanda yararsız və istismar müddətini başa vurmuş avtomobillərin sayı çoxdur. 
  Bu səbəbdən də köhnə avtomobillərlə törədilən qəzalar daha çox  ağır xəsarətlər və ya ölümlə nəticələnir.

Müasir avtomobillər daha təhlükəsiz hazırlanır və istehsalçılar qəza vaxtı insanların mümkün qədər az xəsarət almalarına önəm verirlər. Yəni ki, Azərbaycanda qəzaların qarşısını almaq üçün bir yox, hərtərəfli qaydada işlər gürülməlidir. 

Bunun da əsas və ən yaxşı üsulu  dövlət proqramını hissə-hissə həyata keçirməkdir. Xatırladım ki,  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” hazırlanıb. Mükəmməl proqram olmasına baxmayaraq, müddəaların icrası bir çox dövlət qurumları tərəfindən ləngidilir. Proqramda qəzaların sayının azaldılması üçün konkret istiqamətlər qeyd olunub. Bir növ yol xəritəsi hazırlanıb".