Nyu-York danışıqları hələ başlanğıcdır

ABŞ tərəfləri sülh masasına çəkməklə maraqlarını güdür

Aydın görünür ki, Vaşinqton qlobal düzənin Cənubi Qafqaz teatrında hegemonluq taxtı qura bilməyib

  Nyu-Yorkda Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Entoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə görüş üçün təşəkkür edib: "Hər iki liderlə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər. Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”. 

  Üçtərəfli görüşü "Şərq"ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Blinkenin Ceyhun Bayramovla Ararat Mirzoyanı görüşdürməsi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ABŞ-ın rolunu qabartmaqdır. Analitikə görə, sərhəddəki genişmiqyaslı döyüşlərdən sonra ortaya çıxan düyünlərin açılmasında ABŞ-ın təşəbbüskarlığı daha çox regionda Rusiya orbitinin daralmasına xidmət edir: 

"Hərçənd, sərhəd toqquşmalarının yedəyində ABŞ Cənubi Qafqazdakı regional dinamikaya əhəmiyyətli təsir etmək imkanlarını Rusiyaya uduzdu. İndi Vaşinqton itkilərindən irəli gələn dilemmaları çözməyə çalışır və vahid yanaşma tətbiq etmək istəyir. Hərbi əməliyyatlar və onun Azərbaycanın xeyrinə dəyişilən siyasi xəritə üzərindəki nəticələri Vaşinqtonu passivlikdən çıxarıb aktiv hərəkətlərə vadar edir. ABŞ-ın dünya hegemonluğunun Cənubi Qafqaza keçidinin qarşısında Rusiya dayanır. Vaşinqton ehtiyat edir ki, Moskva dominantlığını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində saxlamağı bacaracaq. Mütləq qeyd edilməlidir ki, ABŞ qlobal düzənin Cənubi Qafqaz teatrında hegemonluq taxtı qura bilməyib. Yaranan boşluğu isə onun rəqibi olan Rusiya hərbi-siyasi iştirak sferasında, digər “düşməni” Çin isə regional iqtisadi layihələrdə doldurmağa can atır".    A.Kərimov bəyan edib ki, Rusiya Cənubi Qafqaza özünün müstəsna təsir dairəsi kimi baxmaqda prinsipialdır: "Məsuliyyət dərəcəsinin bölüşdürülməsi və üzərindəki yükü azaltmaq üçün isə Türkiyə ilə birgə maraqların formalaşmasına çalışır. ABŞ da geosiyasi məqsədlər üçün “dinc dayanmır". Rusiya Ukraynadakı bəzi hərbi-siyasi uğursuzluqlar kompleksini özünün canlanmasında fürsətlərə çevirmək üçün Cənubi Qafqaza dair hansısa yeni plan hazırlayır. ABŞ Rusiyaya qarşı səyləri gücləndirmək kampaniyasında Türkiyəni öz tərəfində tutmaq niyyətindədir. Amma yürütdüyü siyasət Ankaranı Moskva ilə yaxınlaşdırır. 

  Görünür, Amerika problemlər və çətinliklərlə üzləşsə də, Cənubi Qafqaz süfrəsinə əliboş gəlmir. Ağ Evin Cənubi Qafqaz siyasətində iddialı gündəlik formalaşdırmasının səbəbləri sırasında onun Gürcüstanı da əldən buraxmamaq prinsipləri dayanır. Kreml maraqlarının sıxışdırılmasına cavab olaraq ABŞ-a qarşı Gürcüstan kartını oynaya bilər. Azərbaycan öz ordusunu gücləndirməklə və Ermənistana qarşı hərbi əməliyyatlar senarisini masada saxlamaqla Rusiya və Qərb arasındakı tarazlığı nəzərə alaraq faydalı nəticələr hasil olunmasına çalışacaq. Bakının balans siyasəti o məna hasil etmir ki, özünün təhlükəsizlik maraqlarını balansın tərəfindəki uclara qurban verəcək. 

Azərbaycan hələlik Rusiyanın Ermənistana qəzəbli münasibətindən istifadə edir, ancaq Qərbdə İrəvana qarşı hirsli bir ox yaranmayıb. Azərbaycan regional və beynəlxalq mövqelərdə balans dəyişsə belə, Ermənistan üzərindəki təzyiqlərini saxlayacaq və bunu mümkün hərbi əməliyyatlarla ədəbiləşdirəcək".